adalet.az header logo
  • Bakı 13°C

Evlilik həyatından səhnələr...

SAMİRƏ ƏŞRƏF
51280 | 2013-02-16 10:40
1992-ci ilin əvvəlləriydi İçəri şəhər metrosundan bir azca yuxarıda, indiki İstiqlaliyyət küçəsində yaşayan xalamgildə qonaq qalırdım. Hər səhər eyvana çıxıb məktəbə gedən uşaqlara, işə tələsən şəhər adamlarına tamaşa edirdim. Onlarla öz aramda yerlə-göy qədər olan məsafələr məni o zamanlar çox ağrıdırdı. Mən güllə-boranlı əyalətdən gəlmiş çəkingən bir qızcığaz, onlar isə sakit, dəbdəbəli paytaxtın bəzəkli, boyalı insanlarıydılar.
Bakı yaddaşımda elə o vaxtdan narahat şəhər kimi qalıb. Elə ki, rayonda bir, iki gün ard-arda atışma olurdu, valideynlərimiz bizi gətirib bir müddətlik paytaxtda yaşayan qohumlarımızın evlərinə qoyurdular.
Əgər mən xalamgildə qalırdımsa, qardaşımla, bacım dayımgilə yollanırdılar. Xalamın bəxtinə həmişə mən düşürdüm. Ya da xalamın başı çox səs-küy götürmədiyindən sakit, üzüyola uşaq olduğumdan o,  özü məni seçirdi.
Lakin xalamgildə yaşamaq mənim üçün əsl cəhənnəm əzabı olurdu. Çox darıxdırıcı bir ailə mühitləri vardı. Yadıma gəlir xalamın evindəki sakitliyi tək-tük hallarda onların divar qonşusunun evindən gələn televizor, pianino səsləri pozardı. Divarın o tayında heç vaxt üzünü görmədiyim ər-arvad yaşayardı. İkisi də musiqiçi idilər. Çox nadir hallarda onların evdə rus dilində danışdıqlarını eşidirdim.
Bilmirəm darıxmaqdanmı, ya insanların həyatına olan uşaqcasına, sadəlövh marağımdan olmalıydı ki, həmin ailəni demək olar hər gün düşünürdüm. Onlar evdə olmayanda özümü daha da tənha, kimsəsiz hiss edirdim.  Onların işdən gəliş saatlarını əzbər bildiyimdən həmin vaxtları qulağımı divara dayayıb səslərini, hənirtilərini dinləməyə çalışırdım. Xəyalımda cürbəcür qadın, kişi görüntüləri canlandırırdım.
Cəmi bircə dəfə o evdən möhkəm səslər eşitdim. Qadın ağlamış, kişi isə qapını çırpıb getmişdi. Vəssalam!
O evdəki sakitlikdən sonra mənim də qonaq qalma müddətim başa çatmışdı. Sonralar xalamgilə gələndə, xalamdan həmin ailəni soruşmuşdum. Xalam onların ayrıldığını demişdi. Səbəbini xəbər alanda, xalam bu günə qədər yadımdan çıxmayan belə bir cümlə işlətdi. "Onlar ikisi də bir-birlərinin eyniydilər. Hər gün "güzgü"yə baxıb özlərini görməkdən yoruldular".
Çox müdrik cavab idi.
Uzun illər mən xalamın dediyi o sözlərin cavabını axtardım. Bəlkə də anladığım, özümü anlamış kimi göstərdiyim zamanlar da oldu. Amma həmin sözlərin əsl mahiyyətini oxuduğum kitablardan, baxdığım filmlərdən sonra daha dərindən anladım. Bu günlərdə isə dahi rejissor İnqmar Berqmanın filmlərinə baxarkən, uşaqlığımda məni tənhalıqdan, səssizlikdən xilas edən  həmin ailəni bir daha dönə-dönə xatırladım...  
Altmışdan çox filmə rejissorluq edən Berqmanın çəkdiyi bütün filmlər hər biri ayrı-ayrılıqda sənət əsəridir. Filmdən azca başı çıxan adam onun heç bir filmini çək-çevir etməz. "Yeddinci möhür", "Çiyələk talası", "Pıçıltı və qışqırıq", "Fanni və Aleksandra" və nəhayət "Evlilik həyatından səhnələr" filmi.
Adını sonuncu yazdığım filmə baxanda xalamgilin qonşuluğunda yaşayan o, məchul ailənin rəngli tablosunu tapdığıma həm sevinmiş, həm də kədərlənmişdim.
"Ssenarisini üç aya yazıb, dörd aya çəkdim. Lakin bütün ömrümün təcrübəsini bu filmdə istifadə etdim" deyən  Berqman 1973-cü ildə çəkdiyi "Evlilik həyatından səhnələr" filmində baş rolları həmişəki kimi ən sevimli aktyorları olan Liv Ulmana və Erland Yuzefsona həvalə etmişdi.
Altı kiçik hissələrlə təqdim olunan filmin ilk hissəsində bir-birini sevən cütlük var.  Yoxan və Marianna...
Yoxan da, Marianna da işgüzar, ailəcanlı, kifayət qədər ətrafları olan insanlardılar. Və hamı onları bir-birlərini sevən xoşbəxt cütlük kimi tanıyır. Lakin bütün bunlar kənardan belə görünür. Əslində isə onlar hər ikisi ailə həyatlarındakı  sünilikdən, təkrarçılıqdan, yeknəsəqlikdən yorulublar.
Qadın arabir bu haqda fikirləşsə də, həm də tezliklə bu fikirləri beynindən qovur. Ən gözlənilməz və qəti addımı çox vaxt olduğu kimi bu dəfə də kişi atır.
Gecədən xeyli keçmiş evə dönəndə onu qarşılayan arvadına iyirmi üç yaşlı gənc bir sevgilisi olduğunu deyir. Olanlardan xəbərsiz qadın ilk əvvəl nə deyəcəyini, necə münasibət göstərəcəyini unudur. Sonra anlayır ki, hal-hazırda onunla bir evdə, bir otaqda olan əri artıq ona yaddır. Əri onu sevmir. Bəlkə də heç vaxt sevməyib. Qadın ərinin evdən getməməsi üçün çox yalvarsa da heç bir faydası olmur. O, dərindən duyur ki, çox böyük bir səhv haradasa baş verib. Və bu səhvin düzəlməsi qeyri-mümkündür.  
Lakin bir müddətdən sonra nə kişi, nə də qadın bir-birlərini unutmurlar. Müxtəlif bəhanələrlə görüşüb, təmasa can atırlar.  Qadın özünü, həyatını qaydaya salmağa, sərbəst yaşamağın yollarını öyrənməyə çalışarkən, hələ boşanmadığı əri onu unuda bilmədiyini, arzuladığını bildirir. Lakin onlar heç biri yenidən birləşməyə cəsarət etmirlər. Keçmişdə yaşadığı evləri, oradakı birgə keçirilən ömrün kabusu onların gözünü qorxudur. Kişi qorxur ki, yenidən o ailə həyatının dar çərçivələrinə pərçimlənəcək. Qadında da bur qorxu var. Lakin qadın ən çox bütün qadınların qorxduğu bircə şeydən atılmaqdan qorxur.  
Kişi kimliyindən asılı olmayaraq, günün birində hər insanın  öz sehrini itirəcəyini, adiləşəcəyi həqiqətini dərk edib, sarsılmış vəziyyətdədir. Qadın isə artıq ayaqları üstündə durmağa çalışan, mübariz bir qadın görüntüsünə qovuşmağın sevincini yaşamağa hazırlaşır. Eyni zamanda da keçmişindən, sevdiyi, bəlkə də öyrəşdiyi ərindən qopa bilmir.
Bütün bu qarışıq hisslər içərisində onlar göz yaşı axıdaraq boşanma ərizəsinə imza atıb ayrılırlar.     
Filmin son səhnəsində onlar artıq xeyli vaxt bir-birindən ayrı yaşayan, başqa insanlarla evlənmiş, lakin günlərin birində görüşüb şəhərdən kənar dost evində sevişən iki sevgilidirlər.
Filmin ardı kimi İnqmar Berqman  2003-cü ildə "Sarabanda" filmini çəkir. Burda da hər iki aktyorun yaşlı dövrləri əks olunur.
Altı dəfə ailə həyatı qurmuş Berqmanın (yeri gəlmişkən filmin qadın qəhrəmanı Liv Ulmanla da evli olur) bütün filmlərində ana xətt ailə, din, məişət və sevgi əsas amil kimi öz əksini tapır.
Berqman bu filmi ilə öz kamerasının kiçik pəncərəsindən bütün dünyaya sübut edir ki, əslində insan öz-özlüyündə tənhadır. Və o, təbiət, həyat möcüzələri qarşısında aciz və boynubükükdür.
Samirə Əşrəf

TƏQVİM / ARXİV