Ruhunla görüşdüm, sevindim...
Hər dəfə əlimi telefona uzadanda özümdən asılı olmadan gözümün önünə iki telefon nömrəsi gəlir. Onlardan biri Vahid Əlifoğlunun, ikincisi isə Vaqif Cəfərlinin. Mobil telefonumun yaddaşında qalan nömrələrdi. Qəribədi bu həyat. Biz adətən yanımızda, gözümüzün qabağında olanları o qədər də dəyərləndirmirik. Onların yerini, mənəvi çəkisini unuduruq. Amma itirəndən sonra sanki hər şey 360 dərəcə dəyişir və bir anlıq sağımızı, solmuzu boş görüb onda fərqinə varırıq ki, kimləri, nələri itirmişik!..
Şəxsən mən nəslimdən, qanımdan olan əzizlərimi həm bir zaman hökmüylə, həm də döyüş meydanında itirmişəm... Yəni şəhidliyin acısını yaşamışam, onlar üçün göz yaşı tökmüşəm. Amma tam səmimi deyirəm ki, ruh dostlarımın, ruh doğmalarımın itkisi məni həmişə ağrıdıbdı. Çünki mən onlarla güclü olmuşam, onlarla bölüşüb, paylaşıb yaşamışam. Bax, bu mənada Vahidi də, Vaqifi də heç cür unuda bilmirəm. Və...
Bu günlərdə dəyərli dostum, ağsaqqal həmkarım, qocaman jurnalist Polad Qasımovun iş otağında, daha doğrusu, yazı masasının üzərində bir kitab gördüm. Dərhal diqqətimi çəkdi. Bu, Vaqif Cəfərlinin seçilmiş əsərlərinin birinci cilidi idi. Kitabı mərhum Vaqifin doğmaları Polad müəllimə, yəni Vaqifin bir zamanlar işlədiyi "Kirpi" jurnalının baş redaktoruna aftoqrafla hədiyyə etmişdilər. Doğrusunu deyim ki, bu kitabın məndə olmaması bir az qəlbimə toxundu. Amma kitabın üz qabığından mənə baxan Vaqifin həmişəki kimi o mənalı baxışları incikliyi aradan qaldırdı və mən özündən sonra işıq üzü görmüş kitabı Polad müəllimin icazəsi ilə oxumaq üçün götürdüm...
Bəri başdan onu da əlavə edim ki, kitab Musa Ələkbərlinin naşirliyi ilə Əlağa Mehdiyev tərəfindən bir redaktor kimi çapa hazırlanıb. Kitabın buraxılışına məsul AYB-nin Beyləqan rayon nümayəndəliyinin sədri Mehman Əliyev, rəyçiləri AYB-nin Beyləqan bölməsinin sədri Asif Cəfərli və Bəhram Fərmanzadədi. Elə anatasiya səhifəsində göstərildiyi kimi, bu kitab xeyriyyəçilik məqsədilə Vaqif Cəfərlinin eloğulları tərəfindən çap olunub. Və nəzərdə tutulub ki, onun bütün külliyyatı bir neçə ciliddə Vaqifsevərlərə təqdim edilsin. Zənnimcə, bu, son dərəcə savab bir işdi və bu işdə əməyi olan hər kəsə mən Vaqifi sevərlərdən biri kimi öz təşəkkürümü bildirirəm. O ki qaldı kitaba...
Bəli, mən bu kitabda toplanmış şeirlərin əksəriyyətini Vaqifin öz dilindən eşitmişdim. Onların bəzilərini "Ədalət"də də çap etdirmişdim. Amma hamısını bir topa bənövşə kimi stolumun üstündə ilk dəfə görürdüm. Ona görə də şeirləri oxuduqca Vaqifin səsini də eşidirdim. Zarafatları da yaddaşımda təzələnirdi. Elə bilirdim ki, vətənə bu xeyir-duanı Vaqif hamının eşidəcəyi bir səslə dilə gətirir.
Dünya durduqca ay Vətən,
Xoş günün, xoş halın olsun.
Ətirli gülün, çiçəyin,
Bir də cah-cəlalın olsun.
Ömrümü vuraram başa,
Dönərəm torpağa, daşa.
Mən ölüm, tək sən yaşa,
Nə qəmin, məlalın olsun.
Sənsən adımız, sanımız,
Sənə qurbandı canımız.
Yolunda axan qanımız,
Hamısı halalın olsun...
Zənnimcə, bir övladın, bir şairin vətəninə sevgisini bu səmimiyyətlə, bu ürəklə ancaq Vaqif kimi həyata baxanlar, həyatı görənlər dilə gətirə bilərlər. Çünki Vaqif Cəfərli çəkdiyi ağrı-acının, əzabın içərisində həmişə işıq görübdü, ümid görübdü. Heç vaxt sabahdan əlini üzməyibdi. Onun əli həmişə Haqqın ətəyində olubdu. Baxmayaraq ki, o, çətinliklərin hər qatında dayanıb nəfəs almaq, güc toplamaq zorunda idi. Üstəlik, onun sağlamlığındakı durum da ikinci bir yük idi şair həyatına. Ona görə də yazırdı:
Güvənib gücünə ayaqlarımın,
Birtəhər girləyib baş gəzdirirəm.
Namərd adamlara atmağa bir gün,
Ödümün içində daş gəzdirirəm.
... Ağrını, əzabı hələ qoy çəkim,
Tanrı səbr yığıb səbrimin üstə.
Ödümdəki daşı çıxarıb, həkim,
Başdaşı qoyarsan qəbrimin üstə.
Bax, belə yazmışdı Vaqif. Bu şeir həm cəmiyyətdəki riyakalığa, haqsızlığa, ədalətsizliyə, həm öz durumunun çətinliklərinə və nəhayət, çox dəyərlərin ayaqaltı olmasına açıq-aşkar etiraz idi. Vaqif də hər şeyə pulun gözü ilə baxanlara bu cür etiraz edirdi. Mən Vaqifin kitabının birinci cilidində oxuduğum şeirlərin arasında:
Sınıb, əyilmiş adamam,
Böhtan deyilmiş adamam.
Haqqı yeyilmiş adamam,
Neynirsən məni a dünya! -
misralarının, eləcə də:
Əsəbi beyinlər dumandı, Vaqif,
Sabaha sağ çıxmaq gümandı, Vaqif.
Demə buynuzun var amandı, Vaqif,
Vurub buynuzunu yerə salarlar
- fikirlərini görməmək, duymamaq, dəyərləndirməmək mümkün deyil. Özü də bu misralar, bu fikirlər içdən gəldiyindən dərhal yaddaşa hopur, yaddaşda iz buraxır. Və bu iz sənin yol-yoldaşına çevrilir. Çünki Vaqif deyirdi ki:
Qaçma irəliyə, boylan, bax geri,
Arxanca dərd adlı qoşun gəlirmi?
Ay Vaqif, sənindi bu qəbir yeri,
Gör qəbir yerindən xoşun gəlirmi?
Mən indi bu şeirin sonuncu misrasını təkrar-təkrar oxuyub Vaqifə etiraz etmək istəyirəm ki, dostların qəlbində, ürəyində, ruhunda yaşayan adamın qəbir yerinin ölçüsü, üstünün təmtəraqı heç bir əhəmiyyət kəsb etmir. Çünki o yaşayır, o diridi, o dostlarla bir yerdədi. Elə bu kitabda da dostlarına, dəyər verdiyi insanlara, müəllimlərinə, övladlarına kifayət qədər şeirlər ithaf edib. Adına şeir bağışladığı insanlar arasında Polad Qasımov da var, elə mən də. Və Vaqifin seçilmiş əsərlərinin birinci cilidi haqqında atüstü yazdığım bu bir neçə kəlməni onun mənə ünvanladığı misralarla bitirmək istəyirəm.
Göydən yerə duman düşüb,
Ürəyimə güman düşüb.
Ay Əbülfət, yaman düşüb,
Yada nilufər çiçəyi.
Hə, Vaqif Cəfərli, biz ruhən bu gün də bir yerdəyik, sabah da bir yerdə olacağıq. Və həmişə sənin nəfəsini, sənin özünəməxsus poeziya çələngini yaddaşımda daşıyacam - həm oxumaq üçün, həm də öyrənmək üçün. Ruhun şad olsun!