adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Dekabr 2018 11:19
24245
GÜNDƏM
A- A+

Şaxta babaya MƏKTUB

Adalet.az Oğuz Ayvazın "Şaxta babaya məktub" yazısını təqdim edir:


Bilirəm, başın qarışıq olar. Zatən, hər yeni il ərəfəsi vaxt tapmırsan. Çox güman ki, bizim tərəflərə də baş çəkməzsən. Eşitdim ki, sən getdiyin yerlərdə uşaqların yazdığı məktubu oxuyub onlara istədiyi hədiyyələri verirsənmiş.


Gəlməyəcəyini, bizim yerlərə baş çəkməyəcəyini bildiyim halda yenə də yazmaq istədim. Onsuz da gəlsən nə bir yolka ağacı taparsan, nə də geniş bir ailə. Bəlkə də bizim tutuquşları görüb, oturub bizimlə bir araq da vurarsan. Kədərlənərsən, o qədər iztirab çəkərsən ki, saçın-saqqalın tökülər, olarsan keçəl Həsən.


Şaxta baba gəlməmişdən əvvəl sənə onu deyim ki, bizim balaca, tabut darlığında bir evimiz var. Yəni, o nağıllardakı kimi bacadan gələ bilməzsən, bəlkə pəncərədən içəri keçə bilərsən. Çox səs-küy eləsən quşlarımız Milena və Kafka çox qorxar. Ürəkləri çırpınar. Amandı bunlara diqqət elə. Biz evdə üç nəfərik. Bacım, qardaşım və mən. Bir də mənə elə gəlir ki, sən Qar qızı ilə sevgilisən. Şaxta baba yaşından-başından utan! Ağsaqqal adamsan! Yaraşmaz sənə!


Şaxta baba indi gözlərini bərəldərək bu istəklərimi yaxşıca oxu. Oxu ki, bizim də ümidimiz diri qalsın. Deməli, istədiklərimi aşağıda qeyd edirəm:

- Səndən ilk istədiyim yer kürəsinə mutluluq, sevgi, hüzur, sülh gətirəsən...

- Müharibələri dayandır, uşaqlar ölməsin!

Əsas istədiklərim bunlardır. Ancaq başqa istəklərim də var. Bəlkə yazdığım sətirləri Qar qızı ilə oxuyub, güləcəksən. Bəlkə də hönkür-hönkür ağlayacaqsan. Şaxta baba, keçirəm indi kiçik istəklərimə.

- Metrolarda basabas olmasın...

- Ölkəmizdə insanlar həmrəy yaşasınlar.

- Mentalitetimiz, ənənələrimiz artıq tarixə qovuşsun.

- Azad, müasir gənclik yetişsin.

- Sosial şəbəkələr çöksün!

- Cinayətlər olmasın, qardaş-qardaşın qanını tökməsin...


Şaxta baba əslinə qalsa sənə bir kitablıq istəklərimi yazaram. Ya da özün gəlsən bizə, dərdləşərdik. Mən danışardım, sən dinləyərdin. İndi getməliyəm, redaktor təcili məni çağırır. Danışdıqlarımızı unutma!