adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Dekabr 2016 15:59
13906
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Rektor əvəzi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və digər ayrı-ayrı ölkələrdə geniş qeyd olunduğunu bildirib.

Müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan Xalıq Yahudov Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Rektor əvəzi ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.

AzTU-nun Konstruksiya materialları kafedrasının müdiri Arif Məmmədov yerləşdiyimiz regiondakı geosiyasi vəziyyət, xüsusi ilə mənfur qonşularımızın bizə qarşı anti təbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu bildirib. Arif Məmmədov tələbələrə yaşadıqları yerdən asılı olmayaraq daima Vətənə sadiq, layiqli vətəndaş kimi yetişməyi, xidmət etməyi arzu edib.

Tədbirdə Universitetin ictimai işlərində fəallıq göstərən tələbələr AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin sertifikatı və müxtəlif hədiyələri ilə təltif olunublar.

Daha sonra tələbələrin hazırladığı maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tələbələr muğam, müasir və klassik estrada nümunələri və xarici mahnılar ifa ediblər.