adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Dekabr 2016 14:42
41081
ƏDƏBİYYAT
A- A+

“Dolu”-Qarabağ mövzusunda yazılmış ən yaxşı əsər

Bu günlərdə tanınmış yazıçı –publisist,millət vəkili Aqil Abbasın "Dolu”romanı İran İslam Respublikasında nəşr edildi.Bu xəbəri nəzərə alıb roman haqqında fikirlərimizi Faktinfo.az olaraq oxuculara təqdim edirik.

İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın qarşısında diz üstə düşmüşlər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər…

("Dolu” romanı, A.Abbas)

Qarabağ uğrunda gedən savaş başlayan gündən ədəbiyyatın bu savaşa münasibəti bu və ya digər şəkildə özünü göstərib. Təbii ki, ədəbiyyat yaradıcıları yazıçılar, şairlər ölkədə baş verən hər hansı ciddi ictimai-siyasi hadisəyə, qarşıya çıxan həlli müşkül problemə, ümummilli ağrıya dönən hadisələrə münasibətdə heç vaxt xəsislik göstərməyiblər. Bu sahədə poeziya daha çeviklik göstərdi, çünki poeziya olsa-olsa bu müharibənin göstəricilərinə şəxsi münasibəti ehtiva etməklə, onun gətirdiyi ağrıların ümumi mənzərəsini çəkməklə, yaxud ümumi, patriotik çağrışa tez başlayıb, tez də missiyasını başa vura bilir. Ancaq onu da vurğulamaq lazımdır ki, hər hansı müharibədən bəhs edən ən geniş bədii əsər belə deyək ki, trilogiya – həmin müharibənin yalnız müəyyən anlarını canlandıra bilir. Bu əsərlər müharibənin dəhşətlərini, əzablarını, çəkilməz ağrılarını, itkiləri canlandırsa da, baş verənlərin yüzdə-yüzü olmur. Eləcə də qeyd etməliyik ki, tərəflər arasında gedən müharibə qalib tərəfin yazarlarının yaratdığı ədəbiyyat daha çox təntənəli xarakter daşıyırsa, məğlub tərəfin yazarlarının yaratdığı ədəbi nümunələr öz qəhrəmanlarının portretini çəkməklə, uduzulmanın səbəblərini aramaqla, bu müharibənin onun xalqına gətirdiyi faciələri təsvir etməklə daha çox məşğul olur. İndi isə qarşımda yazıçı Aqil Abbasın "Dolu” adlı kitabı durur.Qeydsiz-şərtsiz bu əsəri Qarabağ müharibəsi mövzusunda yazılmış ən yaxşı, nümunəvi bir roman kimi qiymətləndirirəm. Bu roman ədəbi hadisədir. Aqil Abbas XX əsrin 80-ci illərinin sonluğuyla qısa zaman kəsiyini – təxminən 90-cı illərin sonluğuna yaxın dövrün daha əzablı, daha eybəcər, daha qorxunc faciəsinin təsvirini verə bilmişdir. Bəlkə də mənim müqayisələrim kiməsə kobud, kiməsə şişirtmə kimi görünə bilər, amma mən Aqil Abbasın bu əsərini Ç.Aytmatovun "Qiyamət”i ilə eyni ölçüdə görürəm.
Əsər realizmin bütün ovqatlarını özündə cəmləsə də, yazıçı hərdən hiss olunmayacaq ustalıqla mistik təfəkkür elementlərindən, romantik çalarlardan istifadə etməklə ona yeni bir bədii məziyyət verə bilib. Əsərdə bədii obyektlər həyatidirlər, həyatda olduqları qədər əsərdə də canlıdırlar, canlı olduqları qədər də inandırıcıdırlar. Görünməz müstəvi – Azərbaycandır, yazıçı onun bir dəfə də olsun adını çəkmir, xatırlatmır, ancaq adı çəkilməyən bu müstəvidəki mərkəz bəllidir – bu dünyanın ən varlı şəhəridir. Əslində bu, şərti ad konkret olaraq, Azərbaycanın bir şəhərini göstərən ad deyil, bu, ümumiləşdirilmiş bir mərkəzdir. Ancaq əsərdə baş verən hadisələr, bəzi açıqlanan adlar – İmarət, Gülablı kimi coğrafi adlar bu şəhərin daha çox Ağdama oxşadığına işarədir.
Eləcə də hadisələr və onların baş verdiyi məkan, hadisələrin dinamik inkişafını Ağdamın işğalına az qalan bir vaxtda məhz yazıçının göstərdiyi şəkildə olmasına zərrə qədər şəkk gətirmək lazım gəlmir. Bu əsər yazıçının öz təbirincə desək, "sağkən cəhənnəmi görmüşlərin” hekayətidir.
"Dolu” romanı təbiət hadisəsi olan dolunun yağmasının kiçik təsviri ilə başlayır. Bu təbiət möcüzəsinin dolunun səsli tökülüşünə bütün şəhər vaxtı ilə sevinclə, hay-küylə çölə atılırdısa, indi dünyanın ən varlı şəhərinə başqa bir "dolu”, "ölüm doluları” yağır. Əsərdə deyildiyi kimi "göydən dolu yağmırdı, əzrayıl yağırdı”. Bu dolunun əsərdə ilk vurduğu adam samboçu Eldar oldu. İkinci vurduğu isə xanəndə Baratın xanımıdı. Bu doludan "qrad” raketlərinin səsi gəlir. Və dünyanın ən varlı şəhərini döyəcləyən bu səslər sonrakı baş verəcək faciələr üçün sanki zəmin yaradır.
Əsərin yükünü çiynində çəkən, onun ağırlığını daşıyan üzdə olan müsbət xarakterli obrazlar Drakon, Pələng, Komandir, səhiyyə nazirinin müavini, katib, müəyyən anlamda rəis, ümumiləşdirilmiş vurğun vurmuş cavanlar aktivdirlər, hadisələrin mərkəzində dururlar. Bu cəbhə xəttinin biri açıq-aşkar onlar ilə üzbəüz atışan düşmənlə onların arasından keçir. Bunu onlar görür, onlar gördükləri bu düşmənlə savaşmaqdan qorxmurlar. Onlara qarşı vuruşan ikinci tərəf isə Viktor Petroviç Palyaniçkodur, nazirlərdir, at belində olan adamdır, "pravakator”lardı, bordağa bağlanmış buğaya dönən məmurlardır, sərxoş müdafiə naziridir.
Oxucunun rəğbətini sözsüz haqq edən Drakon, Pələng, Komandir obrazlarının müharibədən əvvəlki taleləri həsəd aparılası tale deyil. Onlara sovetlər birliyinin əxlaq kodeksi ilə yanaşsaq, kriminal aləmin nümayəndələridir. Drakon ləqəbli obraz hətta qanuni oğrudur. Ancaq bu müharibə onları müdafiəçiyə, əsgərə çevirib və onlar kiməsə minnət qoymadan, kimdənsə nəsə ummadan öz doğma yurd-yuvaları uğrunda vuruşan, özü də namuslu, əsl türk oğlu kimi çarpışan döyüşçülərdi.
Əsərdə maraqlı bir epizod var. Döyüşlərin birində erməni qızı əsr alınır. İntiqam almaq istəyən vurğun vurmuş cavanlar onu zorlamaq istəyir. Drakon onların qaşrısını kəsir, qoymur, hətta az qala silaha əl atmalı olur. Bəs onlar bizimkiləri zorlaya bilir? – sualına – biz emrəni deyilik – cavabını verir. Soyundurulmuş erməni qızı onu müdafiə edənin adını ha soruşsa da bir cavab eşidir – geyin! Sürüş burdan! – cavabını alır. Komandir erməni qızını buraxdığı üçün onu danlayanda – Komandir, mən arvad davası eləmirəm, torpaq davası eləyirəm – deyir. Bax budur, türk oğlunun düşməni belə heyrətə gətirən təmkinliyindən biri. Əsərin digər bir epizodunda var-dövlət yiyəsi, ən varlı şəhərin sayılıb-seçilən vəzifəlilərindən olan at belində olan adam müharibədə öldürülmüş Musa adlı şəhidin anasının qıçlarının kəsilməsi üçün lazım olan min manatı vermir. Drakon onun şalvarını çıxartmaq istəyəndə Pələng adlı müsbət obraz mane olur və əslində hər ikisinə düşmən olan bu şəxs üstündə qardaşdan artıq olan bu iki döyüşçü yumruq davasına çıxırlar. Şalvarı çıxarılmış kişi ən şərəfsiz adamdır, onsuz da şərəfi olmayan at belindəki adamı müdafiə edən Pələngə hardasa adam haqq qazandırır. Burada bircə məqam var. Musanın anasının ayaqlarını kəsmək üçün 1000 manat kimə veriləcəkdi? Bakıdakı həkimlərə…hə bax bu, o dövrün ürəkağrıdan mənzərələrindən biridi.

"Dolu” romanında hərəkətsiz obrazlarla da bağlı maraqlı məqamlar var. Bu məqamlar əsəri oxunaqlı etməklə bərabər, eyni zamanda obrazların xarakterlərini açıb göstərməyə xidmət edən bir vasitə rolunu oynayır. Rəşid Behbudovla – Pələng – Drakon obrazlarının üzləşdirilməsi məhz bu missiyanı yerinə yetirir.
Müəllifin hərdən bu əsərdə açıq-saçıq gülməyi də var. Yardım paylanışında vaxtı ilə heç nəyə gözünün ucu ilə baxmayanların indi hansı günə salındıqlarını əks etdirən məqamlarda adam özü-özünü danlamalı olur, – İlahi, gör bunlar bizi nə günə qoyublar, xəbərimiz yoxmuş – deyir.
Böyük Vətən Müharibəsində aldığı orden və medalları döşünə taxıb yardım almağa gələn qocaya – get o dəmir-dümürünü çıxart, bu gün yardım gətirənlər almanlardır – cümləsindən acı bir həqiqət əlini uzadıb adamın içini yumruqlayır. Eləcə də komandirin Bayıl türməsində yatdığı vaxtla bağlı yazıçının 37-ci ilin bir epizodunu – Ayna Sultanova ilə Həmid Sultanovun faciəsini əsərə hiss edilmədən, ustalıqla daxil etməsi əsərin xeyrinə olan elementlərdəndir.
Əslində bu əsər təzadların boy verib görsəndiyi bir əsərdir. Əsərdən qərib və qəribə talelər, ömürlər bir qırmızı xətt kimi gəlib keçir. Ədalət varmı? Həqiqət hardadır? Zaman dəyişdiyi qədər insanlar da dəyişirmi? Niyə uduzduq? Günah kimdədir? – tipli sualların cavabını "Dolu” romanında tapmaq mümkündür.Yazıçı heç kimi, heç nəyə səsləmir, hay-küylə intiqama səsləmir, kiməsə vətənpər ol didaktikasıyla üz tutmur, oxucunu özü ilə üz-üzə qoyur və sanki kim nəyin sorağındadırsa, özü tapsın deyir. Əsərin sonluğu da dolu yağmasının kiçik təsviri ilə bitir və onun bitməsindən az qala xəbərin olmur. Xəbərin olanda isə heyfslənirsən.

Məhəmməd peyğəmbəri daşlayanlar "Quran”ın qarşısında diz üstə düşmüşdülər və Tanrıdan bağışlanmalarını xahiş edirdilər.

("Dolu” Aqil Abbas)