adalet.az header logo
  • Bakı 12°C
27 Dekabr 2016 15:05
9170
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Çinin qış bayramı qeyd olunub

Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Dunçji (Qışın zirvəsi) bayramına həsr olunan tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Dunçji bayramının Çin mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək, onun yaranma tarixi və əsas fəlsəfəsi haqqında ümumi məlumat verib.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, əsası İn və Yan konsepsiyasına dayanan, eyni zamanda Pekinin Səma məbədində əcdadların ibadətləri ilə bağlı olan Dunçji bayramının mənşəyi, ənənələri, əfsanəsi və mərasimləri haqqında, həmçinin Çin təqviminə aid olan qışın müxtəlif mövsümləri barədə çıxış ediblər.

Tədbirdə Dunçji bayramının simvolu olan, o cümlədən uzunömürlülüyün, qışın və gözəlliyin rəmzi sayılan Meihua gavalı çiçəkləri haqqında Çinin qədim şeirləri söylənilib, milli mahnıları səsləndirilib.

Sonra adıçəkilən institutun əməkdaşları tərəfindən düyüdən top şəklində hazırlanmış şirin şorba–Tangyuanın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam) hazırlanması üzrə master-klass keçirilib.