adalet.az header logo
  • Bakı 7°C
27 Dekabr 2016 14:25
87487
MÜSAHİBƏ
A- A+

“Düzü, bu sənət də etibarsızdı” - MÜSAHİBƏ

Azərbaycanın tanınmış akrtisalarından biri də Sonaxanım Əlieyvadır. Əmək fəaliyyətinə 1998-2006-cı illər aralığında İlham Miniatyur Teatrında başlayıb. Bu illər ərzində "Bəxtimin kələyi", "Qulaq", "Yorğan", "Dünyanın axırı", "Müasir toy", "Şifonerdə eşq-məhəbbət" və digər tamaşalarda yaratdığı rollarla yadda qalıb.

Kinoda ilk sınağı 1995-ci ilə təsadüf edir. O zaman universitetin I kurs tələbəsi olan Sonaxanım Əliyeva Rövşən Məmmədovun quruluçşu rejissoru olduğu "Kiçik Leytenant" qısametrajlı filmində spesifik epizodik rolu özünəməxsus gözəlliklə yarada bilib.

Adalet.az aktrisa Sonaxanım Əliyeva ilə müsahibəni təqdim edir:


- Sənət həyatınıza İlham Miniatyur Teatrında başlamısınız. Yaddaşınızda həkk olunan nələr var?

- Çox şükür edirəm ki, məhz bu teatrda ilk addımlarıma başlamışan. O teatrda səmimilik, mehribançılıq gördüm və indiyə kimi bu mehribançılıq, isti münasibət, səmimiyyət qalıb bizim İlham Miniatyur teatrının aktyorları arasında.


 - Sizə uğur gətirən "Pərvanələrin rəqsi” serialında hansı səhnələrdə çətinlik yaşadınız?

 - Düzü "Pərvanələrin rəqsi”ndən əvvəl çəkildiyim bir çox filmlər olub, amma doğru dediniz ki, mənə ilk uğur gətirən "Pərvanələrin rəqsi”ndə, Afət obrazı olub. Rejissor Rövşən İsaxla işləmək çox rahatdır, səhnənin hər bir yerini elə dəqiqliklə başa salır ki, aktyorlara onu oynamamaq günah olar. Bir dəfə unutmaram toy məclisindən, çəkiliş meydançasına gəldim. Gecə saat bir, özüm də çox yorğun idim. Ağır səhnədə çəkilməli idim; qızımın oğurlanıb tapılandan sonra kimin onu oğurladığını və qisas almağımın səhnəsi çəkilməli idi. Çox çətin olsa da həmin an əzablı və qisas alan ananın hisslərini yaşamaq, amma yenə də özümü ələ alıb, bütün gücümü, hisslərimi, fikirlərimi toplayıb bu səhnəni oynadım.


 - İlk səhnə həyəcanınızı necə xatırlayırsınız?

 - İlk teatra gələndə məni artıq səhnədə oynanılan "Qulaq” tamaşasına daxil etdilər. Əlbəttə həyəcan çox idi. Ən azından 1 həftəyə hazırlaşmışdım, sonrası məsuliyyət ki, görəsən necə alınacaq, görəsən məndən əvvəl "ağ ciyər” obrazı yaradan aktrisadan yaxşı oynaya biləcəm ya yox?! Bir o yadımdaır ki, pərdə arxasında dayandığım zaman ürəyimin döyüntülərini eşidirdim. Nəfəsim daralırdı, bunlara baxmayaraq səhnəyə çıxdığım zaman hər şeyi unudub yalnız rolumu oynadım və elə bildim ki, bir nəfəsə oynadım.


 - İfa etdiyiniz hansısa bir obrazın təsirinə düşmüsünüz?

 - Bəli, düşmüşəm. Heç yadımdan çıxmaz, Gənc Tamaşaçılar Teatrında işləyəndə "Pəri cadu” tamaşası hazırlanırdı, quruluşçu rejissor Nicat Kazımov idi. O tamaşada Hafizə obrazını canlandırmışam. Hər məşqdən sonra özümü çox pis hiss edirdim, sanki ağır bir aura öz ağuşuna alırdı məni. Nə gülmək, nə danışmaq istəmirdim. Bu nə sirr idi, özüm də bilmirəm. Sadəcə bir neçə saat özümü bədbin hiss edirdim.


 - Teatrla bağlı heç unuda bilməyəcəyiniz an və ya anlar varmı?

 - Teatrla bağlı unudulmaz anlarım çoxdu. Məsələn, maraqlı qastrol səfərlərimiz, tamaşa zamanı gülməli hadisələr və.s. Deməli, "Qulaq” tamaşasını oynayırıq, səhnədə bir yataq var, bir də biz üç aktrisa. Hərəmiz bir obrazdayıq. Biri Böyrək, biri Qara ciyər, biri də mən Ağ ciyər. Böyrək oturdu yatağa, arxasınca mən, üçüncü isə Qara ciyər gəlib yatağa oturanda hiss etdim ki, yataq yavaş-yavaş bir tərəfli yerə enir, bir də baxıb gördüm ki, yatağın bir tərəfi tam çöküb, o biri tərəfi isə dik qalıb və o dik qalan tərəfdə Böyrəyi oynayan aktrisamız qalıb düşə bilmir. (gülür) Çox gülməli səhnə idi.


  - Uşaqlığınız desək, sizi harada görərik?

 - Uşaqlığım Bakıda keçib. İndi ki, Prezident aparatının məhəlləsində. Çox gözəl və qayğısız bir uşaqlığım olub.


 - Qadın, yoxsa aktrisa. Hansı çətindir?

 - Məncə hər ikisi çətindir. Həm aktrisa, həm qadın, hər ikisi bir qadında cəmləşəndə çox çətin olur. Qadın kimi öz xoşbəxtliyini tapa bilmirsən, aktrisa kimi də bəzən istədiyim rolu vermirlər oynayasan.


 - Şou-biznesdə müğənnilər arasında bir-birinə "quyu qazanlar”, "ayağını çəkənlər”, arxasınca danışanlar var. Bu aktrisalar arasında da var?

 - Bu dedi-qodu var haa, hər yanda var və təbii ki, aktrisaların arasında da olur. Gözü götürməmək, ayaq altını qazmaq, arxanca danışmaq və.s. Ona görə də çalışıram belə məsələlərdən uzaq olum. Sənətdə ən yaxşısı, hamı ilə gözəl münasibətdə olmaqdır. Ümumiyyətlə paxıllıqdan, pislikdən uzaq olmaq və gördüm=görmədim, eşitdim-eşitmədim, bildim-bilmədim, budur mənim fikrim..


 - Azərbaycanda filmlərini, seriallarını izləyirsiniz?

 - Bəli, izləyirəm. Ən çox xoşladığım bizim retro filmlərdi və təbii ki, indi çəkilən serialları da izləyirəm. Həm rejissor işinə baxmaq üçün, həm də aktyorların oyun tərzinə.


 - Seçim qarşısında qalsaydınız, ailə yoxsa incəsənət?

 - Bir dəfə ailəm dağılıb və artıq ailəyə etibar etmirəm. Düzü, bu sənət də etibarsızdı. Bu gün gündəmdəsən səni yada salərlar, sabah təlabat olmadığı vaxtda unudulursan. Amma nə etmək olar, bu sənət qanıma, canıma hopub. Özümü səhnəsiz tetəsəvvür edə bilmirəm.


 - Freydə görə xatirələr insana əzab verir. Xatirələrinizdən xilas olmaq istərdiniz?

 - Xeyir, əksinə xatirələr insana keçmişini unutmağa imkan vermir. Keçmişini unutmayan insan isə gələcəkdə səhvlərə yol vermir.


 - Sizin də deyəsən, ən qorxduğunuz şey xəyanətdir...

 - Daha qorxmuram. Qorxmaqdan keçib. Belə düşünürəm ki, xəyanətləri bağışlamaq olmaz. Çünki xəyanət edən insan, yenə xəyanət edəcək, bir aldadan insan, bir də aldadacaq.


 - Son olaraq, teatr, aktyorluq sahəsində sizi nələr narahat edir?

 - Məni narahat edən odur ki, nədənsə çoxları düşünür ki, heç bir incəsənət savadım olmdan mən də aktyor, aktrisa olum və bəzən elə insanları biz aktyorların sırasında görürəm. Bu hallar məni düşündürür. Niyə onda biz İncəsənət Universitetini bitirmişik?