HAVA, YOXSA HƏVVA

ƏBÜLFƏT MƏDƏTOĞLU
81184 | 2013-02-16 10:37
Barmaqlarımın arasında közərən siqaretin tüstüsü üzü yuxarı milləndikcə mənə uzaq, lap uzaq ağappaq bir yolu xatırlatdı. O yolun uzaqlığına baxmayaraq hiss etdim ki, içimdə nə isə qırıldı. Çünki o uzaq yol o qədər doğma göründü ki, ona yaxından baxa bilmədiyim, onun sinəsini ölçüb keçə bilmədiyim üçün içimdə qırılan hər nə idisə, yaman ağrıtdı məni. Özümdən asılı olmayaraq, pəncərəyə yaxınlaşdım. Alnımı buz kimi pəncərə şüşəsinə söykədim. Məhz onda yadıma düşdü ki, siqareti otaqda yandırmışam. Bu da bir ağrı oldu mənə. Axı sonuncu dəfə otaqda siqaret çəkdiyim vaxtdan az qala on ilə yaxın vaxt ötmüşdü. Söz vermişdim ki, bir heç vaxt otaqda siqaret yandırmayacam. Heç yazı stolunun üstünə də kül qabı qoymayacam...
Bilmirəm necə oldu, kim yoldan çıxardı məni... yoxsa şeytan aldatdı məni?.. Bəlkə... Bəlkə də neçə gündü dincliyimi əlimdən alan, fikirlərimi bir-birinə qarışdıran, hətta az qala ağlımı çaşdıran məqamlar güc gəldi mənə. Bilmirəm. Amma tam səmimiyyətimlə deyim ki, hətta bu yazını yazmağa başlayana qədər də ətrafımda, içimdə nələr baş verdiyinin mahiyyətinə vara bilmir... nə istədiyini, niyə belə olduğunu anlamaqda çətinlik çəkirdim. Sadəcə, bir hissiyat deyilən nə idisə məni sıxan o gərginliyi, narahatlığı yumşaltmağa çalışırdı. Mənim kilidlənməkdə olan iç dünyamı qorumağa, qanadı almağa cəhd göstərirdi. Elə belə də oldu. Bir də onda gördüm ki, barmaqlarımın arasında siqaret közərir... bir də onda gördüm ki, həmin o közərən siqaretin ağappaq tüstüsü mənə çox doğma və ağappaq bir yolu xatırladır...
Bax, bütün bunları mən alnımı söykədiyim buz kimi pəncərə şüşəsinin nəfəsimdən tərləyən üzündə barmağımla çəkdiyim həmin o düz xəttin məhz məni alıb aparacaq yola bənzədiyini hiss edəndə dərk etdim. Və...
Cəmiyyətin elə bir psixoz durumu var ki, sanki üfürülmüş şardı. Ona toxunmaq, onu adicə iynə ucu ilə diksindirmək partlayışa çevrilə bilər. Odur ki, mənim də içimdə olduğum bu cəmiyyətin həmin o psixoz durumunu yalnız şarın havasının üfürüldüyü yerdən asta-asta almaqla çözmək olar. Bu çözüm isə mütləq qurban istəyəcək. Qədim insanların dediyi qurbanlardan yağış üçün, günəş üçün, ruzi-bərəkət üçün, bir sözlə, arzuladıqları üçün verdikləri insan qurbanı. Elə mən də həmin o qurbanın mahiyyətini artıq öz hisslərimin fonunda rahatca anlayıram və görürəm ki, son vaxtlar gərginləşən ictimai-siyasi durum bizi məhz üfürülmüş şarın vəziyyətinə gətirib çıxarıb. Bizim yeganə çıxış yolumuz o şarın havasının alınmasıdır. Bəlkə də siyasi baxımdan bu fikirlər o qədər də yerinə düşmür və yaxud da kimlərisə razı salmır. Ancaq mən çıxarıb gözümün qarşısına qoyduğum və çırpıntısını da rahatca müşahidə etdiyim ürəyimin timsalında cəmiyyətin nələr çəkdiyini, hansı notlar üzərində kökləndiyini çox rahat seyr edirəm, yozuram, yazıram, şərh edirəm. Bəlkə də bu kiməsə gərək deyil və yaxud da heç bu yozumu, bu şərhi görmək də istəmir, arzu da etmir. Amma neyləyim, mən bu baş verənlərin içərisində özüm özümlə barışmaqdan sadəcə təsəlli alıram, təsəlli tapıram. Və bu təsəlli istəkli addımlarımla ümidə doğru gedirəm. Özü də həmin o uzaq və doğma ağappaq yolun sorağı ilə...
Deyirlər ki, insan əzablardan, çətinliklərdən, sınaqlardan, bir sözlə, zamanın dəyirmanını keçə-keçə bərkiyir. Bax, bu deyimin özündə də mən həmin o psixoz durumunu görürəm. Çünki özümü dərk edəndən, özümlə baş-başa qalandan, Allahın hökmü və özümün istəyimlə özümü yandırdığım bu odda həmişə ağrının, sınağın, imtahanların mənim bağırdaşım olduğunu görmüşəm. Elə bil ki, bütün bunlar mənim həyatımdı, mənim alın yazımdı, mənim bəxtimdi, lap elə mənim özümdü. Onlar mənsiz, mən onlarsız belə götürəndə, heç kiməm. Məhz onlar - o yandığım od... yaşadığım acı... özümə həsr etdiyim dünya... o həsrətini çəkdiyim yol... o gözlədiyim addım səsi... telefon zəngi... daha nələr, nələr mənim həyatımın mənasıdı, mənim yaşamımdı və mən onlarsız, onlar da mənsiz mövcud deyil. Mən onlarsız darıxıram, mən onlarsız yaşaya bilmirəm. O uzaq ağappaq yol nə qədər uzaq olur olsun, mütləq o yolla gələn olacaq və mən onda səni çağıracam və deyəcəm:

Darıxmağa çağırdım
Mən olan yerə səni.
Mənimlə darıxmaqda
Tən olan yerə səni...

Sevginin bolluğunda
Heç dincliyin olmadı
Darıxmamaq arzuna...
Gecikdiyin olmadı...

Çevrəndə tər çiçəklər
Kəpənəklər, arılar...
Bu sevgidən vaxt tapıb
Kim mənimçün darıxar?..

Mən bir sükut parçası-
Darıxdırıcı adam...
Aralı gəz, qoyma ki,
Üstünə sükut atam...

Kipriyimin ucunda
Qor var, baxıb üşümə...
Nəfəsin titrəyəndə
Yarıyacaq işinə!

***  
İstənilən məsələdə iki tərəf olur. Yəni  məsələnin səbəbi və mahiyyəti. Bax, bu mənada indi yaşadığımız anlar özü-özlüyündə həmin iki tərəfin üz-üzə, göz-gözə dayanıb, nəfəs-nəfəsə çözüm etməsini, bir aydınlıq ortaya qoymasını tələb edir. Təəssüf ki, bu gerçəkliyi tərəflərin hər ikisi bilsə də, amma addım atmaq, gerçəyi görmək nədənsə alınmır. Sanki tilsimə düşüb... sanki kələfi dolaşıb... sanki qarğışa gəlib. Bir sözlə, mahiyyəti və səbəbi bəlli olan gerçək özü-özlüyündə sual qarşısında qalıb. Özü də elə bir sual ki, ondan mütləq cavab eşitmək və bir də gerçəyin özü ilə hər iki tərəfi üzləşdirmək istəyir...
İstək heç də hər şey deyil. Yadıma gəlir ki, şeirlərimin birində yazmışdım ki, "istək sevgi deyil, sevgi də istək". Bunların arasında fərq o qədər böyükdür ki, onu yaşamağa bir ömür yetməz. Bax, bu mənada ömrümüzü həsr etdiyimiz sevgidə biz istəkləri sadəcə qiymətləndirməliyik və bilməliyik ki, bizi sevgiyə doğru aparan istəklər əgər doğrudan-doğruya içimzdən qaynaqlanırsa, ruhumuzdan qidalanırsa, onda bu istəklərin toplumu gəlib sevginin qapısını döyəcək. Bax, onda zaman-zaman içində közərən istəklər bir sevgi nəğməsi kimi gözlərindən, dilindən oxunacaq. Sən də oxunan nəğmənin çalarlarından rahatca görünən o istəklərin nə qədər dəyərli, dəyanətli, səmimi olduğunu anlayacaqsan...
Bilmirəm heç bunları niyə deyirəm, niyə yazıram, amma tam səmimi deyim ki, indiki anda yüzə yüz bildiyim və inandığım gerçəklik həmin o səbəb və mahiyyətdi. Biz öz dünya görüşümüzlə, öz düşüncələrimizlə birləşdirib qovuşdurduğumuz iki dünyanı, iki aləmi məhz bir yalnış istəyin sualı qarşısında qoymuşuq. Fərqinə varmamışıq ki, həmin o istək bizim dünyamız üçün qəbul edilməzdi. Axı biz müasir insanlar olduğumuz üçün tarixin arxivinə verilmiş, zamanın yaddaşına yazılmış üsullarla addım ata bilmərik. İndiki məqamda kiminsə qulağını kəsmək məhz həmin o yalnış istəyin ifadəsidi. Xalqa, eləcə də həyatının mənası olan insana sevgini hansısa bir yalnış istəklə gözdən salmaq və yaxud pərişan etmək zənnimcə, doğru deyil. Bax, əvvəldə dediym kimi, istək bu yerdə özünün sevgi olmadığını kifayət qədər büruzə verir. Doğrudur, yanaşma baxımından qüsurlu olan bu yozum çox mətləbləri açıb ortaya tökmür. Amma bir deyimimz var də, atalar buyurub ki, "sən sözünü de, sahibi götürəcək". İndi mən də həmin o buyuruğa əməl edirəm. İstəyirəm ki, səbəblə mahiyyətin əlləri bir-birinə doğru uzansın, bir-birini əvvəlki kimi anlayıb, bir-birini duyduqları kimi, bir-birini bağışlamağı da bacarsınlar. Çünki istənilən ifadənin, istənilən addımın kökünü qazıb ordan bir yanlışlıq tapmaq olar. Məgər bu bizə gərəkdi? Biz kimliyimizlə, ən vacibi isə ortada olan bəlli sevgimizlə məgər özümüzü təsdiq etməmişik? Təsdiqin yenidən təsdiqə bu qədərmi ehtiyacı var?
Hər halda indi yazdıqlarım həmin o barmağın arasında közərən siqaretin tüstüsünün uzunluğu qədər bir məsafəni aradan götürə bilsə, sevinərəm. Çünki:

Hər gün göz yaşı, hər gün
Ölüb dirilməyim var...
Gözü doymur ki, dərdin-
Düşüb, dərilməyim var...

Əlim bir yana çatmır
Səsim, solur içimdə...
Bircə Allahım bilir
Nələr olur içimdə...

Dörd divar arasında
Məzardayam elə bil...
Hər yan xatirə dolu-
Bazardayam, elə bil...

Cırmaqlanır yaddaşım
Ruhum qana bələnir...
Təklik adlı sirdaşım-
Məndən məni dilənir...

Hər gün ölüb dirilmək
Bir sevgiyə bəs etmir!
İçimdən uzaqlara-
Məzardayam, səs getmir.
***  
Yaxşı xatirimdədi, düz beş il bundan öncə qələm dostum Samir Sədaqətoğlu mənim şeirlərimlə bağlı bir yazı yazmışdı. "525-ci qəzet"in çap etdiyi həmin yazı "Hava" adlanırdı. Samir qardaşım yazmışdı ki, mənim şeirlərimdə bir hava var, havalı şeirlərdi. İndi etiraf edim ki, çox xoşuma gəlmişdi bu yanaşma, bu təqdir. Hətta bir az içimdə sevinc hissləri də yaşamışdım. Üstündən beş il ötəndən sonra düşdüyüm indiki durum, yaşadığım indiki an həmin o doğma və lap uzaq o ağ yolla Samir qardaşımın fikirlərini sanki mənə doğru istiqamətləndirdi. Və mən elə bil ki, doğrudan-doğruya duyğularımın, sözlərimin, hətta ürəyimin havalandığını hiss etdim. Çünki həmin o ağ yolla sən də gəlmişdin. Təkcə xatirə kimi yox, xəyal kimi yox, ruh kimi yox, eləcə həmişə olduğun kimi durub çıxıb gəlmişdin. Mən də sənin gətirdiyin həmin o havanın qanadları üstündə  psixoz durumda olan cəmiyyətdən, özümdən qopub ayrılmışdım. Mən indi artıq sənin dünyandaydım, sənin yanındaydım. Daha dəqiq ifadə etsəm, sən indi bizim dünyamızda, bizim yanımızdaydın. Bizim olan isə Allahın verdiyi, ürəyimizin ortaya qoyduqları idi...
Hə, elə o havalı məqamda yadıma Həvva nənə düşdü. Bilmirəm, bu da təsadüf idi, yoxsa zərurət. Amma doğrudan-doğruya yadıma düşdü. Yadıma düşən kimi də  özümdən asılı olmadan Hava və Həvva sözləri dayandı gözlərim qarşısında. İlahi, sözlərin özü kimi kökləri də necə bir-birinə oxşar və doğmadı!!! Bax, indi anladım ki, Adəm baba havalanıb Həvva nənə üçün cənnətdən necə könüllü imtina edib. Doğrudan da adam havalananda gözü yeri, göyü görmür, ətrafı tanımır. İllah da ki, bu hava Həvva üçün ola...
Ola bilsin ki, kimsə gülümsəsin, hətta bir etiraz doğuracaq təbəssüm nümayiş etdirsin. Amma inanın, mən səmimi deyirəm, sevgi də havadı - ürək üçün, ruh üçün! Sevgi də Həvvadı - ürək üçün, ruh üçün! Bu gün havalanıb öz Həvvası naminə çox istəklərdən, çox məqamlardan üz döndərənlər, əl çəkənlər bəlkə də barmaqsayı qalıb. Amma dəxli yoxdu, mənə görə hava varsa, Həvva da var. Əgər hava qurtadısa, onda...

Heç nə danışmır, demir
Eləcə susub, baxır...
Ürəyim uşaq kimi-
Üzümə, küsüb, baxır...

Dodaqları titrəyir
Gözləri qan çanağı...
Şaxtaya düşmüş gül tək-
Solubdu al yanağı...

Bu susqunluq içində
Özünü intihar var!
Bir ürək öləcəkdir-
Bilməyəcək adamlar...

İndi özünüz baxın, özünüz qərar verin, durumunuza da, cəmiyyətdəki yerinizə də. Görün havanız və Həvvanız sizinlədimi? Siz onların uğrunda mücadilə aparırsınızmı? Siz onları yaşadırsınızmı? Yoxsa... Havanız və Həvvanız çatmırsa, onda... məni də xatırlayın...
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV