adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Tanınmış teatr rəssamı Nabat Qurbanova

ETİBAR CƏBRAYILOĞLU
87306 | 2013-02-16 10:34
Hər yeni tamaşadan sonra dramaturq, quruluşçu rejissor və baş rolun ifaçıları diqqət mərkəzinə düşür. Müsahibələr, telesüjetlər, irili-xırdalı resenziyalar... Tamaşanın quruluşçu rəssamı nadir hallarda yada düşür. Ən uğurlu tamaşalarda belə bəzən onların adı xəsisliklə çəkilir.
Müxtəlif teatrlarda 60-dan çox tamaşaya səhnə tərtibatı verən, onlarla televiziya tamaşasında, filmlərdə quruluşçu rəssam kimi uğurlu işlərə imza atan Nabat Qurbanova bu məsələyə təbii baxır:
- Sənətə gəldiyim ilk vaxtlar bu mənə bir az qəribə görünürdü. Çünki Moskvada təhsil aldığım illərdə tamam başqa mənzərə görmüşdüm. Orada quruluşçu rəssamlara münasibət belə demək mümkünsə, daha ciddi idi. Mossovet Teatrında görkəmli teatr rəssamı Enar Georgiyeviç Stenberqin yanında təcrübə keçərkən bu sahəyə necə önəm verildiyinin şahidiyəm. Stenberq təkcə sovet məkanında deyil, bütün dünyada tanınmış teatr rəssamı idi. Yaponiya, Almaniya, Çexiya da daxil olmaqla əksər ölkələrdə tamaşalara tərtibat vermişdi. Məşqləri izləyir, bütün detallara ciddi fikir verirdi. Bədii tərtibatla bağlı hansısa bir nüans onu qane etmirdisə hətta tamaşanın premyerasını da təxirə saldıra bilirdi.
Bizdə isə mənzərə fərqli idi. İllər ötdükcə bu məsələyə alışmağa məcbur oldum. Ona görə də təkcə özümün yox, həm də digər həmkarlarımın mətbuatın diqqətindən kənarda qalmasına təbii baxıram. Tutaq ki, sıravi tamaşaçı zalda oturub tamaşaya baxır. O, ilk növbədə aktyorun ifasına diqqət yetirir. Amma əsərin mahiyyətini açan təkcə ifaçı deyil axı. Rejissor verdiyi səhnə yozumu ilə, quruluşçu rəssam öz tərtibatı ilə əsərin tam mahiyyətini açmağa çalışır. Teatra gələn hər tamaşaçıdan və ya media nümayəndəsindən səhnəqrafiya ilə bağlı dəqiq fikir gözləmək də mümkün deyil. Azərbaycanda bu sahəni dərindən bilən barmaqla sayılacaq qədər mütəxəssis var.  Quruluşçu rəssamın işinə qiymət vermək tamaşaçıdan zövq, dünya görüşü, savad tələb edir. Peşəkar insanların dəyərləndirməsi, hətta müəyyən iradı sənə stimul verə bilər. Yaradıcılığımın ilk illərində rəssamlığın başqa janrları ilə məşğul olurdum. İş elə gətirdi ki, Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi çalışmağa başladım. Mərhum rejissorumuz Əşrəf Quliyevin quruluşunda Anatoli Safronovun "Qəribə doktor" tamaşasına baxan görkəmli teatr xadimi, SSRİ xalq artisti Mehdi Məmmədov quruluşçu rəssamın işinə də yüksək qiymət verdi. Məni görən kimi təəccübləndi, dedi ki, elə bilirdim quruluşçu rəssam təcrübəli adamdı, amma sən lap cavan imişsən. Sən çalış bu sənəti davam  etdir. Unutma ki, mən bu sözü hər adam demirəm. Mehdi müəllimin dəyərli fikirləri məni bu sənətə daha da bağladı. Sumqayıt Dram Teatrında Hüseyn Cavidin "Afət" əsəri hazırlananda məni quruluşçu rəssam kimi dəvət etdilər. Tamaşanın premyerası Bakıda oynanıldıqdan sonra maestro Niyazi mənə telefon açıb işimi müsbət qiymətləndirdi. Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" əsərinin yeni quruluşuna baxarkən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev quruluşçu rəssam kimi mənim işimə yüksək qiymət verməklə yanaşı səhnəqrafiya ilə bağlı elə incə məqamlara toxundu ki, heyran qaldım. Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il üçün "Zirvə" mükafatını Musiqili Komediya Teatrının hazırladığı Qoqolun "Evlənmə" tamaşasına verdi. Sevinirəm ki, bu uğurda quruluşçu rəssam kimi mənim də payım var və bu əməyi qiymətləndirirlər.  
- Çəkilən zəhmətə qiymət verilirsə deməli bu sahəyə maraq da artacaq. Keçdiyiniz yol, gördüyünüz uğurlu işlər imkan yaradır ki, gənclərə məsləhət verəsiniz. Gənc həmkarlarınıza nələri məsləhət görərdiniz?
- Kim desə təhsil alıb rəssam oldum, bilin ki, yalan danışır. Rəssamlıq bir Tanrı vergisidi, gərək rəssam kimi doğulasan. Onu oxumaqla öyrənmək mümkün deyil, ən güclü müəllimlər belə sənə yalnız istiqamət verə bilərlər. Bəzən zarafatla deyirəm ki, ürək həkimi diş çəkə bilməz. Bizim sahədə də hər rəssamın da teatrda, kinoda quruluşçu rəssam kimi çalışması mümkün deyil. Bəzən elə olur ki, gənc rəssam gəlib tamaşaya bədii tərtibat vermək istədiyini deyir. Amma elə ilk sualdaca məlum olur ki, çalışacağı teatrda səhnənin ölçüsünü belə bilmir, texniki avadanlıqlardan xəbəri yoxdu. Bunları bilmirsə, tamaşaya necə tərtibat verəcək? Bu sənətlə ciddi məşğul olmaq istəyənlərə isə həmişə teatrı dərindən öyrənməyi, işlərinə ciddi yanaşmağı tövsiyə edirəm. Quruluşçu rəssamın işi eskiz verməklə bitmir ki... Mən hər yeni tamaşa üzərində çalışanda geyim, əlbəsə, dülgər, işıq və dərzi sexlərini gəzir, işlərin icrası ilə maraqlanıram. İşlər tam hazır olmayana qədər narahatlıq keçirirəm. Hər yeni tamaşaya sonuncu işim kimi baxıram. 60-dan çox teatr, onlarla televiziya tamaşalarını, filmləri belə hazırlamışam. Sənə tapşırılan işin narahatlığını keçirmirsənsə, ondan uğur gözləyə bilməzsən. Hər premyeranın sonunda yaradıcı heyətlə birgə səhnəyə çıxmıram. Yalnız 50 faiz razı qaldığım tamaşaların premyerasında səhnəyə çıxmağa razılaşıram.     
Quruluşçu rejissorla işləməyin özü də xüsusi bacarıq tələb edir. Elə rejissorlar var ki,  quruluşçu rəssamın fikirlərini eşitmək istəmir, ancaq öz ideyasını həyata keçirməyə çalışır. Mən belə rejissorlarla çalışmaqdan imtina edirəm. Deyirəm ki, sizə quruluşçu yox, icraçı rəssam lazımdı. Ağlına, savadına, istedadına bələd olduğum quruluşçu rejissorlarla isə həvəslə əməkdaşlıq edirəm. Quruluşçu rəssam kimi mənim baxışım, yozumum, dəst-xəttim hiss olunmayacaq, görünməyəcəksə mən o tamaşanın hazırlanmasında niyə iştirak etməliyəm? Bəzən teatr direktorları, quruluşçu rejissorlar görəndə ki, sənin verdiyin eskizin hazırlanması, dekorasiyaların qurulması çətin alınır və ya maliyyə cəhətdən baha başa gəlir, həmin variantdan imtina etmək istəyirlər. Necə deyərlər, çalışırlar ki, tamaşanı yola versinlər. Müxtəlif teatrlarda tamaşa hazırlayarkən belə hallara çox rast gəlmişəm. Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bəlkə də yeganə teatr rəhbəridir ki, quruluşçu rəssamı həmişə sona qədər müdafiə edir, lazım ola bütün şəraiti yaradır.
- Bir vaxtlar bizim teatrlarda bir tendensiya müşahidə olunurdu. Monumental, klassik əsərə quruluş verilirdisə səhnəyə o qədər dekorasiya yığırdılar ki, aktyorlar addım atmağa yer tapmırdılar. İndi müasir texniki avadanlıqlar quruluşçu rəssamların da işinə yarayır...
- Həmişə çalışıram ki, səhnədə lazımsız bir dənə də detal olmasın. Tamaşaçının səhnədə gördüyü hər bir detal quruluşçu rejissorun ideyasının açılmasına kömək etməli, teatr dili ilə desək, oynamalıdı.
- Stanislavskinin sözü olmasın,  əgər birinci pərdədə divardan tüfəng asılıbsa, tamaşanın sonuna qədər hökmən açılmalıdı...
- İllər ötsə də sübut olunur ki, bu fikir boşuna deyilməyib. Tez-tez digər həmkarlarımın hazırladığı tamaşalara baxıram. Fikirləşirəm ki, görəsən filan detalı quruluşçu rəssam niyə verib? Bəzən tamaşanın sonuna kimi bu sula cavab tapa bilmirəm. Görünür sadəcə səhnəni doldurmaq istəyib.
Bundan öncəki sualınızın cavabına gəlincə, bizim teatrlarda həmişə, hətta sovet dövründə də, işıqlandırma məsələsi ən böyük problemlərdən olub. Moskva teatrlarının tamaşalarına baxanda həsəd aparırdıq ki, bizdə belə işıqlandırma nə zaman mümkün olacaq... Son illər teatrlarımız yenidən təmir olunur,  müasir texniki avadanlıqlar quraşdırılır. Çalışdığım Musiqili Komediya Teatrı yüksək standartlara uyğun təmir edilir. ən yeni avadanlıqlar alınır. Təmirdən sonra teatrımıza gələn tamaşaçılar yəqin ki, səhnədəki keyfiyyət dəyişikliklərini də hiss edəcəklər.
- Tamaşalarda, filmlərdə quruluşçu rəssam kimi çalışmısınız. Bilirəm ki, rəssamlığın digər janrlarında da əsərlər yaratmısınız. Bəs niyə fərdi sərgi təşkil edib çəkdiklərinizi müzakirəyə çıxarmırsınız?
- Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də fərdi sərgi açmağımı təklif edib. Amma hələ tərəddüd içindəyəm.
- Səbəbini bilmək olarmı?
- Fərdi sərgi elə bir işdir ki, orada gərək hər şey zövqlə, yüksək səviyyədə hazırlansın. Mən belə şeylərə çox diqqət yetirirəm. Çünki rəssam olmazdan öncə qadınam.    
Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV