adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Dekabr 2016 18:22
8885
İQTİSADİYYAT
A- A+

Azərbaycan iqtisadiyyatının dörd strateji hədəfi açıqlanıb

Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutub. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, sosial rifah yaxşılaşdırılıb, dövlətin balansında olan aktivlər artıb və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılıb. 

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranıb. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaq. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaq.

Buna görə də milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaq. İlk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaq. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcəkdir. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaq. Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.