adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2016 14:20
161381
MÜSAHİBƏ
A- A+

“Tarixin yaddaşında yaşamaq istəyirəm” - MÜSAHİBƏ

Nərgiz Eminova: "Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnet ifaçısı adı ilə tanınmış musiqiçi olmaqdır”

Musiqi insan ruhunun qidasıdır. Bu sahədə bir çox dahi bəstəkarlar, sənətkarlar tarixdə iz qoymuşdular. Azərbaycanda da akademik musiqinin banisi Üzeyir Hacıbəyovdur. Musiqinin müxtəlif növləri var. Bunlardan biri də klarnet musiqi alətində ifa edənlərdir. Bu sahədə llk addımların atan Nərgiz Eminova da uşaqlıqdan klarnetin vurğunu olmuşdur. Klarnet ifaçısı Nərgiz xanım tələbə olmasına baxmayaraq artıq bir çox konsertlərdə iştirak etmiş, mükafatlar qazanmışdır.

Adalet.az gənc klarnet ifaçısı Nərgiz Eminova ilə müsahibəni təqdim edir:


- Özünüz haqqınızda bir az məlumat verərsiniz...

- 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Beş yaşım olanda valideyinlərim piano ixtisası üzrə Müslüm Moqomoyev adına 26 nömrəli musiqi məktəbinə yazdırdılar məni. Yeddi il orda təhsil aldım. Ancaq uşaqlıqdan həvəsim pianoya yox klarnetə idi. Anam isə məni piano ifaçısı kimi görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. 2008-ci ildə valideyinlərim məni musiqi təhsilimi daha kamil davam etdirmək üçün Bülbül adına orta ixtisas musiqi məktəbinə qoydular. Mən burda oxumağa beşinci sinifdən başladım. Artqı onuncu sinifdə olarkən ixtisasım klarnet idi. 2014-2015-ci ildə mən Bülbül adına orta ixtisas musiqi məktəbini fəxri fərmanla bitirdim və bitirdiyim il Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasına imtahansız klarnet ixtisası üzrə qəbul olundum. Hal-hazırda Bakı musiqi akademiyasının ikinci kurs tələbəsiyəm.


- Musiqiyə marağınız yəqin ki, uşaqlıqdan olub...

- Bəli musiqiyə marağım uşaqlıqdan olub. Uşaqlıqdan musiqi dinləməyi, oxumağı çox sevirdim. Valideyinlərimdə bu istəyimi görərək məni musiqiyə yönəltdilər.


- Klarnetin hansı növündə ifa edirsiniz?

- Klarnetin ifa etdiyim növü fransuzki system B-klarnetdir. Təbii ki, klarnetin müxtəlif növləri var. Məsələn, A klarnet, B klarnet, Bass klarnet, Alt klarnet. Orkestrlarda bəzən A klarnetdə istifadə olunur.


- Çox vaxt klarnet ifaçıları kişilərdən çıxır. Necə oldu ki, bu musiqi aləti diqqətinizi çəkdi?

- Bəli, sizinlə razıyam əksər hallarda klarnet ifaçıları kişilər olur. Əsasəndə Azərbaycanda. Amma xaricdə orkestrlarda qadın klarnet ifaçıları da olur. Sadəcə olaraq Bakıda görülmədiyinə görə qeyri-adi baxılır. Bizim insanların psixologiyasına belə həkk olunub. Klarnet dedikdə ağıla ilk gələn kişi və milli rəqslər olur. Demək olar ki, mən yenilik etmişəm. Əslində isə uşaqlıqdan marağım var idi. Klarnet ifaçılarını gördükdə, klarnet səsini eşitdikdə daha da həvəsim artır və diqqətim klarnetə yönəlirdi.


- Azərbaycan klarnet ifaçılarından kimləri sevirsiniz? Vəli Qədimovun ifalarına qulaq asırsınız?

- Əsasən klassiklərə qulaq asıram Sabina Meyyer, Julian Bliss, Milan Rericha, Martin Frost, Mate Bekavec və s. Milli musiqilər isə bizim damarımızda var əlbəttə ki, Vəli Qədimov, Ələkbər Əsgərov, Şəmsi İmanov, Hakim Abdullayev, Şərbət Rzaquliyev və s. sənətkarların ifalarını sevərək dinləyirəm.


- Klarnet sizin üçün nə deməkdir?

- Maraqlı sualdır. Klarnet nəfəs alətlərinin şahıdır. Nəfəs alətləri içində ən mürəkkəb alətdir. Mənim üçün klarnet bütün həyatım deməkdir. Həyatımı, gələcəyimi klarnetsiz təsəvvür edə bilmirəm. Əlbəttə ki, bütün bunları mənə öyrədən, zəhmətimi çəkən, klarnetin müəyyən çətinliklərini, sirrlərini mənə başa salan müəllimim Anar Məmmədova borcluyam.


- Konsertlərə dəvət alırsınız?

- Əlbəttə konsertlərə, çəkilişlərə, ansanbıllara dəvət alıram. Müxtəlif konsert salonlarında çıxışlarım olub. Müslüm Moqomoyev adına Azərbaycan Dövlət Filarmoniyasında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrı ilə, Azərbaycan Respublikasının xalq artisti, bədii rəhbər və baş drijor Teymur Göyçayevin rəhbərliyi altında çıxışım olub. Azərbaycan Dövlət Kamerasının musiqi zalında, Heydər Əliyev mərkəzində, Kapellhausda, və s. konsert salonlarında. Bir çox fəxri fermanlar, dimlomlar, sertifkatlarla təltif olunmuşam. Dəfələrlə xaricdən gəlmiş masterclasslarda iştirak etmişəm. Hal-hazırda da respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında "Azərbaycan dövlət gənclər simfonik orkestr"-ında fəaliyyət göstərirəm.


- Klarnet ifaçılarını filmlərdə çox vaxt kasıb, ağır bir həyat yaşayan görmüşük. Yalnız filmlərdəmi belədirmi, yoxsa həyatda da klarnet ifaçılarının taleyi acınacaqlı olur?

- Yəqin filmlərdə belə olur. Allah hər kəsə bir ömür, qismət, alın yazı verib. Mən deyə bilmərəm ki, klarnet ifaçılarının taleyi acınacaqlı olur. Məncə sənətkar həyatda və sənətdə özünə yer tapmağı bacarmalıdır.


- Klarnetdən başqa digər musiqi alətlərinə marağınız olubmu?

- Bəli marağım olub. Klarnet əsas ixtisasım olmağına baxmayaraq saksafon, zurna, balaban, truba bu alətlərə marağım var. Bunlardan zurna, balabanı azda olsa bacarıram. Gələcəkdə isə qismət olsa öyrənmək fikirim var.


- Son olaraq, hədəfləriniz nədir?

- Gələcək üçün ilkin olaraq oxuduğum universiteti qırmızı diplomla bitirib magistra qəbul olmaqdır. Yaradıcılıqla bağlı isə hər zaman sənətimin birincisi olmağı, peşəkar ifaçı olmağı arzulayıram və bunun üçün də çox çalışıram. Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnet ifaçısı adı ilə tanınmış musiqiçi olmaqdır. Seçdiyim sənət üzrə, ifamla tarixin yaddaşında yaşamaq istəyirəm.