adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Dekabr 2016 18:38
10435
ELM VƏ TƏHSİL
A- A+

Qarabağ tarixini dərindən öyrənmək məktəbdən başlayır

Təhsil Nazirliyi bu gün Milli Məclisdə "Tarix” dərslikləri ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Təhsil Nazirliyindən Adalet.az-a daxil olan açıqlamada bildirilir ki, bu gün Azərbaycan cəmiyyətində vətəndaşlarımızı düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görülmüş, nizamlı Azərbaycan ordusu yaradılıb: "Bu gün prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlib, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan "Tarix” dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda, bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb”.

Açıqlamada qeyd olunur ki, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması, artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib: "Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan "Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib. Fakültativ kursun proqramı ilə yanaşı, tədris vəsaiti də hazırlanıb. "Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də Heydər Əliyevin, prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri əksini tapıb. Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb”.
Qeyd edək ki, Milli Məclisin bugunkü iclasında çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, bir qrup tarix müəllimi ona müraciət edib: "Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır. Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”
Deputat Yaqub Mahmudov bildirib ki, vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır: "Bunu başqa adlara bölmək ciddi təxribatdır”. 
Oqtay Əsədov məsələdən narahatlığını bildirərək İsa Həbibbəyliyə bunu araşdırmağı tapşırıb.