adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BİR QƏLBİN YAŞANTILARI VƏ SİRLİ İNTİHARI...

BABƏK YUSİFOĞLU
41746 | 2013-02-19 11:55
Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olamayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən. Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir. Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də getmələrinə özləri qərar verirlər. Bəlkə də belələri İlahinin insanın öz seçiminə  buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar.
Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil. Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərkdən sonlandırmaq qəti doğru deyildir. Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən intiharı xilas yolu kimi seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox...
Mən inanıram ki, intihar edənlərin çox böyük əksəriyyəti özlərinə əl qaldırarkən daha çox İblisin təsirinə düşmüş olurlar.
Məncə böyük istedad sahibi, sözün bütün çalarlarını ürəyi ilə hiss edən o məşhur yazıçı özünə əl qaldıranda  İblisə uymamışdı. Çünki o özü intiharın "Yaradanın əmanətinə xəyanət" olduğuna bütün varlığı ilə  inanmışdı... Bəs niyə Kavabata Yasunari özünə qıymışdı axı?..
Bir də ki...
Onun həyatı çoxlarınınkı kimi başlamadı. Körpəlikdən çətin və ağır imtahanlar Yasunarini yerdən-yerə vurdu. Və maraqlıdır ki, kənar köməyə  möhtac yaşlarındaca babasının köməyini, sevgisini canında,  yanında görən balaca ömrünün artıq qürub yaşını yaşayan insana elə bağlandı ki, onun ölümü yeniyetmənin bütün varlığını silkələdi. Və mənə elə gəlir ki, ürəyinin ən dərin guşəsində özünə yer eləmiş həmin sarsıntı ömrünün sonunadək onu tərk etməmişdi.
Əlbəttə, kimsəyə elə gəlməsin ki, Yasunarinin atası, anası onu tərk etdiklərinə görə babasının himayəsinə keçmişdi. Əsla. Əksinə onun anadan olduğu ailə varlı və savadlı, övladlarına çox diqqətli idilər. Əslində hər şeyi amansız həyat eləmişdi.

NİSGİLLİ  
BAŞLANĞIC

1899-cı ilin yayında Osakedə anadan olan Yasunari iki yaşına  çatar-çatmaz  bacısı ilə bərabər həkim olan atalarını itirdilər. Və bununla da ailənin ağır günləri başladı. Amma balacaların itkiləri heç də bununla bitmədi. Az sonra anaları da dünyasını dəyişdi.  Yetim qalan uşaqları Yasunarini ana babası və nənəsi öz  himayəsinə götürdü. İlk vaxtlar yeni şəraitə öyrəşmək çox çətin olsa da uşaqlar həyatın bu zərbəsinə də alışmağa başlamışdılar ki, yeni faciələr bir-birinin ardınca gəldi. Bu dəfə Yanusarinin nənəsi, bacısı öldü. Və ard-arda doğmalarını itirən uşaq qoca babası ilə tək-tənha qaldı. Bütünlüklə ona bağlandı, bütün qəlbiylə onu sevdi.
Nəvəsinin hər bir qayğısını çəkən və sənətdən, yaradıcılıqdan xəbərsiz olan babası sövq-təbii hiss edirdi ki, uşaq öz davranışları, mühakimələri ilə yaşıdlarından çox fərqlənir. Yasunari çox vaxt bir kənara yığışıb diqqəti cəlb edən şəkillər çəkirdi. Balaca oğlan hətta babasına rəssam olacağını da söyləmişdi.  Qoca üçünsə bunun elə də fərqi yox idi. Nəvəsi təki ömrünü sakit yaşamaq üçün normal bir həyat qura biləydi. Amma bir qədər də keçdi, 14-15 yaşlarına çatmış Yasunari rəssam olmaq arzularını bitirdi. Gününün çox hissəsini kitablarla keçirən  yeniyetmə indi yazıçılığa meyl salmışdı. Əlbəttə, o vaxt onun rəssamlıq arzularından belə sakitcə uzaqlaşmasına diqqət edəndə belə qənaətə gəlmək olardı ki, elə yazı-pozu adamı olmaq istəkləri də ötəri  təzahürlərdi  və tezliklə keçəcək. Amma...
Kim deyə bilərdi ki, bir zaman gələcək, onun adı Yaponiyanı dolaşacaq, o doğrudan da məşhur bir yazıçıya çevriləcəkdi. Lakin hələ o günlərə bir xeyli vardı. Hələ onu çox sınaqlar gözləyirdi qarşıda...
Yasunari Kavabata həmin ərəfədə həyatının növbəti dəfə ən böyük zərbəsini aldı: babası vəfat etdi. Bu itkini çətinliklə adladan Yasunari nəhayət  ilk yaradıcılıq nümunələrini ortaya qoydu və yazdığı avtobioqrafik əsərində - "On atltı yaşlınin gündəliyi"ndə bunlardan maraqlı bir dillə bəhs etdi. (Əsər 1925-ci ildə çap olunub).  Bununla yanaşı təhsili haqqında da ciddi düşünən gənc Tokio orta məktəbinə daxil oldu və yapon ədəbiyyatı ilə bərabər Avropa yazıçılarının da əsərlərini, eyni zamanda mədəniyyətini  də öyrənməyə başladı.

TƏLƏBƏLİK  
İLLƏRİ  VƏ  İLK  ƏSƏRLƏRİ...

Əslində içində həm də bir rəssam ruhu bəslənən Yasunari dünyanın nəhəng şedevrləri Leonardo da Vinçi,  Mikelancelo, Rembtandt, Pol Sezannın... yaradıcılığı ilə yaxından tanış oldu. Məktəbi bitirəndən sonra isə  - 1920-ci ildə Tokio Universitetinin İngilis ədəbiyyatı fakültəsinə üz tutan gənc tələbəlik illərində tələbə jurnalı "Sineyte"də ("Yeni istiqamət") maraqlı yazıları ilə çoxlarının diqqətini cəlb etdi. Onu bəyənənlərin sırasında yazıçı Kan Kikuti də vardı.
Yasunaridə dərin bir istedadın olduğunu hiss edən  yazıçı ona  ədəbiyyat dərgisi olan "Bunqey syuncyu" ("Ədəbiyyat epoxası")  jurnalının redaksiyasının üzvü olmağı təklif etdi. Əslində bu gənc bir yazar üçün çox münasib bir təklif idi və o  bu şansı qaçırmadı.   Amma yeni nəslin gənc yazarları  artıq özlərinin səsi olan bir dərginin - "Bunqey dziday" ("Müasir ədəbiyyat")  əsasını qoymuşdular. Bu həmin jurnal idi ki, Yasunari kimi modernist  adlandırılan gənc yazıçılar özlərinin fərqli yaradıcılıq nümunələrini orada çap elətdirirdilər. Maraqlıdır ki, bu yaradıcı gənclərin əksəriyyətində o zamanların məşhur qərb modernistləri Ceyns Coysun, Gertruda Stayn və başqalarının güclü təsiri hiss olunurdu.
Artıq ilk yazıları ilə diqqəti çəkməkdə olan Yasunari Kavabatanın 1925-ci ildə çap etdirdiyi yeni povesti  - "İdzudan olan rəqqasə"si oxucular tərəfindən rəğbətlə  qarşılandı. Hətta demək olar ki, indi onu yazıçı olaraq qəbul etməyə başlamışdılar. Bir tələbənin  gənc rəqqasə  qıza vurulmasından, arzuların sərbəstliyindən, ölümlə intim duyğuların qarşılıqlı təsvirindən bəhs edən povest həqiqətən yeni üslubda, həm də çox maraqlı dillə  təsvir edilib.  
Bioqraflar yazırlar ki, ədəbi aləmdə vaxtaşırı görünən Yasunari Kavabata 1926-cı ildə evləndi. Və belə demək mümkünsə, bədii yaradıcılıqla  yanaşı mətbuatda publisistik yazılarla da müntəzəm çıxış edən Yasunarinin həmin illərini onun nisbətən səssiz dövrü saymaq olar. Əlbəttə, bi səssizlik iki-üç ildən çox sürmədi. Belə ki, artıq 1929-cu ildə oxucular  gənc yazıçının "Asixi simbun"  qəzetində yenicə tamamladığı "Asakusalı şən qızlar" povestini hissə-hissə oxudular. Çox keçmədi ki, o daha maraqlı bir əsərlələ  -   "Büllur şarda görünənlər"lə  ədəbi aləmdə göründü.
Əslində Yasunari Kavabatanın bu əsəri işıq üzü görəndə tamamlanmasa da kifayət qədər səs-küy yaratdı. Oxucular indi görməyə adət etdikləri çərçivələrdən kənarda bir müəlliflə qaşılaşmışdılar. Amma bütün bunlara baxmayaraq həmin əsəri oxuyanda Ceyms Coysun güclü təsiri hiss olunur. Ümumiyyətlə, əslində Kavabatanın həmin dövrlərdəki yaradıcılığında Qərbin görkəmli filosoflarının, eləcə də Freydizmin də, sürrealizmin də  açıq-aşkar sezmək mümkündü.
Əlbəttə, heç də belə hesab etmək olmaz ki, onun bütün yaradıcılığı kənar təsirlərlə yüklənib. Əsla belə deyil. Kavabbata dünya ədəbiyyatının nəhənglərindən bəhrələnməklə yanaşı özü də, belə demək mümkünsə, bir məktəb səviyyəsinə qalxa bilmişdi. Nahaq yerə ədəbiyyatçılar onu yapon nəsrinin intellekti adlandırmırlar. Həqiqətən də Kavabatanın bədii təxəyyülü yaxşı mənada onu digərlərindən daim fəqləndirir.  

FƏRQLİ  İSTEDAD

Gözəl bir qızı sevmiş, sonra isə həyatın sərt zərbələrindən sarsılmış gəncin tənhalığa  çəkilərək heyvanlarla, çiçəklərlə ünsiyyət qurmasından, aşiq olduğu qızın xatirələri ilə yaşamasından bəhs edən "Quşlar və heyvanlar" kitabında ənənəvi ədəbi eksperimentlərindən imtina edərək daha fərqli üsluba üstünlük verən yazıçı bir növ özünün nəyə qadir olduğunu sübut etmiş oldu.  
1934-cü ildə məşhur "Qarlı ölkə" əsərini yazmağa  başladı. Bu həmin Kavabataydı ki, onun bu əsərində oxucular sətiraltı mənalarla, bir-biriylə birbaşa  əlaqəsi olmayan müxtəlıif epizodlar  elleptik üslubda  yazılmış bir bədii nümunə ilə qarşılaşmışdılar. Həm də bu əsərlə bağlı onu da demək yerinə düşər ki, müəllif  "Qarlı ölkə"nin üzərində uzun müddət işləmiş, hətta bəzi yerlərini sonradan dəyişmişdi də.  Aydın təsəvvür yaransın deyə, təkcə onu bildirmək kifayətdi ki, romanın tam və son variantı yalnız on il sonra başa çatdı və çap olundu.
(Ardı qəzetin 26 fevral sayında)
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV