adalet.az header logo
  • Bakı 12°C
24 Dekabr 2016 09:42
54022
ƏDƏBİYYAT
A- A+

UNUDULMAZ ŞAHMAR HÜSEYNOV

("Ölüm sevinməsin qoy" silsiləsindən)


Seyid Əzim Şirvani bir qəzəlində yazırdı ki: "Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir?". Ölüm haqdır, deyirlər. Ancaq vaxtsız, qəfil ölüm olmaya.
Əlli yaşına il yarım qalırdı (1939 iyul, 1988 yanvar). Yazıçılar Birliyindən təzə ev almışdı. Ədəbi aləmdə istedadlı bir nasir kimi tanınırdı. Qəzetlərdə, jurnallarda bir-birindən maraqlı hekayələri çap olunurdu. Ancaq o aldığı təzə evdə bir gün də yaşaya bilmədi, yazmaq istədiyi, amma amansız infarkt səbəbindən yazı bilmədiyi neçə hekayənin süjetini də özüynən apardı. Yaşasaydı, indi 67 yaşını keçəcəkdi. Amma mən 67 yaşlı Şahmar Hüseynovu təsəvvürümə gətirə bilmirəm.
Çox sadə bir ömür yolu keçdi. Xanların Nərimanov kəndində doğuldu, orta məktəb bitirdi, İncəsənət İnstitutunun tələbəsi oldu və 1966-cı ildən ta ömrünün sonunacan A.Şaiq adına Kukla teatrında işlədi-aktyor kimi. 1976-cı ildən ilk hekayələri çap olundu və həyatda çox ağrı-acılarla üzləşən, maddi cəhətdən sıxıntılar keçirən Şahmarın ədəbiyyatdakı uğurları ona sevinc bəxş edirdi. Hekayələri ona uğur gətirdi. Amma bu sevincin ömrü də uzun çəkmədi.
İlk kitabı da ölümündən bir il sonra işıq üzü gördü. Adı "İtki" olan bu kitab Axundov adına ədəbi mükafata layiq görüldü.
Səmimi etiraflar başlandı. Xalq yazıçısı Anar yazırdı: Kukla teatrı "Qaravəlli" əsərimi tamaşaya qoyanda Şahmarı bir aktyor kimi tanımışam. Az sonra ədəbi jurnallarda çap olunan maraqlı, gözəl hekayələrini oxudum. İncə duyğu, yüksək hissiyyatla yanaşı, böyük səmimiyyəti Şahmarın hekayələrində də gördüm". Mövlud Süleymanlı isə belə yazırdı: "Azərbaycan ədəbiyyatında öyrənmək istədiyim yazıçı çox az olub. Onlardan biri Şahmardı. Şahmar böyük yazıçıdır. Hər şeydən əvvəl ona görə ki, demək istədiyini bəzəksiz-düzəksiz deməyi bacarıbg Bütün səmimiyyətimlə bir də təkrar eləyim ki, həmişə Şahmar kimi sakit, səssiz-küysüz, qışqırıqsız, boyalar işlətmədən, obrazlı ifadələr axtarmadan yazmaq istəmişəm. Bunu onun özünə də deyirdim. Uşaq kimiydi, inanmırdı". Saday Budaqlı isə onu "Öz qəhrəmanlarına oxşayan yazıçı" adlandırmışdı.
Bu axırıncı ifadənin üzərində ayrıca dayanmaq istərdim.
Yazıçı öz həyatını, keçdiyi ömür yolunun ayrı-ayrı olaylarını qələmə alanda daha inandırıcı təsir bağışlayır. Təbii ki, burada bədii ümumiləşdirmə böyük rol oynayır. Şahmar kənddə doğulmuşdu, yazılarında kənd cazibəsindən ayrıla bilmirdi. Şahmar şəhərdə yaşamışdı, teatr aləmindəydi, öz yaşıdları olan yazıçılarla oturub-dururdu və yazılarında da şəhər həyatı, xüsusilə, aktyorların həyatı öz əksini tapırdı. Şahmar kəndlə şəhərin-iki məkanda yaşayan insanların əlaqəsini bəziləri kimi qarşıdurmaya gətirib çıxarmırdı. Hər iki məkan ona doğma idi. Amma o hekayələrdə az da olsa, şəhərdən, şəhər mühitindən bir giley var. Kənddən gələn, şəhərin min cür qəribəliklərinə adət edə bilməyən, çaşıb qalan, fağırlaşan, çox zaman aldanan, heyrətlənən bir kəndçi sadəliyindən doğurdu bu gileylər. Onun yazılarında İnsan, onun mənəvi aləmi, düşdüyü stress vəziyyətləri, gərginlik, lakin bu çıxılmazlıqda bir ümid parıltısı diqqəti cəlb edirdi. Gəlin, bir neçə hekayəsinə nəzər salaq.
"Köynək" hekayəsinin qəhrəmanı Yusif kəndə, atasına bir məktub göndərir. Məktubda yazır ki: "Dədə, mənim barəmdə nigaran qalmayın. Yaxşıyam, yaxşı da dolanıram. gMənim sizə bir işim düşüb, dədə. Bilirsiniz ki, nə vaxtdır institutu qurtarmışam, elə o vaxtdan da burda işləyirəm. Amma nə xeyri? Nə ev almışam, nə vəzifəm artıb. Yüz dəfə getmişəm direktorun yanına, deyir elə gözlə, gözlə. Çıxıb getmək istəyirdim, amma fikrimi dəyişdim. Bu yaxında bizə yeni direktor müavini gəlib. Bu ayrı cür adamdır, burda onun başına and içirlər". Həmin bu direktor müavini Yusifə ümid verir, deyir sənin işin mənim boynuma. Azı bir aya şöbə müdiri olarsan. Amma bir az pul lazımdır". Məktubun yazılmasında da əsas məqsəd o pulu əldə eləməkdir.
Amma pul əvəzinə pasılka gəlir. Pasılkanın içi sarı heyvalar və narla doluydu. Və bir də sətin parçadan tikilmiş bir uşaq köynəyi.
Hekayəyə retrospektiv bir xətt qoşulur. Yusifin məktəb illəri. Rayondan məktəbə inspektor gələcək, ona görə də hamı bir nəfər kimi ağ köynək geyinməlidir. Amma bu kasıb ailənin o köynəyi almağa imkanı yox. Dədəsi ona deyir ki, nəyin var, onu geyərsən. Səhərisi inspektor sinfə girir, ağ köynək geyinmədiyi üçün Yusif gülüş hədəfinə çevrilir. Amma sözünü də deyir: "Müəllim, mənim ağ köynəyim yoxdur, nəyim var, onu da geyinirəm, əgər gəlib sizdən köynək istəsəm, onda ayrı məsələ".
Hekayənin sonu Yusifin o uşaqlıq illərini xatırlaması ilə başa çatır: "Bu köynəkdə uşaqlığı, uşaqlıq ələmləri vardı". Köynək burada rəmzi məna daşıyır. Halallığın rəmzi. İnsan gərək öz keçmişini unutmasın.
Şahmarın bütün hekayələrində insanın mənəvi saflığı, halal yaşamaq istəyi ön plana çəkilir və onun qəhrəmanları əgər bu dairədən bir azca kənara çıxırlarsa, itki baş verir. Amma əgər insan bu saflığı sonacan qoruya bilirsə, o, başqalarına da örnək olur. "İtki" hekayəsindəki Əkbər kimi. Əkbər bazar alverçisidir, gilas satır. Kasıb dostu İsmayıla beş kilo gilası havayı verir və İsmayıl bu yaxşılığın əvəzini çıxmaq üçün onu evinə qonaq aparır. İsmayılın ailəsindəki o səmimiyyət Əkbərin ürəyincədir. Amma məsələ bunda deyil. Əkbər İsmayılın cavanlıq illərini yada salır və o illərdəki dupduru, təmiz İsmayıl həyatda nələri itirdiyinin fərqinə varır.
"Yaxın qohum" hekayəsindəki Usub kişi institut müəllimi Mameddən 3000 manatını almağa Bakıya yollananda güman etməzdi ki, hirsi, qəzəbi soyuyacaq, Mamedin arvadının qonaqpərvərliyi, uşaqlarının şirinliyi və nəhayət, otağındakı bütün əşyaların dümağ görkəmi qarşısında təslim olacaq. Hələ bir ayrılanda deyəcək ki: "Uşaqlarına, yoldaşına hayfın gəlsin, özünə də!". Mamedin evini axtarması, Mamedgildə olarkən qarşılaşdığı mənzərə ayrı-ayrı detallarda elə təbii verilir ki, buna ancaq heyrətlənirsən. Onu da deyim ki, Şahmarın hekayələri detallar üzərində qurulan hekayələrdir və bəzən həmin detallar o qədər maraqlı olur ki, hətta hadisələrin hansı məcrada davam edəcəyi, finalın nə ilə nəticələnəcəyi belə səni o qədər də düşündürmür.
Şahmarın "Yaxın qohum" hekayəsi çap olunanda "altmışıncılar"ın (İ.Məlikzadə, Anar, Elçin) gənclik dövrü artıq başa çatmışdı, bu ədəbi nəsil bir çox ciddi maneələrə rast gəlsə də, artıq etiraf olunmuşdular. Yeni ədəbi nəsil - "yetmişincilər" təbii ki, estafeti qəbul etdilər. Onların bir çoxu ədəbiyyata hazır gəldilər - "altmışıncılar"ın mövzularını, hətta bir sıra hallarda forma-üslub tərzini mənimsədilər. Ancaq Şahmar bu təsirə düşmədi. "Yaxın qohum", daha sonra "Köynək", "Elçilik", "Kefcil Məhəmməd", "Qorxu" hekayələri Şahmardan ancaq Şahmar kimi danışmağa imkan verdi.
Bütün yaradıcılığı boyu-on dörd il ərzində Şahmar Hüseynov ancaq hekayə yazdı. Amma onun hekayələrində açıq-aşkar povestlik materiallar az deyil. Sadəcə olaraq, Şahmar buna getmədi. Bir dəfə görüşdük və mən Şahmara elə bu məsələ ilə əlaqədar bir sual verdim: - Şahmar, niyə ancaq hekayə yazırsan? Sualım bəlkə də sənə qəribə görünəcək, yəni deyə bilərsən ki, hekayədə özümü rahat hiss edirəm, amma mənim fikrimcə, sənin hekayələrində povestə keçid üçün material var. Məsələn, "Kefcil Məhəmməd", "Yaxın qohum" hekayələri miniatür povest fakturasına malikdi. Şahmar cavab verdi ki, o dediklərindən ancaq o boyda hekayə çıxıbsa, min şükür. Bir də, adam gərək bir şeyi axıra qədər yarıda, keçə o birisinə. Yenə bir sual verdim: hekayələrində tez-tez öz adını da çəkirsən. Təsvir etdiyin hadisələr güman verir ki, çoxu sənin başına gələnlərdi. Dedi ki, o hadisələr həm mənim başıma gələnlərdi, həm də başqalarının. Uydurduğum yoxdu, ola bilsin var. Daha bir sual verdim: Niyə yaradıcılığa gec başladın? Qırx yaşına az qalırdı, ilk hekayən çıxdı. Və onun cavabı bu oldu ki, əslində, mən o hekayələri ürəyimdə, beynimdə çoxdan yazmışam. Amma cəsarət eləmirdim qələmə almağa. Bilirsən ki, mən Kukla teatrının aktyoruyam. Böyük səhnəyə ürək eləməmişəm çıxam, çünki itirirəm özümü, çaşıram. Bunu aktyor dostlarım da bilir. Bax, ürəyimdə, beynimdə yazdığım o hekayələri də "böyük səhnəyə" ona görə çıxarmırdım.
Şahmarın bir hekayəçi kimi ən başlıca məziyyəti dilindəydi, yazıları təmiz, səlis Azərbaycan dilinin incəliyini, sadəliyini əks etdirirdi. Məsələn, "Qorxu" hekayəsinin sonu belə bitir: "Saf yaz günü, parlaq günəş, çayın ətri, rəngi. Badama qarşı qəlbimdə doğan ümid, birdən yaranan qorxu, keçirdiyim qarışıq hisslər, hər şey ürəyimdə alt-üst oldu. Birdən mənə elə gəldi ki, indi, bu dəqiqə, bu an mənim iyirmi dörd yaşım yox, otuz dörd yaşım var. Həyatda pis-yaxşı çox şeylər görmüşəm, daha məni heç nə ilə heyrətə salmaq, təəccübləndirmək olmaz. Özü də yorulmuşam, axşam tamaşa var, gedib yatmaq lazımdı. Bircə şeydən qorxurdum. Qorxurdum ki, Şakirlə qabaqda gedən Badam birdən məni çağırıb, gülə-gülə deyər ki, get yüz qram konfet al mənə". Əsərin qəhrəmanının-kasıb aktyorun keçirdiyi qorxu hissi təbiidir, hekayə boyu bu aktyorun keçirdiyi hisslər sona yetir.
Şahmar, Vidadi Məmmədov, Tofiq Abdin, Nadir Cabbarlı, Doktor Sabirgbunlar bir yerdə gəzib-dolanar, yeyib-içməkləri, zarafatları, ədəbiyyat haqqında söz-söhbətləri bir olardı, bulvarda, o məşhur çayxanada. İndi onların heç biri həyatda yoxdu. Qəfil ölümlər Şahmarla başladı. 88-ci ildə, yanvarın 9-da. Vaqif Bayatlı sonralar "88-ci il" şeirini yazdı.
88 - səksən səkkiz-iki səkkiz,
səksən səkkiz-iki gözdən
bir dərdin sapına düzülüb gələn
dörd damla göz yaşıtək,
88 - səksən səkkiz -
səs-səsə verib ağlaşan
iki körpə, iki bələk.