adalet.az header logo
  • Bakı 18°C

Üçüncü dünya müharibəsi

FƏRHAD ŞABANOV
31233 | 2013-02-16 10:44
Pakistan və Əfqanıstan sülh addımları ilə bir-birinə yaxınlaşır. İki ölkədən də 500 din alimi bir araya gələrək aradakı düşmənçiliyi sonlandırmaq üçün lazımi tədbirlər görülməsini qərarlaşdıracaq. Bu müəmmalı düşmənçiliyi sonlandırmaqda nə qədər müvəffəq olacaqlarını zaman göstərəcək.
Mənim isə heç ümidim yoxdur. Çünki 2 gün öncə Pakistan yeni raketlərini təcrübədən keçirib. Raketlərin uçuş məsafəsi 60 kilometrdir. Raketin uçacağı məsafədən onsuz da başa düşmək olur hədəfdə kim var. Üstəlik bu raketlərə nüvə başlığı da taxıla bilər. Görəsən hansı ağıllı bu raketi atıb nüvə dalğasının təsiri altında öz xalqını qırmağı planlaşdırır? Çünki nüvə silahının təsiri yüzlərlə kilometr ərazini əhatə edir.
Bilirsiniz axı indi dəbdədi raket uçurtmaq. İran və Şimali Koreya kimi ölkələr öz bacarıqlarını bu cür nümayiş etdirir. Bu yaxınlarda Şimali Koreya ən son nüvə silahlarını təcrübədən keçirdi. Bu təcrübə yerin altında keçirildi və nəticədə ölkədə 5 bal gücündə zəlzələ baş verdi. Amerika, Rusiya da bu zəlzələdən başa düşdü Koreyanın nüvə silahı təcrübəsini. İndi əl-ayağa düşüblər ki, Şimali Koreya dünya üçün təhlükədir. Obama Yaponiyaya zəng edib məlumat alıb. Rusiya da Çinə əsəbiləşib ki, kiçik oğluna yiyə çıx.
Bu məqamda ən yazıq dövlət isə Cənubi Koreyadır. Ümumiyyətlə cənubla şimalı bir-birindən ayıran Sosializm ilə Kommunizm artıq mübarizəni dayandırsa da bu koreyalılara hələ də çatmır ki, axı biz niyə ayrı-ayrı dövlətlərik. Guya birində Qərb demokratiyası var, digərində Şərq diktaturası. Ən azı elə görünür-bəlkə koreyalıları aldadan da elə bu görünüşdür.
Ən yazıq dövlət Cənubi Koreyadır, çünki Şimali Koreyanın nəfəsini qoxulayacaq məsafədə yerləşir. Baxmayaraq ki, Şimali Koreyanın raketləri Amerikanı vurmaq üçün nəzərdə tutulur, hər halda Cənubi Koreya pis vəziyyətdə qalır. Niyə? Çünki ilk olaraq, qurdların - Çin, Şimali Koreya, Tayvan, Yaponiya - arasında Cənubi Koreyanın ən böyük dəstəkçisi Amerikadır. İkinci olaraq, Amerika kimi dünyanı barmağında oynadan bir dövləti vurmaq üçün nüvə raketi düzəldən "ağıllı" dövlətdən yan-yörəsindəki bütün dövlətlər qorxmalıdır.
Ümumiyyətlə mən heç vaxt başa düşməyəcəm Pakistan və Əfqanıstan arasında olan düşmənçiliyi. Bir-birinə həm coğrafi, həm dini, həm mənəvi cəhətdən bu qədər yaxın olan iki ölkə axı niyə düşmən olsun ki? Əgər sizin başınızda bədbəxt siyasətçilər varsa və sizi bir-birinizə qarşı qırdırırsa, siz buna qarşı çıxmalısınız. Ən azı radikal müsəlmanlar olaraq qardaş qanına qarşı çıxmalısınız.
Ancaq bu dünya yaşamaq üçün heç vaxt yaxşı yer olmadı, deyil, olmayacaq...
Franklin Kuinsiyə məktubunda yazırdı ki, yaxşı bir müharibə və ya pis bir sülh tarix boyu heç vaxt olmadı. Bəlkə də raket uçurdan liderlərə hələ də çatmır bu söz. Bu sözü anlayan bir beyin heç vaxt siyasətini bombalar üzərinə qurmazdı. Çünki hər bir bombadan daha üstün bomba var. Sənin partlatdığın bir şəhərin əvəzinə, gözünü açıb-yumana kimi 5 şəhərini partladarlar. Heç xəbərin də olmaz.
Çox təəssüf ki, bütün dünya ictimaiyyəti şahmat taxtasında müharibənin üstünlüyünə qarşı çıxa bilməyən və sonsuzadək mat edilən sülhün məğlubiyyətini aciz gözlərlə izləyir. Üçüncü dünya müharibəsi və dünyanın sonu xoş gəlir, səfa gətirir...
Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV