adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Qana boyanan təpə, göydən gələn fəlakət, rus polkovnikin əsirliyi

REY KƏRİMOĞLU
23612 | 2013-02-19 11:54
Layihə: "Kəşfiyyatçının xatirələri"

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
 
17-ci yazı
 
Abdal Gülablı döyüşü...
 
1992-ci il, mayın 15-i ermənilər Abdal Gülablı kəndinə hücum etdi. Bu iki dağ kəndini Şirin Mirzəyevin batalyonunun yerli sakinlərdən ibarət Abdal-Gülablı rotası müdafiə edirdi. Xəbər çatan kimi, Ş.Mirzəyevin əmri ilə kəşfiyyat və minaatanlar dəstəsi "ZİL" markalı yük avtomobili ilə (Avtomobil Seyidli döyüşçülərindən ya Mətləbin idi, ya da Eldarın. İndi dəqiq xatırlamıram) Abdal Gülablı kəndlərinə yola düşdük. Önümüzdə isə Şirin Mirzəyev komandir avtomobilində - UAZ-da gedirdi.
İki kəndin ümumi girişi olan "Alaqapı"ya çatanda artıq Gülablı kəndində evlər yanırdı, tüstü ərşə qalxmışdı. "Alaqapı"dan bir qədər irəlidə isə Ağdam rayon Polis şöbəsinin Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri Faiq Baxşəliyevi və onun döyüşçülərini, Ağdamdakı hərbi briqadanın tabeliyindəki 4 ədəd tank və digər zirehli texnikanı dayanmış gördük. Bunlardan əlavə bir qədər döyüşçü də nə edəcəklərini bilmədən burada dayanıb gözləyirdilər.
Şirin Mirzəyev əvvəlcə Faiqlə danışdı. Faiq bildirdi ki, sol tərəfdən "Qızıl qaya"da erməni BMP-ləri, sağda isə tankları dayanıb döyüşçülərin hərəkət etmələrinə mane olur. Bizim tanklar isə briqadaya tabe olduğundan, oradan da əmr verilmədiyindən kömək etməkdən boyun qaçırırlar. Belə bir vəziyyətdə Şirin Mirzəyev tankçılarla danışdı ki, kəndləri geri qaytarmaq üçün əsgərlərə dəstək versinlər. Amma tankçılar Briqadadan əmr olmasa, əməliyyatda iştirak etməyəcəklərini israrla bildirdilər. Hətta orada bizə bildirdilər ki, Briqadadan söyləyiblər ki, "artıq gecdir, ermənilər Abdal Gülablını alıb, bir neçə gün gözləyin, sonra geri almaq üçün əməliyyat hazırlayarıq". Şirin Mirzəyev yerli rota komandiri Filman Abbasovla əlaqə saxlayıb, onun və əsgərlərimizin Abdalda olduğunu, ermənilərin yalnız Gülablını aldığını söyləsə də ona inanan olmadı.
Əslində ermənilər onlara yaxın olan Abdala yox, arxadan keçib Gülablıya hücum etmişdilər. Gülablını alıb, Abdala girməyə çalışırdılar. Hətta Abdaldan bir neçə ev də yandırmışdılar. Abdalda "Xan yurdu" deyilən yerdə və digər mövqelərdə batalyonun döyüşçüləri mühasirədə olsalar da, döyüşürdülər, kömək gözləyirdilər.
Nəhayət, Şirin Mirzəyev Filman Abbasovla rabitə əlaqəsi yaradıb, dəqiq məlumat aldı. Filman bildirdi ki, biz burada möhkəm durmuşuq, heç Yerevan da tökülüb gəlsə, buranı ala bilməyəcək. Sonra da əlavə etdi ki 535 nəfər döyüşçü ilə gözləyirik, bunlar kəndə girsin, mühasirəyə salacağıq. Əslində isə orda cüzi qüvvəmiz qalmışdı. Filman qəsdən belə deyirdi, ratsiya ilə danışıqlara qulaq asan düşməni aldatmaq məqsədilə.
 
Şirin Mirzəyevin qəhrəmanlığı
 
İndi üstündən 21 il keçəndən sonra həmin gün biz oraya çatana qədər mühasirə vəziyyətində qalan döyüşçülərimizin bir qisminin adını dəqiqləşdirə bildik. Bunlar Abdal Gülablı rotasının komandiri Filman Abbasov, Şakir Mehdiyev, Müşfiq Abbasov, Bəhram Qasımov, Xudu Xudiyev, Murtuza Quliyev (Sonuncu üç nəfər sonrakı döyüşlərdə şəhid oldular), Kamal Qasımov, Ədalət Süleymanov, Əbdül Məmmədov (həkim) və adlarını dəqiqləşdirə bilmədiyimiz digərləri olub. Onlarla yanaşı, amma yaxınlıqdakı digər mövqedə Şirin Mirzəyevin batalyonunun zabiti Allahverdi Qəmbərov (bir neçə ay sonra şəhid oldu. Ölümündən sonra Azərbaycan Bayrağı Ordeni ilə təltif edildi), batalyonun minaatanlar dəstəsinin döyüşçüləri Şamil Əbilov (Bu qəhrəman döyüşçü haqqında ayrıca yazı olacaq), Fəxrəddin Məmmədov və Amil. Sonuncu ikisi də bir neçə ay sonra şəhid oldular (Digərlərinin adın hələ tam dəqiqləşdirə bilmədik).
Ş. Mirzəyev Filmanla şəxsən danışandan sonra vəziyyətin ağırlığını nəzərə alıb, tabeliyindəki əsgərlərə hücum əmri verdi. Özü istifadəsində olan UAZ-da əsgərlərin önündə gedirdi. Onun öndə olması bütün əsgərlərdə böyük ruh yüksəkliyi, döyüş əhval-ruhiyyəsi yaratdı.
Onun avtomobildəki səsgücləndirici ilə dediyi sözlər indi də qulaqlarımdadır:
- İrəli! Namərdlər, mən sizin üstünüzə UAZ-la da olsa gələrəm! Qacara baş əyməyən Şuşa, 5-10 dığa əlində qalmısan!
6-7 gün əvvəl Şuşanın işğal olunmasını Şirin Mirzəyev həzm edə bilmirdi...
Biz üç dəstəyə bölündük. Birinci dəstə Şirin Mirzəyevin ardınca, ikinci dəstə sol cinahdan, mənim olduğum üçüncü dəstə isə sağ cinahdan hücuma keçdi. Düşmən bizim hücuma keçdiyimizi görüb, hər tərəfdən şiddətli atəşə başladı.
Ermənilərin sol cinahdakı BMP və tankları bizim bütün qüvvələrimizi atəş altında saxlaya bilirdi. Şirin Mirzəyevin olduğu avtomobilin üzərinə güllə sözün əsl mənasında yağış kimi yağırdı.
Ancaq onun sürücüsü UAZ-ı yolun sağ tərəfinə çəkdi - ora xəndək idi, BMP və tanklar oranı vura bilmirdi. Şirin Mirzəyev və onunla olan dəstə Gülablı kəndinə daxil oldular... Dəhşətli bir döyüş başladı. Bu arada Şirin Mirzəyev cəsarətli tankçılardan birini əmr gözləmədən döyüşə qoşulmağa vadar etdi. Artıq bir tankımız var idi... Bu, bizim irəliləməyimizə böyük köməklik etdi.

Ermənilər necə geri oturdular?
 
Biz də sağ cinahla taxıllığın içi ilə irəliləyib, ermənilərin yaşadığı Ağbulaqla Abdalın arasından döyüşə girdik. Burada ermənilər güclü müqavimət göstərdilər. Onların ciddi müqavimətlərinə baxmayaraq, artıq ermənilərin əsas qüvvələrini əvvəlki mövqelərindən vurub çıxarmışdıq. Onlar Ağbulağın fermasına çəkildilər. İki tankları var idi. Tanklardan, minaatanlardan atəş açırdılar.
Şiddətli döyüş gedirdi. Erməni tanklarının birini vurduq, digəri isə oradan uzaqlaşdı. Düşmənin canlı qüvvələri fermanı da tərk edib, Ağbulağın üstündəki dağa tərəf çəkilməyə başladılar. Fermanı tərk edən ermənilər kiçik bir təpəni keçərək geri çəkilmək istəyirdilər, amma biz orana ciddi atəş altında saxladığımızdan hər dəfə onlar bir neçə nəfər itki verib, əvvəlki mövqelərinə qayıtmağa məcbur olurdular.
Növbəti dəfə onlara Ağbulağın üstündəki dağdan kömək gəldi. Buradan erməni pulemyotçuları bizi atəş altında saxlayarkən ermənilərin böyük bir dəstəsi kiçik təpəni keçmək istədi. Bu zaman bizim tankçımız düz onların topasını vurdu... İndi o tankçının adını da xatırlamıram. Sarı rəngli təpə artıq qıpqırmızı qızarırdı...Yaralıları da güllə ilə bitirdik.
Döyüşün bu cinahında Şirin Mirzəyevin batalyonunun komandir müavini baş leytenant Fəxrəddin Rəcəbov, kəşfiyyat dəstəsinin komandiri Eldar Səmədov indi adını unutduğum digər əsgərləri var idi. Xüsusi ilə qeyd edim ki, bizim olduğumuz cinahda Fred Asifin (Asif Məhərrəmov), Qatır Məmmədin (Yaqub Rzayev) və digər yerli bölmələrin əsgərləri də var idi. İndi cəmi bir neçə cümləyə sığan bu döyüş bir neçə saat davam etdi.

Ermənilər vertolyotumuzu vurdular...
 
Döyüşün qızğın vaxtında qəflətən səmada "Krokodil" markalı hərbi vertolyot göründü. Ağdam tərəfdən gəldiyindən bizim olduğunu müəyyənləşdirdik. Yəqin  Briqadadan bizə kömək üçün göndərmişdilər. Amma vertolyot ermənilərin yox, Şirin Mirzəyevin olduğu dəstənin mövqeyini vuranda çaşıb qaldıq. Elə bildik, Şirin Mirzəyev qarışıq uşaqlar həlak oldu. Vertolyot növbəti dövrələrinin birində ermənilər tərəfindən vuruldu...
Biz Ağbulağın fermasının yanında mövqelərimizi möhkəmlədib, Abdal Gülablıya tərəf qayıtdıq.
Vurulan vertolyotun iki pilotundan biri - azərbaycanlı (onun haqqında, sonrakı taleyi barədə məlumatımız yoxdur) bizim əsgərlərin nəzarətində olan əraziyə, ikincisi-polkovnik leytenant Şuvaryov isə ermənilərin nəzarətində olan əraziyə düşdü. Özü də ağır yaralı halda. Ermənilər onu əsir götürdülər. Amma əsgərlərimiz buna mane olmağa çalışırdılar.
Polkovnik-leytenant Şuvaryovun xilas edilməsi əməliyyatının tükürpədən, dəhşətli anları barədə növbəti yazıda oxuyacaqsınız...
 (Ardı var)
[email protected]

TƏQVİM / ARXİV