adalet.az header logo
  • Bakı 6°C
23 Dekabr 2016 16:05
538211
ƏDƏBİYYAT
A- A+

YAŞAMAQ İSTƏYİRƏM…

Həyat gözəldir… Bunu mən demirəm, yəni mənə məxsus fikir deyil. Deyiblər, təkrar edirəm. Amma mənə qalsa, həyatın gözəlliyindən daha çox eybəcərliyi var, ağrı-acısı var, problemi var. O qədər enişli-yoxuşlu, dərəli-təpəli, kol-koslu, daha nə bilim ürək ağrıdan, göz göynədən, fikir çaşdıran məqamları var ki, adamın hərdən «həyat gözəldi» sözünün özünə də yazığı gəlir…

Yəqin bu girişə görə, bir balaca dilxor olacaqsınız və ola bilsin yazının ardını oxumayacaqsınız. Bilirəm, bunu o adamlar edəcək ki, onlar üçün həyat gözəldi. Mənim yazdıqlarımın, söylədiklərimin onların həyatına heç bir dəxli yoxdu. Və bu barədə nə düşünüblər, nə xəyal qurublar, nə də yuxu görüblər. Çaşıb yuxu görüblərsə də, onu elə yuxudaca unudublar. Mən isə hamının qəbul etdiyi bu gözəl həyatın bütün qüsurları ilə birlikdə mənə yer ayırdığına görə qədrini bilirəm, ona önəm verirəm, onu dəyərləndirirəm. Bir növü həyatın qılığına girmək istəyirəm, könlünü ələ almaq, dilini tapmaq və payıma düşən ömrü adam kimi yaşamaq məqsədilə atıram bu addımı. Lakin mənim saydığı fələk saymır. Mənim istəyimlə həyatın düzəni, qanunları heç uyğun gəlmir. Mən ha yaxınlaşıram, o məndən uzaqlaşır, mən ha əl uzadıram o əlimin üstündən vurur. Və beləcə, bir-birimizlə didişə-didişə günü axşam edirik…

Bütün bunlar təbii ki,hansısa səbəbdən qaynaqlanır, nəyinsə ifadəsidi, nəyinsə əlamətləridi. Və mən özümdən qat-qat ağıllı adamlarla hər söhbətimdə bu səbəbi çözməyə, öyrənməyə çalışıram. Aldığım bilgilər, məsləhətlər məndə belə bir əminlik yaradıb ki, sən demə, mən bu dünyanın, bu həyatın adamı deyiləm. Bu həyata ya gec gəlmişəm, ya da tez. Ona görə də mənim yaşam kartım doldurulmayıb, elə səfil kimi zaman kəsiyi ayrılıb mənə, kitabdan, dəftərdən, qeydiyyatdan uzaq. Və orada da bir şərt qoyulub: Başını sal aşağı, bacardığın kimi yaşa, heç kimin əl-ayağına dolaşma! Mən də mövcud olduğum üçün o qaydaya uyğunlaşa bilmirəm, o şərtə tabe olmuram. Hamı kimi, normal insanlar kimi qeydiyyatda olmaq, yaşamaq, hüquqlarımdan istifadə etmək iddiamla çıxıram ortalığa. Və təbii ki, bu da həyatımı həmin o gözəlliklərdən məhrum edir. Qalıram…

Hə, mən oturub-durub, fikirləşib yol tapmaq və tapılan yolun da müəyyən bir işıqdan keçməsini qərarlaşdırdığım anda qəfil əsən külək o işığı söndürür. Və qaranlıqda bir növü qara pişiyi axtaran kimi yenə qalıram özümlə, sözümlə, dərdlərimlə baş-başa. Onda Allahın və bir də ümid yeri saydığım adamların adı, ünvanı, gəlib düşür yadıma. Təbii ki, Allahı unutmaq mümkün deyil. Şəxsən mən bu fikirdən çox-çox uzaqdayam. Kimlərsə unudubsa, babal öz boyunlarına. Amma elə buradaca birmənalı şəkildə xatırladım ki, kifayət qədər Allahı unudan insanlar var. Elə bu həyatın gözəlliklərinə də kölgə salanların birinciləri də məhz o, Allahı unudanlardı. Bu öz yerində. Mən isə təbii ki, Allahını unutmayıb, savab işlərini və vətəndaşlıq borclarını öndə tutanları daha çox arzulamışam və onların çox olmasını Allahdan diləmişəm. Bəlkə də bugünkü durumuma gəlib çatmağıma qədər uğurlu nələr olubsa, onların təkanvericiləri, himayəçiləri, şərait yaradanları elə həmin o, Allahını tanıyanlar və insanlıq missiyalarını əsas qayə hesab edənlər köməkçim olublar. Və mən də hər zaman bu köməyə, bu himayəyə, bu dəstəyə görə, onlara minnətdaram. Və…

Dəfələrlə yazmışam və hələ nə qədər də yazacağımı bilmirəm. Amma bu mövzunu son ana qədər qələmimdə, vərəqimdə saxlayacağıma əminəm. Çünki söhbət mənim yaşamımdan gedir. Bir cümləylə xatırladım ki, həyat yolundan xəbərdar olanlar indi özülsüz gecəqondumun da başının üstündə qılınclar oynadığından xəbərdardılar. O qılınclar mənim və elə ailəmin də həyatının ən böyük təhlükəsidi… O qılınclar mənim həyatımın gözəlliklərdən uzaq düşməsinə tuşlanmış yoldu. Sanki bilərəkdən, məqsədli şəkildə məni yaşamaqdan məhrum etmək, necə deyərlər, canımı boğaza yığmaq istəyirlər. Ona görə də ilk öncə ağlıma ölüm gəlir. Və mən bu ölümün də asan olmadığını bilirəm. Və onu da bilirəm ki, ölümə qaçıb çatmaq da o qədər asan deyil. Hətta şeirlərini böyük maraqla oxuduğum Sona xanım Vəliyevanın yazdığı kimi:


Yol hanı çıxıb getməyə,

Qaçıb ölümü ötməyə?

Külümdə od böyütməyə

Bağlanıram yarpaq-yarpaq.


Can dediyim qorxum imiş,

Uçub gedən ruhum imiş.

Ölüm solğun yuxum imiş,

Oyanıram yarpaq-yarpaq.


Bax, mən də elə həm yarpaq-yarpaq, həm də qıyma-qıyma doğranıram içimdə. Doğrana-doğrana da qaçıram - həm özümdən, həm də bu həyatdan. Qaçmağım da səbəbsiz deyil. Təkrar vurğulayıram ki, məni qaçmağa başımın üstündə oynayan qılınc, haqqımın tapdanması, ürəyimin pıçıltılarının eşidilməməsidi. Qaçıram, qaçıram, amma hələ ki, ölümə çata bilmirəm. Ona çatana qədər isə nə olacaq, ondan da xəbərsizəm. Çünki düşündüklərimin hamısını indi ifdə etmək mənə çətindi. Çətin olmayan isə bu ana qədər ifadə etdiklərimdi.


Gözünü qabar etmişəm

Gedirəm, gözün dincəlsin!

Dilində yaman bitmişəm -

Gedirəm, sözün dincəlsin!


Rahatlıq gəlsin ömrünə

Toxunur kölgəm sinrinə…

Vallah, heyranam səbrinə -

Gedirəm, dözüm dincəlsin!


Mənə edilən hücumda

Pis olma qardaş-bacıyla…

Yüklənib ağrı-acıyla -

Məndəki özün-dincəlsin!


***

Hə, insan ümidsiz olanda mənim inancıma görə, qərar da qəbul eləyə bilmir. Bir növü silahsız əsgər kimi olur. Dayandığı səngərdə, durduğu nöqtədə nişangaha çevrilir. Ona görə də ümid mənim üçün yaşamağa bir qarantdı. Çox təəssüf ki, bu qarantı gözgörəti öldürürlər və öldürənlərin səsi ölənin səsindən o qədər bərk çıxır ki, onu eşitməmək mümkün deyil. Təbii ki, eşidilən səsin qarşılıq reaksiyası olur. Bu reaksiya o zaman gerçəyin ifadəsinə çevrilir ki, kimsə dizini yerə qoyub sona qədər çözür, mahiyyətə varır. Çox təəssüf ki, bizim müdrik kəlamlar söyləyən atalarımız bir qəribə fikir də söyləyiblər. Deyiblər ki, günah öləndə olur. Və bunu da onunla əsaslandırıblar ki, ölən özü ölümü haqq edir, ona şərait yaradır, ona səbəblər cücərdir. Və nəticədə də qurbana çevrilir. Amma heç deyən olmur ki, ölən bütün bunları nədən edir? Dəlidi, yoxsa başqa bir məramı, məqsədi var. Yoxsa, onu buna vadar edirlər və sairə və ilaxır. Üstəlik, şərait, məkan, zaman bunlar necədi? Bax, bütün bu suallar indi mənim içimdəki ümidin demək olar ki, sağında, solunda at oynadır. Çünki mən ölümün dalınca qaçıram. Qaçdığım məqamda da söylədiyim kimi ümidi də unutmuram. Və inanın ki, bu anın özündə içimdəki ümid mənə söyləyir ki, həyatda biri ilə həmsöhbət oluduğum, birinin isə fəaliyyətini, xidmətini, işini gözlərimlə gördüyüm iki şəxsə üz tut, onlara müraciət elə. Və mən açığı, bu yazını yazdığım məqama qədər ümidin mənə söylədiyi həmin o iki ünvanı, o iki ismi içimdə azı min dəfə təkrarlamışam. Ən yaxın adamlarıma məsləhət üçün söyləmişəm. Və onların reaksiyalarından anladıqlarımın özünü də ələkdən keçirmişəm. Gəldiyim son nəticə bu olub ki, əgər yaşamaq istəyirəmsə, mütləq kiminsə qapısını döymək lazımdı, kiməsə üz tutmaq lazımdı. Söhbət burda məkan dəyişməkdən, köç etməkdən getmir. Sadəcə, burda söhbət adi bir insan, vətəndaş ömrünü yaşamaqdan, onu adambalası kimi başa vurmaqdan gedir!..

Bəli, mənim üz tutmaq istədiyim və haqqımın qorunmasında mənə yardım edəcəyinə ümid bəslədiyim insanlardan biri Naxçıvanda, o biri isə qardaş məmləkətimiz olan Türkiyədə Trabzon şəhərindədi və hər ikisi də böyük səlahiyyət sahibləridi. İçimdən gəlib keçir ki, onlara məktub yazım. Naxçıvanın və Trabzonun ən böyük səlahiyyət sahiblərinə rica edim ki, bir türk oğlu türkün, bir Allah bəndəsinin, bir insanın adam balası kimi qalan ömrünü ailəsi ilə birlikdə öz gecəqondusunda yaşamasına kömək etsinlər. Çünki ölkənin baş kəndində, ölkənin paytaxtında məni eşidən yoxdu. Səsim harada qalır, səsim eşidilmir. Elə bil ki, lalam. Elə buradaca yeri gəlmişkən, nə vaxtsa yazdığım bir şeirimdə demişdim ki:


Susmuşam, danışmıram

düşümə ki, lalam…

yox,

sadəcə istəyirəm ki,

yadında

elə-belə

lal kimi qalam!..

çünki

danışsam

səni

«sevirəm!» söyləyəcəm

sənin də cavabından

ömrüm uzunu

göynəyəcəm!..

odur ki,

lal olmaq

sənin də yaddaşında,

ömründə

rəhm etdiyin

biri kimi

susqun qalmaq

daha gözəldi!..


Bax, eşidilməyən səsimin hətta sevgimdə də nə qədər ağır sarsıntılar, üzüntülər yaşadığını yəqin ki, oxuduğunuz misralardan duydunuz. Zənnimcə, bu da mənim qədərimin bir göstəricisidi. Yəni, hamının qəbul etdiyi «həyat gözəldi» fikri mənim «həyat cəhənnəmdi» fikrim ilə yanaşı addımlamır… Bu gerçəkliyi mən qəbul etmişəm və barışmışam. Sadəcə olaraq heç kimə qarşı getmədən hamının fikrinə hörmət etməklə həyatı olduğu kimi, daha doğrusu, mənə ayrılan kimi yaşamaq məcburiyyətindəyəm. Başqa yolum yoxdu…

***

İndi ilin son günləridi, 2016 yır-yığış edir. Qalıb divardan asdığı papağını götürmək. Necə deyərlər, bu il mənim gözəl olmayan həyatımda iki məqamla qalır. Onun bu gözəl olmayana bir gözmuncuğudu, bir nəfəsdi. Onlardan biri Trabzonda həmsöhbət olub, müsahibə götürdüyüm Trabzon Şəhər Bələdiyyəsinin başqanı Ahmet Metin Genç bəylə tanışıldığım, ikincisi isə iki gün ziyarət etdiyim Naxçıvan torpağında yaşadığım anlardı. Bax, bu iki məqama görə, Mən 2016-nın arxasıyla danışmayacam. Və necə gəldi, necə getdi müzakirəsini açmayacam. Sadəcə, ona da, elə bu yazını oxuyan hər kəsə də bir istəyimi deyəcəm və deyirəm:

- Yaşamaq istəyirəm, imkan verin!!!

Hə, nəhayət, bilin ki, bu gözəl olmayan həyatda yaşamaq özü də maraqlıdı. Çünki yaşayanda düşünürsən, sevirsən, çarpışırsan. Necə deyərlər, var olursan. Var olmaq da elə hər şey deməkdi. Sadəcə, ağlamamaq şərtiylə. Ona görə də:


Məni kövrələn görüb

Sən hər gün söz başında…

Barmağının ucunu -

İslatma göz yaşında…


Fikrim düyün, yolum sərt

Canım soyuq, qolum sərt…

Ha istədim olum sərt -

Buz əritdin içimdə…


Tanrım məni eşitsin

Gözdən yaş tək düşürtsün…

İstəmirəm üşütsün -

Səni məzar daşında!..


Bax, bu da son. Son olmayan isə yaşamaq istəyimdi.