adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Dekabr 2016 00:11
8126
MƏMLƏKƏT
A- A+

Həmrəyliyimiz...

31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İlin son günü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. Hazırda dünyanın əksər ölkələrində 400-dən çox diaspor təşkilatı üçrəngli bayrağımız altında uğurla fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. "Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. ...Bu tendensiya Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Dünya Azərbaycanlı Gəncləri Almaniyanın Frankfurt şəhərində bir araya gələrək özlərinin 1-ci konqresini keçirdilər. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbəri iştirak etdi. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım oldu.


SSRİ- son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı.
Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilmiş, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, milli diaspor təşkilatlarının yaradılmasına başlanılmışdır. Ulu öndər azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz, həm də xaricdə yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayaraq demişdir: "Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu.

2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi bir kəlam isə dilllər əzbərinə döndü... Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Ulu öndərimiz xaricə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onlara tövsiyyələrini verirdi... Hazırda Prezident İlham Əliyev də ulu öndərin bu estafetini də uğurla davam etdirir.

Dövlət başçısının 8 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının 2-ci qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü...Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndimə Şurasının toplantısında "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edildi.

2011-ci il iyulun 5-də isə Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirildi. Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı imzaladığı 21 yanvar 2011-ci il tarixli Sərəncamına uyqun olaraq keçirilən Dünya Azərbaycanlılarının 3-cü qurultayı dünyanın müxtəlif ölkələrindən yüzlərlə həmvətənimizi Azərbaycan paytaxtında bir araya gəldi. Və nəhayət bu ilin 3-4 iyun tarixində keçirilən Dünya azərbaycanlılarının IV qurultayı Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir oldu.