Adalet.az | Rəşad Mahmudov: “Azərbaycanda yaxşı həkimi xalq dolandırır” Adalet.az | Rəşad Mahmudov: “Azərbaycanda yaxşı həkimi xalq dolandırır” Adalet.az | Ədalət -
ANA SƏHÄ°FƏ / MÜSAHİBƏ

Rəşad Mahmudov: “Azərbaycanda yaxşı həkimi xalq dolandırır”

13443    |   2016-12-19 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Türkiyədə terapevt təhsilini bitirdikdən sonra gedib dövlət xəstəxanasında işlədiyi zaman dövlətdən aldığı rəsmi maaşı 4-5 min dollardan başlanır”

Milli Məclisdəki büdcə müzakirələri zamanı ölkə səhiyyəsindəki durum və icbari tibbi sığortaya keçilməsi zərurətindən də çox danışıldı. Azərbaycan vətəndaşının ölkə səhiyyəsinə inamını bərpa etməklə yanaşı, tibb sahəsində çalışanların əmək haqqının artırılması istiqamətində ciddi addlımların atılması da vacib məsələlərdən hesab edilsə də, indiki maliyyə böhranı şəraitində bu, o qədər də real görünmür. Deputat, ürək-damar cərrahı, tibb elmləri doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri Rəşad Mahmudovla bütün bunlar barədə danışdıq.

- Rəşad həkim, parlament fəaliyyətinizin 1 ili tamam oldu. Necə bilirsiniz, bu, sizin qazanılmış ilinizdir, yoxsa itirilmiş?

- Birmənalı olaraq, əlbəttə ki, qazanılmış il sayıram. Çünki öz peşəkar fəaliyyətim xaricində belə bir siyasi hadisəyə öz iradəmlə girdiyimə görə kənardan göründüyündən fərqli olaraq, bu ab-havanın içində olmaq, dünyaya, həyata, siyasətə baxış baxımından bəlkə də bu, mənim ən rəngli illərimdən biri oldu.

- Bu da var ki, siz ölkədə yaxşı həkim, gözəl ürək cərrahı olaraq məşhurlaşdınız. Parlament fəaliyyəti sizin zamanınızı almır ki?

- Əgər həqiqətən sevdiyin və dəyər verdiyin bir sənətlə məşğulsansa, gün 24 saat deyil, 48 saat, il 365 deyil, 1000 gün olsa belə, yenə sənə zaman yetməz. Allah-Təalanın da bizə verdiyi ömür içərisində tələbəlik, aspirantura, doktorantura təhsilləri, aldığım elmi adlar zamanı öyrənmə mərhələsində olduğum kimi, son 10 il ərzində Azərbaycanda həm peşəkarcasına öz sahəmdə çalışmaqla yanaşı, həm də bir məktəb yaratmağa çalışdıq. Artıq şöbəmizin 120-yə yaxın işçisi peşəkarlıqla öz sahəsinin dərinliklərini bilməkdədir. Vətəndaş olaraq da əlbəttə ki, bu gördüyüm işlərlə birlikdə sadəcə əməliyyat etmək və insanların sağlamlığının keşiyində durmaq deyil, məktəblər yaratmaq və eləcə də ali qanunverici orqanda ölkə səhiyyəsinin bugünkü vəziyyəti, gələcək inkişafı, gələcəkdə insanların səhiyyənin var olan vəziyyətindən daha çox istifadə etməsi, sadə dildə desək, bu gün həkim kimi tanınan Rəşad kimi yüzlərlə həkimin, tibb işçisinin öz işini daha rahat şəkildə həyata keçirə bilməsi, öz işindən razı olması, xəstələrin həkimdən və səhiyyədən razı qalması önəmli məsələdir. Subyektiv bir xidmət sahəsi olduğuna görə qanunverici bazada nə qədər çox görülmüş işlər olsa belə, həm icraedici, həm qanunverici sistemdə hər gün yeniliklərin vacib olduğu sahələrdəndir. Ona görə də mən bunu qarşıma məqsəd qoyaraq gəldim ki, bu gün ən azı səhiyyənin içində olan şəxs olaraq həm səhiyyə işçilərinin problemlərinin həlli və onlar üçün daha rahat iş şəraitinin yaradılması üçün qanunverici orqanda bəlli bir işlər görməyə çalışım.

- Həkim, icbari tibbi sığorta ilə bağlı gözləntilər hələ ki, reallaşmayıb. Yalnız indi pilot layihələrə başlanılması qərara alınıb.

- Son bir illik müddətə baxsaq, 25 illik müstəqillik dövründə Azərbaycanda ən çox işlər elə son ildə görülüb. "İcbari tibbi sığorta haqqında” qanun 17 ildən artıq idi ki, var idi, amma son bir il ərzində ən azı pilot layihənin hazırlanması reallaşıb. Bununla bağlı prezident sərəncamı var və hazırda iki rayonda proses başlanıb. Bu, 25 illə müqayisədə bir ildə görülən çox böyük işdir. Dediyim kimi, səhiyyə xidmət sahəsi və subyektiv dəyərlərə malik olduğuna görə, başlamaq hər şeyin bitməsi, yaxud gözəl nəticə almaq mənasına gəlmir. Bu, hər gün üzərində işlənilməsi lazım olan və multifaktorial hadisələrə dayalı xidmət sahəsidir. Yəni xəstənin, tibb işçilərinin dövlətin istək və arzuları, bunların bir yerdə olması, bütün bunların doğru şəkildə tənzimləmək, elmin və tibbin var olan imkanlarının maksimal şəkildə insanlara çatdıra bilmək, lazım olan vəsaitin ortaya qoyula bilməsi, bunun mənbəsinin tapılması kompleks həll olunmalı məsələdir.

- Ağrılı bir məsələdir ki, ölkə səhiyyəsində etimad məsələsi heç də ürəkaçan səviyyədə deyil. Qonşu ölkələrə axın da bunu təsdiqləyir. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?

- Bunun təməlində bir neçə faktor var. Mən hadisəyə bir az fərqli aspektdən yanaşacağam. Həqiqət odur ki, sadəcə, bizim ölkəmizdə deyil, postsovet ölkələrində bənzər situasiya hökm sürür. Deyək ki, Rusiya və İranın müqayisəsini aparsaq, tibbə inamda çox böyük fərq var. Rusiyanın tibbi xidmətinin səviyyəsi bəlkə digər postsovet ölkələrindən yüksək ola bilər, amma Rusiya vətəndaşı imkanı olan kimi qalxıb Avropa ölkələrinə gedir. Bəs, nəyə görə bir İran vətəndaşı buna ehtiyac hiss eləmir? Nəyə görə postsovet ölkələrində bu inamsızlıq var? Məncə, əslində bu yaranın təməli Sovetlər Birliyi qurulduğu günlərdə qoyulub. SSRİ-nin ilk səhiyyə naziri Semaşko olub. Mənə görə ümumiyyətlə, sovet sisteminin tibbinin bugünkü reallıqlarının təməlində onun bir kəlməsi durur. O zaman büdcə hazırlıqları zamanı maaşla əlaqədar müzakirələr gedərkən səhiyyə naziri belə deyir ki, pis həkimə 100 rubl çoxdur, yaxşı həkimin maaşa ehtiyacı yoxdur, onu xalq dolandırar. Mən fəlsəfi olaraq bu düşüncənin sovetlər sistemindəki bütün respublikaların səhiyyə sisteminin iflic olmasının səbəbi olaraq görürəm. Yəni məsələlər həkimin şəxsiyyəti, onun şəxsi bacarıqları üzərində qalıb. Halbuki səhiyyə bir sistemdir, bu sistemin içərisində bir şəxsin yüksək bilgiyə sahib olması əsas deyil, səhiyyə sisteminin 24 saat ərzində doğru bir şəkildə işləməsi lazımdır. Bunun içərisində maliyyə işləri, dərmanların, tibbi ləvazimatların doğru tədarükü, ölkənin hansı hissəsində hansı xəstəxananın hansı yataq sayında olması məsələsi, həmçinin elmi-texniki bazanın gecə-gündüz inkişaf etdirilməsi var.

- Digər ölkələrlə müqayisəli təhlil nə deyir?

- Mən inkişaf etmiş ölkələrdən danışmıram. İnkişaf etməkdə olan, normal tibbə malik ölkələrin səhiyyə büdcələrinə baxın. Bugünkü qiymətlərdən, rəqəmlərdən danışmaq istəmirəm. Sadəcə, bir şey deyəcəyəm: ümumi daxili məhsulun 5 faizin altında büdcədən dəyər biçilən səhiyyələrin vəziyyəti çox pisdir. Amma postsovet ölkələrinin çoxunda bu dəyər 1 faizin altındadır.

- Həkimin maaşının aşağı olması da faktdır. Eyni zamanda, əhalinin yoxsul təbəqəsi də Semaşkonun dediyi kimi, həkimi dolandırmaq imkanına sahib deyil. Belə olan halda indiki keçid dövrü üçün çıxış yolu, sizcə, nədir?

- Əlbəttə ki, ağlın, məntiqin yolu birdir. Dünyanı yenidən qurmağa və yaxud nələrisə sübut etmək üçün yeni ideyalar ortaya atmağa ehtiyac yoxdur. İnkişaf etmiş ölkələrdə və öz xalqının güvənini qazandığı tibb sistemlərində hansı yolları keçiblər, bu, ortadadır. Onların nümunəsini doğru bir şəkildə götürüb ölkəmizdə tətbiq etdiyimiz zaman inanıram ki, doğru nəticələrə gələ bilərik. Amma tibbin bu vəziyyətdə olması sadəcə, 2016-cı ilin problemi deyil, təməli uzun illərə dayanan bir məsələdir. Deyir həyatda bir şeyə necə yanaşırsansa, o, sənə eyni reaksiyanı verər. Tibb fakültəsi ən yüksək balın tələb olunduğu sahə olub həmişə. Yaxşı, qəbul olunduqdan sonra hamı 4 il oxuduğu halda, nəyə görə bu fakültədəkilər 6 il oxuyur? Demək bu sahənin bir xüsusiyyəti var. Yaxşı, 6 il oxuduqdan sonra niyə yenidən bir imtahana girərək 4-5 il yüksək ixtisaslaşma, rezidenturada davam edir? Sadəcə kitabdan yox, kadavralardan istifadə olunur, insan üzərində yüzlərlə müdaxilələr üçün təcrübələrdən keçirlər. Yəni yüksək xərc tələb edən belə bir sənətə sahib olan insana daha sonra əlbəttə ki, verilən maaş ona verilən qiymətdir. O da özünə qoyulan qiymət nədirsə, onun qarşılığını verməlidir. Mən fəlsəfi olaraq düşünürəm ki, bu günə qədər biz səhiyyəyə və tibbə doğru qiymət verə bilməmişik. Söhbət tək Azərbaycandan getmir, postsovet məkanından gedir.

- Amma Azərbaycan vətəndaşı Gürcüstana müayinə və müalicəyə getdiyi halda, Gürcüstandan Azərbaycana gələn yoxdur. Demək, vəziyyət eyni deyil...

- Mən bir həkim kimi deyirəm ki, 10 il əvvəllə müqayisədə bu gün böyük bir fərq var, insanların tibbə inamının xeyli artdığını görürük. Gürcüstan vətəndaşının buraya gəlməməsinin səbəbi o deyil ki, orada yaxşı tibbi xidmət var. Sadəcə, tibbi xidməti öz ölkəsində tibbi sığorta sayəsində ala bilir. Onun kənara gedib ödəmə etməsinə gərək yoxdur. Yaxud iranlının Azərbaycana gəlməsinə ehtiyac qalmır. Çünki onsuz da öz ölkəsində pulsuz müalicə oluna bilir.

- Azərbaycan büdcəsi təkcə xəstələrin xaricə üz tutması nəticəsində itirmir. Həm də həkimlər xaricdə işləməyə üstünlük verir. Statistika nə deyir?

- Avropada və Türkiyədə Azərbaycandan çoxlu işləyən həkimlər var. Xüsusilə də müstəqillik illərində Türkiyədə təhsil alan həkimlərin bəlli bir hissəsi geri qayıtmadı. Mən yaxın keçmişdə böyük bir tədbirdə iştirak etdim, ürək-damar cərrahiyyəsi sahəsində 20-yə yaxın ürək cərrahının Azərbaycana qayıtmadığını, orada qalıb işlədiyini gördüm. Amma söhbət təkcə bu sahədən getmir.



"Biz səhiyyə və tibbə doğru qiymət verə bilməmişik”

- Xarici ölkələri bizim həkimlər üçün cəlbedici edən əsas səbəb nədir?

- Türkiyədə terapevt təhsilini bitirdikdən sonra gedib dövlət xəstəxanasında işlədiyi zaman dövlətdən aldığı rəsmi maaşı - digər imkanlardan danışmıram - 4-5 min dollardan başlanır. Mən özəl xəstəxanalarda işləyən azərbaycanlılardan danışmıram.

- Bəs, təhsilini başa vurub geri qayıdanlar burada nə qədər maaş alır?

- Rəsmi olaraq dövlət xəstəxanalarındakı maaşlar hər kəsə bəllidir.

- 160-170 AZN?

- Bəli. Bəzi xəstəxanalarda hansısa fərqlər olur. İcbari tibbi sığorta 2017-də başlayacaq, amma bu sahədə ciddi bir fərq ortaya qoymaq mümkün deyil. Sadəcə, bir neçə xəstəxana var ki, dövlət xəstəxanası ola-ola həm də özünümaliyyələşdirmə sistemində çalışır və rəsmi bir şəkildə vergi ödəyicisidir, o xəstəxanalar həkimlərə və orta tibb personalına əlavə qazandığı dəyərin müqabilində bəlli bir faizlərlə rəsmi maaş verirlər. Amma ümumilikdə ölkə səhiyyəsinə baxdıqda, əlbəttə, böyük bir fərq var. Bəlkə də bundan çox şikayət edən yoxdur. Çünki həqiqətən də Azərbaycanda yaxşı həkimi Semaşkonun bir əsr əvvəl dediyi kimi, xalq dolandırır. Amma əslində həkim o şəkildə işləmək istəmir. Həkim sivil dünyada olduğu qaydada işləmək istəyir. İcbari tibbi sığortanı başlatdığımız zaman - bu, eqoizm kimi qəbul olunmasın - bəlkə də işin gözəl nəticəsini almaq istəyiriksə, birinci həkimlərin sığortalanmasına nail olmalıyıq. Gecə-gündüz tibbi xidmətlə məşğul olan insan yaşlandığı zaman özünün müalicəsi üçün tibbi sığortaya malik olmalıdır.

Ən azı, bu testi onların üzərində həyata keçirə bilərik ki, özünüzə hansı xidmətin göstərilməsini istəyirsinizsə, gələcəkdə bu, xalqa da tətbiq olunsun. Yəni icbari tibbi sığorta həkimlərin üzərində başlana bilərdi. Elə təsəvvür edin ki, müəllim özünə, öz balasına təhsil verə bilmir. İcbari tibbi sığorta ilə əlaqədar olan problem sadəcə hansısa sosial-iqtisadi problemli insanların deyil, hər kəsin problemidir. Amma düşünürəm ki, başlanğıc işin 50 faizidir. Hər halda bunu 2017-də başlayacağıq.

Mən çox ümid edirəm ki, dövlətin ən azından qoymuş olduğu bu iradə sayəsində icbari tibbi sığorta sistemi gözəl bir nümunəyə çevriləcək və bu nümunə ölkənin hər yerinə yayılacaq. Amma bu işləri sadəcə hansısa bir ödəmənin alınıb-verilməsi kimi dəyərləndirmək doğru deyil. Bunun üçün birmənalı olaraq doğru taktikaların seçilməsi, gələcəkdə hansı xəstəlikləri əhatə eləməsi, kadr siyasətinin doğru aparılması, bunun sadəcə sözdə qalmayıb, əməli işdə reallaşması gərəkdir. Tibbi sığortadan yararlanma işinin iki tərəfi var. Bu, iki ayağı olan varlıq kimidir. Ayağın biri tibbi sığortadır, digəri sığorta tibbidir. Tibbi sığorta ödəməni edən maliyyə sistemidir, təşkilatçılıq işlərini görür. Sığorta tibbində isə söhbət sığortaya uyğunlaşmış səhiyyə xidmətini verən xəstəxanalardan, səhiyyə sistemindən gedir. Bu iki sistem birlikdə doğru addımlar ata bilməsə, o varlıq yerə yıxılar. Biri doğru işləməsə, digər işləsə, o, axsaq insana bənzəyər. Yəni tibbi sığorta ilə sığorta tibbinin eyni ahəng altında kardinal şəkildə işləməsinə ehtiyac var.

Elşad Paşasoy - Musavat.com


Ä°mza:

"Cəmiyyətimizin gələcəyini mollaların ixtiyarina verməməliyik" - Rəşad Məcid

“Milli Məclisin ayrıca Hesablama Palatasını yaratmalıyıq” - MÜSAHİBƏ

Özü olan "Manera" - MÜSAHİBƏ

"İnsanların yanaşmasına görə əgər gəncsənsə, deməli, təcrübəli deyilsən" - MÜSAHİBƏ

Polad Bülbüloğlu UNESCO-nun baş direktoru seçilsə...

Xalq artisti: “Burnu əyri, qulağı yekə aktyorları baş rolda çəkirlər"

Aqil Abbas: “Qarabağ” pula yox, qeyrətə görə oynayırdı”

“Dinə inanmağın mənası yoxdur” - MÜSAHİBƏ

"ƏDV yerli vətəndaşlara da qaytarılacaq" - Nazirin müşaviri

"Mövlud binanın başına iki dəfə çıxıb" - Sevinc Fədai

"Azərbaycanda idxal gömrük rüsum dərəcələrinin təkmilləşdirilməsi davam etdirilə bilər" - MÜSAHİBƏ

“Əli Kərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2017-04-24


VİDEO