ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Fədakarlıq etməyi bacarmasan...”

15580    |   2016-12-16 19:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əməkdar mədəniyyət işçisi İlham Hüseynov: "Sökülən teatr binası mənim üçün sıradan bir məkan deyildi”

Yuğ Dövlət Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Hüseynov belə hesab edir ki, teatra ürəkdən bağlanmayan, fədakarlıq etməyi bacarmayan şəxs bu sənətdə uğur qazana bilməz. 1982-ci ildə Dövlət Akademik Milli Dram Teatrında butaforçu kimi işə düzələn müsahibim özünü xoşbəxt taleli insanlardan biri sayır. Eyni kollektivdə çalışdığı, təmasda olduğu qüdrətli sənətkarları böyük ehtiramla anır. Deyir ki, belə korifeylərlə hər gün görüşmək hər kəsə nəsib olmurdu.

İlham Hüseynovu siz də yaxından tanıyın:

- Teatrda işə düzəlməyimdən 35 ilə yaxın bir vaxt keçir, amma elə bil dünən olub... Xalq artisti, anamın rəfiqəsi Səfurə İbrahimovanın təklifi ilə 1982-ci ilin sentyabrında Dövlət Akademik Milli Dram Teatrına gəldim. Direktor rəhmətlik Əli İsmayılov məni butafor sexinə işə götürdü. Həmin vaxt SSRİ xalq artisti rəhmətlik Mehdi Məmmədov Hüseyn Cavidin "İblis” tamaşasını hazırlayırdı. Bu gün də dost-tanışlarla, gənc aktyorlarla söhbət edəndə deyirəm ki, çox xoşbəxt insanam, çünki qüdrətli sənətkarlarla bir teatrda çalışmışam, onlarla həmsöhbət olmuşam. Mehdi Məmmədov, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Məlik Dadaşov, Məhluqə Sadıqova, Sofa Bəsirzadə, Hamlet Qurbanov, Hamlet Xanızadə, Həsən Turabov, Səməndər Rzayev... Allah hamısına rəhmət eləsin, onları həmişə hörmətlə yad edirəm. Söhbətləri, zarafatları, məsləhətləri bu gün də qulaqlarımdadı. Teatra ürəkdən bağlanmağı, lazımı anda fədakarlıq etməyi onlardan öyrənmişəm. Bu xüsusiyyətlərə malik olmayanlar teatr aləmində uğur qazana bilməzlər.

- Amma günlərin bir günü iş yerinizi dəyişməli oldunuz...

- Rəhmətlik Vaqif İbrahimoğlu 1989-cu ildə Yuğ Teatrını yaradanda məni quruluş hissə müdiri təyin etdi. Amma bilmirəm, buna iş yerini dəyişmək demək olardımı? Çünki təxminən 14 il elə Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində fəaliyyət göstərdiyimizdən yenə eyni məkanda işə gedir, həmin insanlarla təmasda olurdum.

- Ölkədə yeni və fərqli - Yuğ Teatrının yaranma prosesi yadınızda necə qalıb?

- Bayaq dediyim kimi, 1989-cu ildə bu kollektivə məni Vaqif İbrahimoğlu dəvət etdi, onda Yuğ cəmi bir neçə gün idi ki, yaranmışdı və əvvəlcə studiya kimi fəaliyyət göstərirdi. Yaradıcı heyət Fərhad İsrafilov, Məmməd Səfa, Vidadi Həsənov, Yaqut Paşazadə, Sonaxanım Mikayılova, Gülzar Qurbanova kimi istedadlı insanlardan təşkil olunmuşdu, 1992-ci ildə isə teatrımıza dövlət statusu verildi. Çox maraqlı günlər idi, bütün işləri Vaqif müəllim başda olmaqla özümüz görürdük. "Bu mənim işim deyil, bunun mənə aidiyyəti yoxdur” kimi sözlər elə ilk günlərdən bizim dilimizdə olmayıb. Ustadımız Vaqif müəllim Yuğ Teatrının təməlini belə qoyub, ona görə elə bu gün də biz bu prinsiplə işləyirik.

- Məlum səbəblərdən Yuğ Teatrının binası söküldü və kollektiv fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirir. Yeni şəraitə uyğunlaşma necə gedir?

- "Sovetski”də doğulan və böyüyən, bu məhəllədə yerləşən Yuğ Teatrında çalışan bir insan kimi binamızın sökülməsi mənə çox pis təsir etdi. Hər gün gedib həmin boş əraziyə baxıb ötən günləri yada salırdım. Yuğ Teatrının son illərdə yerləşdiyi bina Dövlət Akademik Milli Dram Teatrının butafor sexi olmuşdu, 2003-cü ildən bina teatrımızın istifadəsinə verilmişdi. Əvvəllər mənim butaforçu kimi çalışdığım otaqda isə Vaqif İbrahimoğlu üçün kabinet düzəltmişdik. Ona görə də bu bina şəxsən mənim üçün xüsusi bir önəm daşıyırdı, sıradan bir məkan deyildi.

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə kollektivimiz fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirir. Sözün açığı, ilk günlər bu binaya uyğunlaşa bilmirdim, əlim heç bir işə yatmırdı, lakin zamanla hər şey yoluna düşdü. Dövlət Kukla Teatrının kollektivi bu məsələdə bizə çox böyük kömək etdi, ilk gündən mehribanlıq və səmimiyyət göstərdi. Fürsətdən istifadə edib direktor Rəşad Əhmədzadə başda olmaqla bu teatrın hər bir işçisinə minnətdarlığımı bildirirəm. İndi bu binada həm məşq etməyimiz, həm də tamaşalar oynamağımız üçün hər cür şərait yaradılıb. Son günlər iki yeni tamaşanın məşqlərinə başlanılıb, repertuarımızdakı bəzi tamaşalarının bərpası ilə də məşğuluq, onları bu teatrın səhnəsinə uyğunlaşdırırıq.

- Yeni məkanda hələ oynanılmayan hansı tamaşalarınız var?

- Çexovun "Albalı bağı” pyesi əsasında hazırlanan tamaşanı qeyd edə bilərəm. Bu tamaşaya Vaqif İbrahimoğlu çox maraqlı quruluş vermişdi və gözəl də qarşılanmışdı. Amma məlum səbəblərdən bu teatrın səhnəsində onu hələ oynaya bilməmişik. Yəqin ki, yaxın zamanlarda tamaşaçılarımız bu əsərə yeni ünvanımızda baxmaq imkanı qazanacaqlar.

- Ötən ay paytaxtımızda IV Beynəlxalq Teatr Konfransı keçirildi. Tədbirə gələn xarici qonaqlar Yuğ Teatrının da tamaşalarını izlədilər, onların təəssüratlarını öyrənmək imkanınız oldumu?

- Əvvəla onu deyim ki, Azərbaycanda ənənəvi olaraq keçirilən Beynəlxalq Teatr Konfransı bu sənətin ölkəmizdə inkişaf etdiyini bir daha nümayiş etdirir. Həm də dünyanın müxtəlif ölkələrindən gələn həmkarlarımızla, rejissorlar, teatr tənqidçiləri ilə fikir mübadiləsi aparmaq, yeni yaradıcılıq əlaqələri qurmaq üçün gözəl fürsət olur. IV Beynəlxalq Teatr Konfransına gələn qonaqların bir qrupu bizim teatrın "Medeya” və "Naməlum Axundzadə” tamaşalarına baxdılar. Xarici həmkarlarımız hər iki tamaşa haqqında, teatrımızın yaradıcılıq potensial barədə xeyli müsbət fikirlər səsləndirdilər. Sonuncu konfransdan sonra artıq teatrımız bir neçə ölkəyə dəvət alıb, hazırda danışıqlar gedir, dəqiqləşdirmələr aparılır. İnanıram ki, Yuğ Azərbaycan teatrını növbəti dəfə xaricdə uğurla təmsil etməyi bacaracaq.

- Ölkə parlamentində növbəti ilin büdcə müzakirələri davam edir, ara-sıra bu müzakirələrdə mədəniyyət sahəsində ayrılan vəsaitin azaldılması, hətta bəzi teatrların bağlanması ilə bağlı fikirlər də səslənir. Belə təkliflərə münasibətiniz necədir?

- Təbii ki, çox pisdir. Rafael Hüseynov millət vəkili, qələm adamı və bir ziyalı kimi bu təklifə parlamentdə tutarlı cavab verdi. Bu sənətdə cüzi maaşla çalışan fədakar insanları səhnədən ayrı saxlamaq olmaz. Dövlətimiz, Mədəniyyət və Turizm Nazirliyi teatrlarımızın inkişafı, bu sahədə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün müəyyən addımlar atır. Yəqin ki, bu işlər növbəti illərdə də davam edəcək.


Etibar CƏBRAYILOĞLU




İmza:
SON XƏBƏRLƏR
2017-02-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK