adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Dekabr 2016 10:17
10946
ƏDƏBİYYAT
A- A+

Leyla Əliyeva - Yeni il

Bayram görüşümüzü
Yaman gözləyirəm mən –
həyəcanla, təlaşla.
Bu ana hazırlaşıb
gizlətmişəm ürəyi
yastığımın altında.
Qəm-kədəri, qüssəni
qovmuşam uzaqlara...

Yeni il yolkasında
yandırdığım şamların
itirmişəm sayını...
Buxarı da çırtaçırt
yanır gur alovuyla...
Mənsə çox gözləyirəm
bayram görüşümüzü,
Qalıb gözüm yollarda.

Mən Yolkanın altına
hədiyyələr düzmüşəm.
Gecə yarı olmamış,
açasan hamısını...
İstərəm hamı üçün
sən bir Günəş olasan.
Bu şəfəqdən mənə də
kiçik pay ayırasan.

Sənə rəngli qablarda
hədiyyə düzəldəcəm;
Qapağını açanda
sanma ki, içi boşdur.
Qutuların hamısı
ən yaxın insanların
arzularıyla daşır...

Sən Yeni il gecəsi
Onları aç. Sevindir..!
Qoy nə arzu ediblər
həyata keçsin bir-bir.
Sonra isə xəlvətdə,
mənim də arzumu sor,
Bil ki, nədir istəyim,
nədir arzu-diləyim?

İstəyirəm hər kəsin
ulduzu lap gur yansın.
Mən səndən diləyəndə
zaman da diləklərə
ram olsun, həyan olsun.
Səni tələsdirərək
əqrəbləri qovmasın...

Mən çox istəyirəm ki,
ruhu təlaşlandıran
dalğalar quzu olsun.
Mənə bir hədiyyə ver,
lap xırda, həm də sadə. –
Qoy lap gülsünlər mənə
yaxın, doğma adamlar,
Bu xırda istəklərə...

İstədiyim odur ki,
gecə həmdəmim olan
mələk məni əfv etsin.
Ən böyük istəyimsə... –
Gur səslə deyim, eşit:
İstəyirəm əbədi
bəxtəvər olasan sən! –
Bu dünyada yaşayan
bütün insanlar üçün..!

Səninlə bu görüşü
yaman gözləyirəm, bil
Tez gəl, bizi sevindir
Yeni il, ay Yeni il!


Tərcümə: MAHİR QABİLOĞLU