adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2016 12:20
7786
ELM VƏ TƏHSİL
A- A+

Professor Əfqan Abdullayev ADU-nun professor-müəllim heyəti ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev universitetin professor-müəllim heyəti ilə iki görüş keçirib. ADU-nun bütün fakültə və kafedralarının professor-müəllim heyətini əhatə edən görüşdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradıldığını diqqətə çatdırıb. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahanda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görsünlər.

Ə.Abdullayev qeyd edib ki, imtahan qaydalarının pozulması hallarına göz yuman və buna şərait yaradan nəzarətçilər və fənn müəllimləri dərhal imtahandan kənarlaşdırılacaq. Belə halların qarşısını almaq üçün hər bir imtahandan əvvəl nəzarətçilər və fənn müəllimləri ilə görüş keçirilməli və müvafiq izahat işləri aparılmalıdır. Ə.Abdullayev bildirib ki, imtahanın təşkili və keçirilməsi ilə bağlı əsasnamə və təlimatları, habelə ADU üzrə əmrlərin tələblərini pozan şəxslər barədə ciddi tədbir görüləcək.

Görüşdə professor və müəllimlərin tədris prosesinin təşkili, bu prosesin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə cavab verməsinin təmin edilməsi ilə bağlı təklifləri də dinlənilib.