adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Dekabr 2016 18:50
9717
MƏDƏNİYYƏT
A- A+

80 yaşlı Tarix İnstitutu hazırda öz intibahını yaşayır

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 2016-cı il üzrə son iclası keçirilib. İclasda şura üzvləri AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış ediliblər.

Toplantıda çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. O, qeyd edib ki, tarix ixtisası üzrə AMEA-nın həqiqi üzvü üçün 3 yer, müxbir üzv üçün isə 1 yer ayrılıb.

Tarix İnstitutunun Elmi Şurası tərəfindən AMEA-nın həqiqi üzvlüyünə seçkilərdə iştirak etmək üçün AMEA-nın müxbir üzvləri Nərgiz Axundova və Yaqub Mahmudovun namizədlikləri irəli sürülüb.

Çıxış edən tarixçi-alimlər Cəbi Bəhramov, Məryəm Seyidbəyli, Tofiq Nəcəfli, İradə Bağırova, Tofiq Mustafazadə, Şahin Fazil və başqaları N.Axundova və Y.Mahmudovun elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndiriblər.

İclasda bildirilib ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub. Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli qeyd edib ki, institutda son 12 il ərzində 350-ə yaxın kitab çap olunub. Qeyd edək ki, bu göstərici ümumiyyətlə 2004-cü ilədək - 65 il ərzində Tarix İnstitutunda çap olunmuş kitabların sayından daha çoxdur.

Tarixçi-alim Tofiq Mustafazadə çıxışında bildirib ki, 80 yaşlı Tarix İnstitutu hazırda öz intibahını yaşayır: ""İtirilmiş torpaqların tarixi” problemi çərçivəsində Tarix İnstitutunda qısa müddət ərzində İrəvanın, Qarabağın, Naxçıvanın, Göyçə və Zəngəzurun, Şimal-Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin, habelə Cənubi Azərbaycanın tarixi ciddi araşdırılmağa başlamış, fundamental tədqiqat əsərləri yazılmışdır”.

Xatırladaq ki, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Tofiq Mustafazadəyə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi” fəxri adı verilib.

Toplantıda Tarix İnstitutunun "Elmi Əsərləri” adlı jurnalının ingilis dilində çap olunması da qərara alınıb. Jurnalın məsul katibi isə institutun "Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Faiq qızı Axundova təyin olunub.

Sonda Yaqub Mahmudov bildirib ki, 2016-cı il Tarix İnstitutu üçün məhsuldar olub: "Bu il "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (ispan və ərəb dillərində), "Real tarix və "Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), "Azərbaycan Respublikasının tarixi” ikicildliyi, "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - "İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, "İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, "Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub”.