adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2016 12:27
43463
MÜSAHİBƏ
A- A+

Rejissor Elxan Cəfərov: “Deməzdim ki, həyatımın Təhminəsi olub...” - MÜSAHİBƏ

Mədəniyyət sahəsinin tanınmışları ilə vaxtaşırı müsahibə edirik. Budəfəki həmsöhbətimiz tanınmış rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Rejissorla "Azərbaycanfilm” kinostudiyasında görüşüb, kinomuzun bugünkü durumu, çəkdiyi filmlərdən söz açdıq.



- Elxan bəy, geridə qoyduğumuz 2016-cı il il sizə hansı uğurlar qazandırdı, aldığınız fəxri addan başqa?

- Uğurlarım dedikdə, əslinə qalsa hər hansı bir rejissorun uğuru çəkdiyi işlərlə əlaqəlidir. Mən bu il ərzində böyük iş görməmişəm. 2015-ci ilin ortasında biz "Yarımçıq xatirələr” filmini təhvil verdik. Bu müddət ərzində bir qədər kommersiya tipli reklam çəkilişlərini etdik, səsimlə bağlı bəzi proyektlərdə iştirak etdim. Yəni qlobal bir hadisə baş verməyib.

- "Yarımçıq xatirələr”dən söz düşmüşkən, bu film haqqında ancaq mətbuatda məlumatlar izlədik, televiziyalarda görə bilmədik.

- Birincisi, mən yaydan elə bilirdim ki, film sentyabr, oktyabr aylarında televiziya ekranlarına çıxacaq. Lakin filmin yiyəsi də mən deyiləm, müəllifi hüquqları da mənə məxsus deyil, onun nə vaxt yayımlanacağı ilə bağlı informasiya daha çox kinostudiyanın direktoru Müşfiq Hətəmova və nazirliyin bu işlə bağlı kino idarəsi işçilərinə verilə bilər. Çünki müəyyən nüanslar, qanunlar var ki, o qanunlar çərçivəsində müəyyən müddət keçməlidir, sonra ekrana çıxmalıdır. Bəzi siyasi məqamlar da var. Yəni hər şey nəzərə alınır. Ola bilsin ki, yaxın günlərdə ekranlara çıxar. Mənə elə gəlir ki, təkcə köhnə kinolar deyil, bugünkü kinoların da yayımı üçün televiziyaların hər biri vaxt ayırmalıdır, müəyyən öhdəçilik götürməlidirlər.

- Maraqlıdır ki, son çəkilən filmlərin əksəriyyəti beynəlxalq festivallara hesablanıb, Azərbaycan tamaşaçısına təqdim olunmur. Bu barədə sual verəndə bildirirlər ki, həmin film yalnız festival üçün nəzərdə tutulub. Azərbaycan tamaşaçısının istəyi bu gün niyə ikinci planda qalır?

- Əslinə qalsa, doğru sistemin içində bir neçə istiqamətdə filmlər olur: Festivallar, daxili bazar, milli ideologiyanı nümayiş etdirən və dünyəvi tolerant fikirlərlə həmrəy olmaq istiqamətində çəkilən filmlər və sairə. Bu gün deyə bilmərik ki, niyə bu və ya digər film məhz festival üçün nəzərdə tutulub, bu, pisdir. Çoxşaxəlilik nöqteyi-nəzərindən əgər vaxtilə dövlət strukturlu 10 film çəkilirdisə, onun 4-7-si kinoteatr, təxminən 3-4-ü televiziya üçün nəzərdə tutulan bədii filmlər idi. Bu gün isə ümumilikdə 3-4 film çəkilir. Həm maliyyə çətinlikləri, həm də dünya kino bazarında kinonun dəyərinin qalxması, bizdə büdcələrin azalması və sair səbəblərdən dövlət strukturu üçün böyük kino çəkmək çətin olur. Mən çox ümidliyəm, Azərbaycan dövlət kinosunun inkişafı yenə də gəlib həmin mərhələyə çatacaq ki, biz ildə məhz sırf öz tamaşaçımız, həm də dünya tamaşaçısı üçün nəzərdə tutulan 7-10 film çəkəcəyik. Ümumiyyətlə, sənətin ilk vəzifəsi daxili bazarda öz cəmiyyətini tərbiyə etmək, onu tarazlamaqdır. İkinci növbədə isə bəli, milli düşüncə tərzimizi dünyaya nümayiş etdirməkdir və bu nə qədər maraqlıdırsa, onu dünya həll edir. Amma bir daha qeyd edirəm, incəsənətin vəzifəsi daxili bazardır.

- Uşaqlıqdan məşhur filmlərə çəkilən Elxan Cəfərov niyə sonralar öz ampluasını dəyişib aktyorluqdan rejissorluğu seçdi? Aktyorluq sənətində sizi qane etməyən nüanslar var idi, yoxsa?

- Yox, sadəcə, hər hansı peşəni seçirsənsə, o peşə üçün doğulmaq lazımdır. İnsan öz daxilində hiss edir ki, onun uğuru bu peşədə deyil. Mən də onu hiss etdim ki, mənim uğurum bu peşədə deyil. Lakin bunu gənclik vaxtlarında düşünürdüm, indi məni uğur maraqlandırmır, görəcəyim işin məzmunu maraqlandırır. Doğrudur, rejissorlar var ki, aktyor kimi də iştirak edir. Lakin mən gördüm ki, ekranda çox sənədiyəm. Yəni rejissorların əksəriyyətində belə olur, həddindən artıq sənədi baxışları, simaları olur.

- Məşhur "Şir evdən getdi” filmində qəhrəmanlardan biri olmusuz. Sizcə, niyə bu gün bu tipdə uşaqları təəccübləndirən, maraqlandıran filmlər çəkilmir? Bir rejissor kimi belə bir film çəkməyi düşünmüsüz?



- Bəli. Uşaq filmləri kinonun ən çətin növüdür və böyük maliyyə tələb edən işlərdir. Demirəm ki, bizim büdcəmiz 100-200 milyon olmalıdır. Biz kiçik büdcə ilə də onu əldə edə bilərik. Amma kiçik dediyimiz 100 milyondan az olmalıdır. Nağıl çox bahalı bir işdir. Uşaqlar isə nağılı çox sevirlər. Mən çox böyük məmnuniyyətlə qeyd etmək istərdim ötən il təqdim olunan "Dərs” filmini. Bu, çox gözəl bir cəhd, hadisə idi. O filmdə dramaturji baxımdan bir sadəlik var. Hadisə uşaqların arasında baş verdiyindən mən buna daxilən daha çox inandım.

- Bir az öncə qeyd etdiniz ki, bu cəhd idi. Bəziləri də bunun yalnız cəhd olduğunu, filmin o qədər də uğurlu alınmadığı barədə iradlarını bildirdilər.

- Ən çətin işdir uşaqlarla çalışmaq. Mən bir il bundan əvvəl Hari Poter filminin çəkilişlərinə baxdım. Deməli, səhər saat 7-nin yarısı hər bir uşağı evdən individual avtomobil, assistentlər götürür, 7-də artıq kinostudiyaya daxil olurlar, 8-in yarısı səhər yeməyi olur, 8-10 arası geyimlərini geyinirlər və hər bir aktyor, uşaq üzərində çalışırlar. Assisent uşağın həm qəyyumu, valideyni olur, yəni kompleks şəkildə işləri öz üzərinə götürür. Artıq saat 10 tamamda uşaqlar hazır çəkiliş meydançasında olurlar. Məhz uşaqlara belə sistemdə işləmək lazımdır. Böyüklərlə işləyəndə demək olur ki, "5 dəqiqə gözlə başqasını qrimləyək, sonra sənə yaxınlaşarıq”. Amma bunu uşaqlara etmək olmur, bir də ayılırsan ki, uşağın biri yoxdur. Bəs nə oldu? Sən demə, başqa yerə gedib çıxıb. Onu gətirmək vaxt və sairə tələb edir. Yəni çox çətindir, necə ki, məktəb sistemi var, uşaq filmlərinin də çəkilişi üçün özünün bir sistemi olmalıdır. Özüm də çox böyük məmnuniyyətlə nağıl çəkmək istərdim.

- Aktyor kimi çəkildiyiniz sonuncu film hansı olub?

- (Fikrə gedir)... "Beş mərtəbəli evin altıncı mərtəbəsi”.

- Bu film bir qədər sönük alındı deyə bilərikmi?

- Ümumiyyətlə, onun çəkildiyi dövr qəliz dövr idi. O vaxtın texnikası və s. çox çətin idi.

- "Təhminə” filmindən sonra onun bənzərinin çəkilməsinə nə ehtiyac var idi?

- Bu, indiki kommersiya filmlərinin ilk cücərtiləri idi. O filmin sponsorları, sifarişçiləri var idi, məhz alternativ bir film idi. Həmin vaxt "Təhminə və Zaur” mövzusu çox geniş yayılmışdı. Yeni kommersiya faktoru nöqteyi-nəzərindən alternativ, dəfələrlə az büdcə və imkanlar ilə film yaratmaq olurmu deyə çəkilmişdi. Həmin vaxt araşdırmalar dövrü idi. Mən o filmi ilklərdən olan bir film kimi dəyərləndirirəm.

- Maraqlıdır, bəs həyatınızın Təhminəsi olubmu?

- Ooo... Təhminələr, bilirsiz... Fikir vermişəm, əksər aktrisalar Təhminə rolunu oynamaq istəyirlər. Bu, nə ilə bağlıdır? Bir maraqlı nəzəriyyəyə görə insanlar birinci genetik yaddaşa malikdirlər və bu qanla, genetik yaddaşda insanda mütləq azadlıq arzusu var. Mütləq azadlıq arzusu hər bir insanın qəlbində var və rol ifa olunduğu anda şərtilik aktrisaya tam daxili qadın azadlığını, düşüncə tərzini büruzə verməyə rahat imkan verir. Həyatda Təhminə olmaq həddindən atıq çətindir, yəni o cür düşüncəli Təhminə olmaq, sevgili olmaq və sadəcə, bir düşüncəsiz, bəsit insan deyil, ziyalı əqidəsi və qəlbi olan insan olmaq. Həmin əsərdə sevginin gözəl bir azadlıq məqamı var. Onu müxtəlif dövrlərdə müxtəlif insanlar yaşlarının müəyyən həddində yaşayırlar. Mənim də eyni zamanda müəyyən bir vaxtım olub. Amma deməzdim ki, lap belə, həyatımın Təhminəsi olub. Amma yaradıcı insanıq, bizim üçün bütün gördüyümüz xanımlar bir nəzər nöqtəsidir, düşüncə tərzidir, təxəyyül üçün bazadır.

- Bir az öncə bu sualı vermək istəyirdim, lakin araya digər söhbətlər qarışdı. "Şir evdən getdi” filmində hansı maraqlı hadisələr yaşamısız? Ümumiyyətlə necə oldu ki, o filmə düşdünüz?

- Maraqlı xatirələr barədə çox danışmışam. Lakin mənim üçün çox maraqlı bir məqam var. Mənim 9 yaşım vardı, nağıl dünyasına çox inandığım bir dövrüm idi. Doğrudur, artıq bilirdim ki, nağıllar real deyil, daxili bir küskünlük var idi ki, heyf, nağıllar real deyil. Sonra fikirləşirdim ki, yox, keçmişdə belə bir şey olub, sonra o dövr keçib. İlk dəfə "Gənclik”də uşaqlarçün dəmir yolu var idi. O ərazidə böyük bir park salınmışdı, orada heyvanlar üçün böyük bir dekorasiya qurmuşdular. Yadımdadır heyvan dekorasiyasına atdığım ilk addım, bax o mənim üçün çox maraqlı idi. Mən faktiki bir məkana girdim, nağılın çox maraqlı bir formatını gördüm. Yenə də başa düşərək ki, bu, reallıq deyil, reallığın əksidir, amma uşaqlıq düşüncəm üçün çox maraqlı idi. Orada heyvanlarla guya təmas qururdum, onda sanki nağıl dünyasının oyunlarını qəbul etdim, şirlə şir kimi, zürafə ilə zürafə kimi danışmağa başladım. Çox maraqlı bir hiss yarandı içimdə. Bax o məqam mənim üçün maraqlı idi.

- Xanımınız olan aktrisa Gülzar Qurbanova sizin son 3 filminizdə rol alıb. Maraqlıdır, başqa rejissorların da diqqətini cəlb edə bilirmi? Yoxsa digər peşəkar aktrisalarımız kimi o da bu məsələdə narazıdır?

- Yox, yox. Ümumiyyətlə, mən Gülzar xanıma təvazökarlıqdan uzaq olsa da, təkcə həyat yoldaşım kimi deyil, ona peşəkar aktrisa kimi baxıram. Gülzar xanım doğrudan da böyük, daxili nəhəng bir aktrisadır. Hər zaman filmlərim üçün aktyor seçəndə onunla məsləhətləşirəm. Yadımdadır, "Dolu” filminə aktrisa axtarırdım. Dedim ki, "Gülzar, mənə 18 yaşında oğlu şəhid olan ananı canlandıran aktrisa lazımdır”.

Dedi ki, "düşünərəm”. Bir-iki gündən sonra dedi ki, "Elxan, qızımızın 18 yaşı var, bəlkə mən oynayım o obrazı?” Əvvəlcə dedim ki, yox, nə danışırsan, sən hələ gəncsən, görkəmcə 18 yaşlı övladın olmağın hiss olunmur. Sonra düşündüm ki, istehsalat prosesinin texniki və psixoloji problemləri, yeni bir aktrisanı tapmaq, o prosesləri aparmaq və sairə var, buna görə yaxınlığımda olan Gülzar xanımı bu obraza çəkdim. Daha sonra isə "Yarımçıq xatirələr” filminə dəvət etdim... Bəli, Gülzar xanım mənim filmlərimdən başqa digər filmlərə də çəkilir. Hətta mən filmi bitirib digər filmə başlayana qədər Gülzar xanım artıq 3 filmə çəkilir, bəzən gənclərin də filmlərinə çəkilib köməklik edir.

- Gülzar xanım fəxri adı da sizdən bir neçə il əvvəl alıb. Halbuki siz uşaqlıqdan filmlərə, özü də məşhur filmlərə çəkilmisiz. Bu, sizdə qısqanclıq yaratmırdı?

- Yox, qətiyyən. Bir də axı o mənim həyat yoldaşımdır. Biz çox sevindik, bu, bizim ailəmizin uğuru idi.

- Otağa daxil olanda ilk məni cəlb edən onun portreti oldu. (Şəkil məşhur "Ölsəm bağışla” filmindən çəkilib - X.G.) Hiss olunur ki, hələ də Gülzar xanımı həmin gənclik məhəbbəti ilə sevirsiz.

- Bu plakatı mənə dostum Rəşad fonddan verib. Onu çərçivəyə salıb evə apardım. Lakin Gülzar xanımın nəsə çox da xoşuna gəlmədi gənclik şəkli. Gətirdim otağıma taxdım... Gülzar xanım mənim üçün bir simvoldur. Elxan haqqında danışanda mütləq Gülzar haqqında düşünülür, onun haqqında danışılanda mənim barəmdə düşünülür. Yəni bu, artıq taledir, mən bundan çəkinmirəm, sevinirəm.

- "Dolu” filminə gələk. Film ekranlara gəldi, xeyli rəğbət qazandı, lakin "romandan zəif alınıb”deyə iradlar da səsləndi.

- Ümumiyyətlə, hər hansı bir iş olanda onun həm əleyhdarları, həm də tərəfdarları Əleyhinə olan fikirlərlə də razıyam, amma elələri də var ki, çox yanlışdır, qərəzlidir. İkincisi də mən çox sevinirəm ki, bu film müzakirə predmetinə çevrilib, çox maraqlıdır. Çünki "Dolu” filmindən öncə bizdə daxilən bir sönüklük var idi, alınmaz deyə. Bu film kütləvi surətdə yayımlanan ilk yeni Azərbaycan filmlərindən biridir. Və oradakı vacib məqamlardan biri də filmin baxımlı olması faktoru, kadrın içində bir neçə kameranın işləməsi, kaskadyor qrupunun peşəkarlığı, biz azərbaycanlı kimi mənim böyük arzumun yerinə yetməsi idi...