adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2017 15:45
12715
MƏMLƏKƏT
A- A+

Keçid dövrünün piyada keçidləri

Paytaxt yollarında piyada keçidləri ilə bağlı problem tam olaraq aradan qaldırılmayıb. Bəzi qəsəbələrdə yaşayış massivləri arasında piyada keçidi olmayan geniş yollar var. Xətai rayonunda dəmir yolu körpüsü adlanan ərazidə bir çox həyət evləri salınıb. Sözügedən körpünün olduğu yol isə ikitərəfli və geniş yoldur. Ərazinin ağ şəhər layihəsi çərçivəsində plana alınması isə ayrı bir dərddir. Çünki gələcəkdə plana alınmış ərazidə yerləşən həyət evlərinin söküləcəyi bildirilir. Bu isə piyada keçidinin salınması ümidini daha da söndürür. Sözügedən massivdə yolun bir tərəfində yüzlərlə ailənin yaşadığı həyət evləri, digər tərəfində isə hündür mərtəbəli yeni tikili yerləşir. Sakinlərin verdiyi məlumata görə, həmin binada yaşayan imkanlı şəxslərdən biri əraziyə heç olmasa işıqforum qoyulması üçün səy göstərəcəyini bildirib. İnsanlar deyir ki, işıqfor qoyulsa, heç olmasa piyada keçidi tikilməsə də olar. Ərazidə apardığımız müşahidələr zamanı şahid olduğumuz mənzərə qorxunc idi. Xüsusən günün axşam saatlarında ikitərəfli yolun hər iki tərəfində avtomobillər şütüyürdü. Yolun bu üzündən digər tərəfinə keçəndə elə bil qıl körpüsündən keçirsən. Ümidini Allah tapşırısanki, birdən o dünyalıq olaram.

Piyada keçidləri nə vəziyyətdədir?

Ölkədə piyada keçidlərinin sayı gün-gündən artırılırsa da lazımi şəkildə təchiz olunmur. Bəzən onların ventilyasiya sistemi yaddan çıxır, bəzən pəncərələri olmur. Bəzən də yeraltı keçidlərin yanında həm də yerüstü keçidlər tikirlər. Bəzi yerlərdə piyada zolağı piyadalara lazım olan yerdən çox aralıda olur. Bu zaman cərimədən qorxan piyada isti havada, qarda-yağışda piyada zolağına qədər olan 500-600 metr yolu qət etməli olur. Çox zaman da bu yolu qət etmək istəməyən piyada yolu istədiyi yerdən keçir. Keçidlərin sayı çox olsa da bu kimi səbəblərdən ondan istifadə edənlərin sayı kifayət qədər olmur. Bu cür mənzərələr regionlarda da özünü göstərir. Məsələn, Quba şəhərinin mərkəzində istifadəyə verilmiş yerüstü keçid var ki, ondan da heç kim istifadə etmir. Ötən ilə kimi şəhər icra hakimiyyəti həmin keçidin girişlərinə dəmir qapılar qoyaraq bağlayıb. Çünki şəhər sakinləri oradan keçid kimi yox, ictimai tualet kimi istifadə edirdilər. Verilən məlumata görə, həmin keçidin sökülməsi müzakirə mövzusu deyil. Demək olar ki, yerüstü keçidlər dövlətin uğursuz layihələri sırasında yer alır.

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda yerləşən piyada keçidləri araşdırılıb. Agentliyin baş direktoru Vüsal Kərimli bildirib ki, ümumilikdə 413 piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib: "Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan işıqforla nizamlanması haqqında təklif aidiyyəti üzrə göndərilib. Bundan əlavə, yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflər hazırlanaraq Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib".

Yol-nəqliyyatı üzrə ekspert Elməddin Muradlı "Cümhuriyyət”ə bildirib ki, keçidlər tikilərkən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılır:

"Yerüstü keçidlər tikilərkən ilk növbədə bir xronometraj aparılmalıdır ki, burdan nə qədər əhali keçir və nə dərəcədə effektli olacaq. Doğrudan da bəzən avtobus dayanacaqlarından 500 metr kənarda yerüstü keçid tikirlər. İnsanlar oradan istifadə etmirlər. Tərəfdarı deyiləm ki, keçid aralıdadırsa, piyada mütləq yolun ortasından keçməlidir. Əsla, belə bir şey olmamalıdır. Sadəcə keçidlər tikilərkən istifadəyə yararlı olması nəzərə alınmalıdır.

Türkiyədə belə bir təcrübə var ki, onlar yerüstü keçidlər tikərkən xronometraj aparırlar. Belə ki, keçid tikmək istədikləri ərazilərdə öncədən yaşıllıqlar əkirlər. Bir ay ərzində müşahidə aparırlar ki, ot daha çox harada tapdalanıb. Bu təsbit edildikdən sonra keçidi də həmin yerdən salırlar.

Təəssüflər olsun ki, Azərbaycanda əvvəlki illərin təcrübəsindən istifadə edirlər. Nəqliyyat Nazirliyinin yol tikintisinə nəzarət edən vaxtlar pərakəndəlik hökm sürdü. Nobel prospektində 1 kilometrdən bir yerüstü keçid tikilib. Amma bu kimə lazımdır? Nobel prospektində kifayət qədər yararsız keçidlər var. Yaşlı və uşaqlı insanları da nəzərə almaq lazımdır. Bütün hallarda iş sistemli şəkildə aparılmalıdır. Aidiyyəti orqanlar da məsuliyyət hissi keçirməlidir ki, bura milyonlarla vəsait xərclənir”.

Ekspert hesab edir ki, gələcəkdə piyada zolaqları yeraltı və yerüstü keçidlərlə əvəz edilməlidir.

Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli isə deyir ki, yeraltı və yerüstü keçidlərin əksəriyyətindəki pantuslar əlillərin istifadəsi üçün yararsızdır: "Çünki indiyədək standartlar yox idi və hər kəs bu işləri istədiyi formada edirdi. Bununla bağlı standartlar hazırlayaraq 2012-ci ildə Nazirlər Kabinetinə göndərdik. Bu günlərdə cavab aldıq ki, həmin sənədin üzərində işlənilir və yaxın vaxtlarda qəbul ediləcək. Qanunvericilikdə nəzərdə tutulan bu kimi işlərin indiyədək yerinə yetirilməməsi məmurların işlərinə səhlənkarlıqla yanaşması ilə bağlı olub. Bəzi yeraltı keçidlərdə görüntü xatirinə pantuslar qoyulsa da, onların əksəriyyəti standartlara cavab vermir. Halbuki bu, ciddi maliyyə tutumlu iş deyil. Hökumət istəsə, bunu qısa vaxtda həyata keçirə bilər. Sadəcə problemin həlli üçün cəmiyyətlə məmurların istəyi üst-üstə düşməli və kompleks yanaşma tətbiq edilməlidir”.

Vətəndaş məsuliyyətsizliyi

Arxada qoyduğumuz ilin statistikasına görə yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil edib və nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaq və yeniyetmə həlak olub, 181 nəfər yaralanıb. Rəsmi dövlət qurumunun açıqlamasından bəlli olur ki, insanların avtoqəzalara səbəb ola biləcək hərəkətlərindən çəkindirmək üçün aparılan maarifləndirmə işi yetərli deyil. Baş verən qəzalarda piyadaların vurulmasında çox vaxt günah zərərçəkmişin özündə olur. Məsələn, yaxınlıqda yerüstü və ya yeraltı piyada keçidi olmasına rəğmən çox vaxt vətəndaşlarımız yolu qaça-qaça keçməyə üstünlük verirlər. Bu da nəticədə bədbəxt hadisələrin yaranmasına səbəb olur. Bəzən marşrut avtobusundan düşən sərnişinlər yolu adlamaq istəyərkən avtobusun önündən keçirlər. Bu da çox risklidir. Çünki 2-ci yoldan gələn sürücü onu qəfil görür və əyləcə basa bilməsə, piyada ölə bilər.

Hüquqşünas Ərşad Hüseynovdeyir ki, piyada keçidlərində eskalator yoxdu deyə yolu keçmək düzgün yanaşma deyil: "Hazırda sürətli yolların əksəriyyətində piyada keçidləri quraşdırılıb. İstər yerüstü, istərsə də yeraltı keçidlərin hündürlüyü o qədər də yüksək deyil. İstənilən piyada 10-15 addımlıq həmin pilləkənləri qalxa bilər. Düzdür müəyyən əngəlli insanlar üçün xüsusi liftlərin və eskalatorların quraşdırılması zəruridir. Amma insanın 10-15 pilləkən qalxmayaraq həyatını təhlükəyə atması o deməkdir ki, o adam yaşamaq istəmir. Bununla da həm öz həyatını itirir, həm də başqa bir nəfərin həyatını məhv edir”. Ə.Hüseynov baş verən qəzalarda sürücülərin də günahsız olmadığı qənaətindədir: "Sürətli yollar olsa da, sürücü hər zaman təhlükə ilə rastlaşacağını nəzərə almalıdır. Çünki hətta piyada yolun qadağan olunan ərazisindən keçdiyi halda da sürücü ona yol verməli və onun həyatını təhlükəyə atmamalıdır. Amma elə sürücülərimiz var ki, adi yollarda da ən yüksək sürət həddini seçirlər. Sanki bizim ölkədə hər kəs harasa tələsir. Bu da sonra belə hadisələrin yaşanmasına səbəb olur”.

Bir sözlə, piyadaların keçidlərdən istifadə etmə qaydalarının pozulması əleyhinə təşkil olunan reydlərin və müşahidələrin dislokasiyası zaman-zaman dəyişdirilməlidir. Maarifləndirmə işi də yol hərəkəti iştirakçılarının bütün təbəqələrini, xüsusilə də bir-biri ilə əlaqəli olan hədəf qruplarını geniş şəkildə əhatə etməlidir. Keçidlər kifayət qədərdir. Ancaq problemi həlli təkcə kəmiyyət üstünlüyü ilə bitmir. Azərbaycan iqtisadi zəmində keçid dövrünün yaşayır. Belə bir vəziyyətdə iqtisadiyyatımızla paralel maariflənmə də önəmlidir.

Rüfət Soltan