ANA SƏHİFƏ / RUBRİKA

“Bizim əsgərin üzərində xəcalət yoxdur” - DÖYÜŞ TARİXİ

8818    |   2016-12-13 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Döyüş tarixi”ndə yaddaqalan iz qoymaq üçün gərək əsl qəhrəmanlıq və şücaət salnaməsi yazasan. Bunu hər oğul bacarmır. Döyüşlə ölüm arasında bəzən bir sm məsafə olur. Bəzən isə 10-15 km məsafə. Ona görə irəli atılarkən bəzən düşünmək lazım olmur. Zabir qəhrəmanımız Nazim Bayramovun çox maraqlı döyüş tarixi olub. Onun "Hа нашем солдате нет позора” ifadəsi eləcə torpaqlarımızı niyə itirdik sualına verdiyi cavabında yer alıb.

Nazim Bayramov 5 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə 126 saylı orta məktəbi bitirmiş, daha sonra Sverdlovsk Ali hərbi-siyasi tank və artilleriya məktəbinə daxil olmuşdur. 1988-ci ildə isə hərbi məktəbi bitirmişdir. 1990-cı ilə qədər Orenburq vilayətində Sovet Ordusu sıralarında xidmət edib. 1991-ci ildən DİN sıralarında Qarabağ uğrunda döyüşlərə qatılıb, daha sonra 1992-ci ildən Milli Ordunun sıralarında vətənə xidmətini davam etdirib. 1994-cü ildə ordu sıralarından tərxis edilib. Evlidir, üç övladı var. Xidmət yolunu izlədikdə görürük ki, 20 Yanvardan dərhal sonra, 26 yanvar 1990-cı ildə Sovet Ordusu və kommunist partiyası sıralarını tərk edib. D.Yazovun 19 yanvar 1990-cı il tarixli Bakıya qoşun yeridilməsi məxfi əmri haqqında 20 Yanvar komissiyasına ifadə verib. 1990-cı ildə mərhum Rövşən Cavadovla birlikdə AXC rəhbərlərinin və yığıncaqlarının mühafizəsinin təşkili və həyata keçirilməsində iştirak edib. Qarabağ uğrunda döyüş yoluna 1991-ci ilin noyabrında Ağdam RPİ-nin milis rotasının komandir müavini vəzifəsiylə başlayıb. Əsgəran, Fərrux, Xanabad və sairə döyüşlərdə iştirak edib. 1992-ci ilin fevralından XTMD (OMON) çevik zirehli qrupunun komandiri vəzifəsində Tərtərin müdafiəsi, Marquşavan - Marağa, Qacar, Ağbulaq, Dəhruz döyüşlərinin bilavasitə iştirakçısıdır. 1992-ci ilin iyunundan Milli Ordunun 123 saylı zərbə-həmlə alayının tank taborunun komandiri, sonra həmin alayın qərargah rəisi vəzifəsində döyüş yolunu davam etdirib.

– Döyüş tarixiniz nə zaman və haradan başladı?
– 1991-ci ilin noyabr ayında Ağdamdan.

– Bu gün xatirələriniz sizdə daha çox hansı hissləri oyadır?
– Qürur, ağrı və təəssüf.

– Müharibə nədir?
– Müharibə insani cəhətdən arzu etmədiyim bir işdir. Çünki qaçılmaz olaraq qan, qurbanlar, kədər, sağalmaz yaralarla nəticələnir. Müharibə deyəndə cəmiyyətimizdə əksərən müharibənin bir hissəsi olan silahlı mübarizə başa düşülür. Bu bəsit və yanlış təsəvvürdür. Peşəkar nöqteyi-nəzərdən müharibə bir-biri ilə sıx bağlılıqda olan siyasi, iqtisadi, təbliğati və silahlı mübarizə növlərindən ibarət, öz daxili səbəb-nəticə əlaqəsi, amansız məntiqi və qanunları olan mürəkkəb hərbi-siyasi hadisədir. Silahlı mübarizə artıq müharibənin son, kulminasiya nöqtəsidir və nəticə etibarı ilə siyasi, iqtisadi, təbliğati mübarizədən daha çox asılıdır. Müharibənin bu nöqteyi-nəzərdən, deyərdim, ən zəif, mübarizə növlərinə ən çox möhtac olan, lakin müharibə zəncirinin həlledici halqasıdır. Müharibənin arzu olunan zəfər sonluğunun özü də hüquqi təsdiqinə möhtacdır.

-Qarabağ, vətən, torpaq, müharibə deyəndə adətən gəclərimiz xatırlanır.
– Mənə elə gəlir ki, həyatı dərk edən yeni gənc nəsil yetişib. Qarabağ məsələsinin güc yolu ilə həllinin əsas yükü bu gənc nəslin üzərinə düşə bilər. Doğrudur, müharibə başlasa, özümü irəlidə görürəm, ancaq cəmiyyətimizin hazırlığı və keçmişdə olan səhvlərin təkrarlanmaması üçün bu gün artıq danışmağı özümə borc bildim. İlk növbədə gənclərimizdə Qarabağ müharibəsi haqqında düzgün ümumi təsəvvür yaratmaq istərdim. Təəssüf ki, bir çox insanlarımızın Qarabağ müharibəsi haqqında təsəvvürləri bir-birindən asılı olmayan, səbəb-nəticə əlaqəsi xətti izlənilmədən, ayrı-ayrı müharibə iştirakçılarının söylədikləri qarışıq, mozaik epizodlardan, ölkədə dəyişən siyasi hakimiyyətlərin baxış bucaqlarından və ara söhbətlərdən ibarətdir. Bu müharibə haqqında sistematik və dolğun məlumat verməyi vacib bilirəm.

-Müsahibələrin birində belə bir ifadə işlətmisiniz: "Bizim əsgərin üzərində xəcalət yoxdur”. („Hа нашем солдате нет позора"). Bu, həqiqətən də belədirmi?
– Bəli. Azərbaycan əsgəri üzərində ləkə yoxdur. Mənim gəldiyim ilk zamanlar münaqişənin etnik qarşıdurmalar, ayrı-ayrı yerlərdə etnik təmizləmələr, kənd, şəhər və qəsəbələrdə kortəbii yaranmış özünümüdafiə dəstələrinin müdafiədə əsas rolunun geri plana çəkilməsi və müharibənin yeni, hərbi eskalasiya mərhələsinə təsadüf etdi. Bu, münaqişə deyildi, onlar planlı şəkildə hərbi əməliyyatlar aparır və torpaqları zəbt edirdilər. Təəssüf ki, Azərbaycan bu mərhələyə hazır deyildi.

– Ermənistan-Azərbaycanla 1987-ci ildən etnik münaqişə halında idi, yoxsa müharibə?
- Ermənistan-Azərbaycan münaqişəsinə müharibə anlayışına verdiyim təfsir nöqteyi-nəzərdən baxsaq, bu əvvəlindən heç də etnik münaqişə deyil, tarixdə olanları da nəzərə alsaq, Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin müharibə olduğunu tam aydınlıqla görə bilərik. 1987-ci ildən Ermənistan Azərbaycana qarşı planlı surətdə siyasi, iqtisadi və təbliğati mübarizə aparır, etnik təmizləmələr həyata keçirir, 1991-ci ilin noyabrından isə hərbi əməliyyatlara başlamışdır və torpaqlarımızı zəbt edirdi. Ermənistan-Azərbaycan müharibəsini xarakter və gərginləşməsi nöqteyi-nəzərindən üç mərhələyə ayırmaq lazımdır.
Birinci dövr, Sovet dönəmində başlamış, 1987-ci ilin sonlarından 1991-ci ilin oktyabr ayını əhatə edən müharibənin etnik qarşıdurma dövrüdür.
İkinci – 1991-ci ilin noyabrından başlayıb, 1994-cü ilin may ayındakı atəşkəsə qədər dövrü əhatə edən ərazi münaqişəsi dövrüdür.
Və üçüncü, 1994-cü ilin mayından başlamış ən uzun sürən – yaşadığımız atəşkəs dövrü.

– Müharibənin ilk dövründən danışın zəhmət olmasa.
– Münaqişəni başlayan Ermənistan, 1987-ci ilin sonlarından Ermənistanın Qafan rayonundan və başqa kəndlərindən Azərbaycan əhalisinin deportasiyasına başladı.
20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Vilayət Sovetinin növbədənkənar keçirilən sessiyasında deputatlar Ermənistan SSR-in, Azərbaycan SSR-in və SSRİ-nin Ali Sovetlərinə DQMV-in Ermənistan SSR-in tərkibinə qəbulu haqqında qərarına müsbət baxılması xahişi ilə müraciət etdi.
Bu qərarla bağlı artıq 22 fevral 1988 ildə Ağdam-Əsgəran rayonlarının sərhədində azərbaycanlı və erməni əhalisi arasında ilk toqquşmalar baş verdi və bunun nəticəsində münaqişənin ilk iki şəhidi verildi: Ağdam rayon sakinləri Bəxtiyar Quliyev və Əli Hacıyev.


– Siz ağdamlısınız?
– Bəli, əslən Ağdamlıyam. O yerləri çox gəzmişdim, yaxşı tanıyırdım. Mən döyüş üçün Ağdamı məhz buna səbəb seçmişdim. Bunu da qeyd edim ki, müharibə illərində Ağdamın 11 özünümüdafiə dəstələrinin komandirlərinin hamısı şəhid oldu.

– İkinci mərhələni necə xarakterizə edərdiniz?
– Müharibənin ikinci, 1991-ci ilin noyabrından başlamış 1994-cü ilin may ayının ortalarına qədər olan mərhələsi, öz növbəsində tərəflərin hücum təşəbbüsünə sahib olmaq nöqteyi-nəzərindən dörd dövrə bölünməlidir: Hər dövrdə ümumi hücum təşəbbüsünün kimdə olmasından asılı olmayaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən Qarabağda və Azərbaycan-Ermənistan sərhədi boyunca uğurlu hücum əməliyyatlar keçirilib, Azərbaycan əsgəri müdafiədə və hücumda qəhrəmanlıq nümunələri göstərmişlər.
Bunların hər biri haqqında söhbətimiz boyu məqamı yetdikcə məlumat verəcəm.
Birinci, noyabr 1991-ci ildən 1992-ci ilin mayına qədər - hücum təşəbbüsünün ermənilərin əlində olan dövrüdü. Ermənilər münaqişənin hərbi eskolasiyasına başladılar.

– Hərbçi kimi nələri görürsünüz? Vəziyyəti necə qiymətləndirirdiniz?
– Bu dövrdə erməni-rus hərbi birləşmələrinin planlı və düşünülmüş şəkildə həyata keçirdikləri hərbi əməliyyatlarına DİN-nin qüvvələri, gərəkən səviyyədə silahlanmamış Qarabağ əhalisi, Azərbaycanın digər bölgələrindən köməyə gəlmiş könüllü dəstələr bacardıqları müqaviməti göstərirdilər. Siyasi ikihakimiyyətlilik, bir çox hallarda isə faktiki hakimiyyətsizlik, ölkədaxili siyasi qrupların qarşıdurması, müdafiə konsepsiyasının olmaması, mövcud olan müdafiə qüvvələrinin mərkəzləşdirilmiş qaydada silahlanma, maliyyələşdirmə və idarəetməsinin olmadığı bir şəraitdə, rayon polis idarələrinin bölmələri, DİN-nin XTPD-i, MTN-nin xüsusi bölmələri və özünümüdafiə dəstələri tərəfindən, erməni kəndlərinin boyeviklərdən təmizlənməsi, onların silah-sursat bazalarının məhv edilməsi, mühasirəyə düşmüş Azərbaycan kəndlərinin blokadasının yarılması və onların müdafiəsinin təşkili istiqamətində müvəffəqiyyətlə xüsusi əməliyyatlar həyata keçirilirdi.
Xalqımızın bütün təbəqələrindən olan könüllülər, sıravi və komandirlərdən vəzifəli şəxslərə, müəssisə müdirlərinə kimi, yalnız şəxsi təşəbbüsləri ilə Vətənin müdafiəsi üçün bacardıqlarını edir, səbir, əzm və qəhrəmanlıq nümunələri göstərirdilər.

-Cəmiyyət döyüş tarixindən kifayət qədər məlumatlıdırmı sizcə?
– Bu gün artıq, təəssüf ki, belə şeylər unudulub, ancaq o zamanı xatırlayan adamların xatirindədir ki, 91-ci ilin sonlarında, 92-ci ilin ilk yarısında Azərbaycan könüllü döyüşçülərinin üç nəfərindən yalnız birində silah var idi. Təsəvvürünüzə gətirin ki, hətta dövlətin ilk yaratdığı Milli Ordumuzun 701-ci briqadasının döyüşçülərinin yarısı döyüşə silahsız girirdi. Yanındakı döyüş yoldaşı yaralansa, ya ölsə, onun silahını götürüb döyüşü davam etdirirdi. Bu bir tərəfdən silah-sursatın kəskin çatışmamazlığını göstərirdisə, o biri tərəfdən Azərbaycan gəncinin döyüş ruhunun yüksəkliyini göstərirdi.

– Bildiyimə görə siz də belə basqında iştirak etmisiniz.
– Mən üç belə basqın təşkil edib, iştirak etmişdim və əldə etdiyimiz silah və texnika ilə döyüşürdük. 5 fevral 92-ci ildə Ağdamın Muradbəyli kəndində yerləşən istehkam hərbi hissəsinə, 14 mart 92-ci ildə Bakının Qobu qəsəbəsindəki silah-sursat bazasına və 1 may 92-ci ildə Bakının Salyanski kazarma hərbi hissəsinə.

-OMON-a necə gəldiniz?
– Rusları qıcıqlandırmamaq üçün mənim Ağdamda artıq xidmət edə bilməyəcəyimə görə Rövşən Cavadov məni OMON-a dəvət etdi. Mən BRDM və silah-sursatın bir hissəsini OMON-a gətirdim. O, OMON-da yeni ştat-zirehli çevik dəstə yaradılması haqqında nazirə təqdimat vermişdi və təsdiqindən sonra OMON-da olan bütün texnikanı burada cəmləşdirdi və məni zirehli çevik dəstənin komandiri təyin etdi. Bizim daima dislokasiya yerimiz döyüş bölgəsi idi. OMON çevik zirehli qrupun vəzifəsi Qarabağın ən gərgin bölgəsinə özümüzü çatdırmaq, ordu və yerli özünümüdafiə dəstələrilə birgə vəziyyəti normallaşdırdıqdan sonra ərazini məsuliyyət üzrə həmin dəstələrə təhvil verib, başqa yaranmış, yaxud gözlənilən təhlükə bölgəsinə köməyə getmək idi.

Rüfət Soltan


İmza:
SON XƏBƏRLƏR
2017-01-22
2017-01-21


VİDEO