adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Dekabr 2016 16:15
46773
TEXNOLOGİYA
A- A+

Osman Gündüz: Son günlər internetə girişdə problemlər yaşanır

"Son günlərdə Azərbaycan internetinin keyfiyyəti hiss olunacaq dərəcədə pisliyə doğru dəyişib. Həmçinin, bəzi milli internet resurslara girişlə bağlı problemlər yaranıb.

Son bir neçə gündə isə hətta İT sahəsindən yazan bloqçular, biznes, elm-təhsil yönümlü sayt sahibləri bəzi provayderlər üzərindən resursların açılmasında problemlərlə üzləşdiyini bildirirlər”.

Adalet.az  xəbər verir ki, bunu Azərbaycanİnternet Forumununprezidenti Osman Gündüz sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, sosial mediada mərc oyunları ilə bağlı bəzi beynəlxalq resurslara girişlərdə məhdudiyyətlərin olması ilə bağlı müzakirələr gedir:

"Görünən budur ki, bütün bu məhdudiyyətlər pərakəndə halda baş verir. Bəzi resurslar bir neçə provayderlərdə normal işləyir, digərlərində isə giriş bloklanıb. Görəsən, bunun səbəbi nədir? Nə baş verir? Nə üçün bununla bağlı rəsmi açıqlamalar verilmir?

AİF olaraq biz qanunvericiliklə məhdudlaşdırılması vacib olan resursların ola biləcəyini istisna etmirik. Amma bütün bunlarla bağlı rəsmi açıqlamaların verilməsi, ayrı-seçkiliklərin olmaması, məhdudlaşdırmaların hüquqi əsaslarının göstərilməsi çox vacibdir.

Düşünürük ki, bu kimi addımlar sonda həm Azərbaycanın beynəlxalq imici, internetin azadlığı,həmçinin də ölkədə rəqəmsal sahibkarlığın, internet biznesin inkişafı üçün ciddi problemlər yarada bilər.

Həmçinin bu cür pərakəndə formada bloklama, rəsmi yanaşmaların olmaması sonda milyonlarla vəsait xərclənərək qurulan Regional Data Mərkəzdən qlobal resursların da istifadəsinə ciddi problemlər yarada bilər. Ümid edirik ki rəsmi qurumlar bununla bağlı açıqlamalar verəcəklər”.