adalet.az header logo
  • Bakı 7°C
14 Dekabr 2016 15:32
85628
MÜSAHİBƏ
A- A+

“Tarif Şurasının daglıq rayonlara fərqli yanaşması olsaydı daha yaxşı olardı” - MÜSAHİBƏ

Millət vəkili Azər Badamovun ADALET.AZ-a müsahibə verib. Millət vəkili müsahibəsində Tarif Şurasının son qərarını, Türkiyədə baş verən terror hadisələrini və 2016-cı ilin ictimai siyasi hadisələrini dəyərləndirib.

-Azər müəllim, 2016-cı il başa çatmaq üzrədir. Bu ilin siyasi göstəricilərini Azərbaycanın xeyrinə yazmaq olarmı?

- 2016-cı Azərbaycan üçün siyasi göstəricilərinə görə çox uğurlu olmuşdur. İl ərzində ölkəmizin beynəlxalq arenadakı dostlarının sayı artmış, mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan artıq dünya üçün etibarlı tərəfdaşa çevrilmiş, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ev sahibliyi edə biləcək siyasi sabitlik təmin olunmuş məkana çevrilmişdir. İl ərzində Bakıda BMT-nin Sivilizasiyalararası Dialoq Forumu, 5-ci Bakı Humanitar Forumu və s. dünya əhəmiyyətli tədbirlər keçirilmiş, tədbirlərdə iştirak edən yüzlərlə siyasətçilər ölkəmizin tolerant və multikultural siyasətinin əyani şahidi olmuşlar. 2016-cı ildə ölkəmizin başçısı və siyasətçilərimiz dünya ölkələrinə çoxlu səfərlər etmiş, bir çox dövlətlərin prezdentləri, dövlət rəsmləri Azərbaycanda olmuşdur. Bunu Azərbaycanın beynəlxalq miqyasda artan siyasi nüfuzun göstəricisi hesab etmək olar. 2015-ci ildə ölkəmizin ərazi bütövlüyü haqqında ədalətsiz mövqe nümayiş etdirdiyinə görə Avropa İttifaqı Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyasında fəaliyyətimizi birtərəfli dayandırmışdıq. 2016-cı ildə Azərbaycanın çatışmamazlığını hiss edən Avropa İttifaqı Parlamentin mövqeyini ölkəmizin xeyrinə dəyişmiş, nümayəndə heyətini danışıqlar üçün Azərbaycana göndərmiş və Qarabağla bağlı ədalətli bəyanat səsləndirəndən sonra fəaliyyətimizi qeyd etdiyim təşkilatlarda bərpa etdik. 2016-cı il aprelin əvvəlində münaqişə zonasında baş vermiş erməni təxribatına ordumuz layiqincə cavab verərək 2000 ha torpağımızı erməni işğalından azad edərək strateji və hərbi üstünlüyümüzü sübut etdik. Bu da Azərbaycanın regionda güc sahibi oluğunu sübut etdi və ölkəmizə beynəlxalq arenada siyasi dividentlər gətirdi. Amma çox təəssüflər olsun ki, 2016-cı ildə ərazilərimiz tam şəkildə işğaldan azad olunmadı və bu istiqamətdə aparılan danışıqlar heç bir nəticə verməmişdir.

-Ölkəmizdə 2016-cı il "Multikulturalizm ili”dir. Bununla bağlı həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

-2016-cı il dövlət başçımız tərəfindən "Multikulturalizm ili” elan olunmuşdu. Bu, bir daha Azərbaycanın yüksək multikultural və tolerant ənənələrə sahib olduğunu göstərdi. İl ərzində yuxarıda qeyd etdiyim bir sıra beynəlxalq forumlar keçirildi. Forumlara qatılan yüzlərlə siyasətçi, Nobel mükafatının laureatçıları məhz Azərbaycanda dünya miqyasında baş verən irqçilik, millətçilik, dini ayrılıq və ksenofobiya hallarını müzakirə etdi və birgə bəyanatlar qəbul edərək Azərbaycan multikultural siyasətinin dünyada təbliğ olunmağının vacibliyindən danışdılar. 2016-cı ildə Azərbaycan dünyada multikultural ənənələrinə sadiqliyini bir daha nümayiş etdirərək Heydər Əliyev Fondu tərəfindən ayrı-ayrı din mənsublarına aid bir neçə inanc yerlərinin yenidən qurulmasını və əsaslı təmirini həyata keçirdi. Çalışdıq ki, il ərzində dünya multikultural mühütünün inkişafına öz töhfələrimizi verək. Ölkə daxilində də multikulturalizm ili çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. İl ərzində ölkəmizdə yaşayan fərqli mədəniyyətlərin iştirakı ilə silsilə tədbirlər həyata keçirilmiş, ölkəmizdə yaşayan bütün xalqlara öz folkor nümunələrini, adət-ənənə və mədəniyyətlərinin təbliği və nümayişi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçildiyim Qusar rayonu Azərbaycanın Folklor paytaxtı elan olunmuş, bölgələrdən paytaxta devizi altında bütün regionlara öz mədəniyyət nümunələrini paytaxtda nümayiş etdirməyinə imkan yaratmış, Dağıstanın Azərbaycanda mədəniyyət günləri festivalı keçirilmişdir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmiz multikultural və tolerantlıq ənənələrinə sadiqdir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə yüksək səviyyədə birgə yaşamasına şərait yaradılmaqla öz adət-ənənələrinin inkişaf etdirilməsinə dövlət tərəfindən dəstək və qayğı göstərilir.

-Qardaş Türkiyədə terror hadisələri baş verir. Azərbaycan bu məsələdə Türkiyəyə nə dərəcədə dəstək ola bilər?

-Türkiyədə terror hadisələrinin baş verməsindən təəssüflənirəm və qeyd etmək istəyirəm ki, terrora qarşı mübarizədə bütün dünya ictimaiyyəti birləşməlidir. Düşünürəm ki, Avropa ölkəsində və müsəlman ölkəsində baş verən terrorlara ayrı-ayrı yanaşmalar olmamalıdır. Terrora heç vaxt haqq qazandırmaq olmaz. Terroristlər dinc əhalini məhv etməklə məqsədlərinə çatacaqlarını düşünürlərsə çox böyük səhv etmiş olurlar. Türkiyədə ardıcıl terrorların baş verməsi isə türk xalqının vətənə sevgisini və mübarizliyini daha da artırır. Əgər kimsə düşünürsə ki, terrorlar vasitəsilə Türkiyəni zəiflədəcək çox böyük səhv etmiş olur. Çünki Türkiyə güclü dövlətdir, terrora qarşı mübarizəni də daha da artıracaq və belə ünsürləri məhv edəcəkdir. Azərbaycan Türkiyəyə qardaş ölkədir. Ulu Öndərin sözləri ilə desək: "İki dövlət, bir millət". Azərbaycan hər zaman Türkiyənin yanındadır və lazımi hər bir dəstək verməyə hazırdır.

-ABŞ-ın yeni seçilən prezidentinın Qafqaz və Azərbaycanla bağlı bir sıra planları açıqlanıb. Bu yöndə nə deyə bilərsiniz?

-Düşünürəm ki, ABŞ-ın yeni seçilmiş prezdenti Donald Trampın prezdentlik kürsüsünə əyləşəndən sonra Amerikanın beynəlxalq siyasətində müəyyən dəyişikliklər olacaqdır. Belə dəyişikliklərin olması Azərbaycan üçün də vacibdir. Çünki Azərbaycanın torpaqları erməni işğalı altındadır və Amerika da ATƏT-in Minsik Qrupunun həmsədrlərindəndir. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupu bu uzun illər ərzində münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ədalətli, müsbət bir irəliləyiş əldə edə bilməmişdir. Bu da həmsədr ölkələrin qətiyyətli fikrin ortaya qoyulmamağından irəli gəlir. ABŞ-ın yeni prezidenti isə seçildiyi ilk gündən sülhün və ədalətin tərəfdarı olduğunu bəyan etmişdir. Əgər Donald Tramp prezident kürsüsünə əyləşəndən sonra da öz mövqeyində qalarsa və ədalətli mövqeni ortaya qoyarsa torpaqlarımızın işğaldan azad olunmasında yeni bir mərhələ olar və haqq-ədalət bərpa olunaraq bütün Qafqazda sülh və əmin-amanlıq yaranar.

-Tarif Şurasının qərarı ilə qazın və elektrik enerjisinin qiyməti qalxdı. Bu artım sizin seçicilərinizə necə təsir göstərib?

-Noyabrın 28-də Tarif Şurası ölkədə qazın və işığın qiymətlərinin qaldırılması ilə əlaqədar qərar qəbul etdi. Bu qərar ölkənin iqtisadi reallıqlarından irəli gəlmişdir və hər bir vətəndaşımız bunun mövcud reallıq kimi qəbul etməlidir. Qərarın seçicilərimə təsirindən danışılanda qeyd etmək istəyirəm ki, təbii təsir etmişdir. Seçildiyim Qusar rayon Azərbaycanın şımalında yerləşən ucqar dağlıq ərazidə yerləşir. Respublikanın heç bir yerində qar olmayanda Qusarda qar olur. Rayonun bu xüsusiyyətini nəzərə alaraq cənab prezident məhz Qusarda Şahdağ Qış-Yay Turizm kompleksinin tikintisinə sərəncam vermişdi. Qusarda ilin 7 ayında evlərini qızdırmaq üçün təbii qazdan istifadə etməyinə ehtiyac var. Rayonda əsasən insanlar heyət evlərində yaşadığını da nəzərə alsaq evlərin isitməsi üçün kifayət qədər çox qaz işlədilməsinə ehtiyac yaranır. Ona görə də Tarif Şurasının qərarında qeyd olunmuş il ərzində 1500 kub qaz yandırılması limiti dağlıq rayonları üçün çox azdır. Düşünürəm ki, Tarif Şurasının daglıq rayonlara fərqli yanaşması olsaydı daha yaxşı olardı.

-Üzümüzə gələn 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı ümid bəsləmək olarmı?

-Bu il dünya miqyasında çoxlu hadisələr baş vermişdir. Aparıcı ölkələrin liderləri dəyişilmişdir. Düşünürəm ki, gələn ildə onların dünyaya baxışları da dəyişiləcəkdir. Təbii ki, istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapsın. Çünki həmişəlik regionda müharibə şəraitində yaşamaq qeyri-mümkündür. Belə müharibə şəraiti bütün regionda gərginlik yaradır və xalqlar əziyyət çəkir. 2017-ci ildə biz bu istiqamətdə səylərimizi daha da genişləndirməliyik. Eyni zamanda ordumuzu da həmişə hazır vəziyyətdə saxlamalıyıq. Hər şey bir neçə gün ərzində həll oluna bilər. Ona görə də 2017-ci ildə torpaqlarımızın işğaldan azad olunacağına daha çox ümidliyəm.

Ədil Ədilzadə