adalet.az header logo
  • Bakı 13°C

QUM ÜSTÜYNƏN UZUN YOL

VƏSİLƏ USUBOVA
40965 | 2013-02-16 10:33
Uzaqdan - o qədər uzaqdan ki, sanki oralara hələ insan nəfəsi dəyməyib - həzin musiqi səsi gəlir. O qədər həzin ki, nəfəsini qısıb gözlərini yummasan, fikrini hər şeydən ayırıb təkcə ona köklənməsən, bu səslərin nələr pıçıldadığını anlaya bilməyəcəksən. Musiqidən də çox küləyin süpürləyib təpəciklərə çevirdiyi qum dənələrinin xışıltısına bənzəyir. Gözlərini yumdunmu, xəyalında ucsuz-bucaqsız səhra, bu səhranın qoynunda qatarlanıb gedən dəvə karvanı canlanacaq. Uzunboyun dəvələrin incə, uzun ayaqları altında narın qumların necə sürüşüb xışıldadığını eşidəcəksən. Hələ dəvə zınqrovlarının səsləri də gələcək qulaqlarına. Karvanın önündə ovsar çəkən karvanbaşının əyilmiş qayğılı, fikirli başını da görəcəksən. Tərtəmiz göy üzündə kölgə salacaq bir parça bulud yoxdu. Günəş od ələyir, qum bürkülü havaya qarışıb sifətləri qarsıdır, boğazları yandırır. Qarşıdan göz aldadıb başgicəlləndirən, xəyalı çaşdıran ilğım getdikcə yaxınlaşır kimi görünür...
Bir ağac kölgəsi, bir kiçik su tutarı cənnətin özünü əvəz edərdi indi...
Ancaq yoxdu. Cənnətin özü kimi şirin bir xəyal, nağıldı bunlar...

***
Hara gedir bu karvan, bu fikirli, qayğılı adamlar?! Arxada bir el, bir oba dolusu dünya qalıb. Doğmalar-yaxınlar bir cüt gözə dönüb dikilib yollarına. Nədən qaçırlar, nəyə can atırlar?! İndiyə qədər keçdikləri yollardan fərqi nədi bu əzablı, üzücü yolun?! Qumun üstündə heç ləpirləri də qalmır. Bir karvan yükü Günah aparırlar bəlkə?! Doğrudanmı, səni bütün suçlardan arındıran bir məkan var dünyanın o başında? Tövbə evinin daim açıq qapısından girib, hər şeyi etiraf edəcəksən. Boynuna alacaqsan ki, indiyədək elədiklərin səndən asılı deyilmiş. Şeytan yoldan çıxarıb səni. Lənət oxuyub bütün babalını qoyacaqsan boynuna. Qəlbin yüngülləşəcək, ruhun dincələcək. Hər şey bitdi, deyəcəksən. Səninki də elə bura qədərdi. İncitdiklərinin, səhvlərindən, günahlarından əzab çəkənlərin, taleyi dəyişənlərin halı necə olacaq, bu daha səni maraqlandırmaz.
Əcəb işdi, nə istəyirsən elə, günlərin birində uzun bir yolçuluğa çıxıb dəyişəcəyinə, paklanacağına həm özünü, həm də başqalarını inandırmağa çalış. Özündənmi qaçacaqsan?! Dünyanın ən uzun yolunu getsən belə, elədiklərin arxanca gələcək, səni qarabaqara izləyəcək...
Hələ heç kəs çiynindən günah yükünü ata bilməyib...
Sən də onlardan birisən...

***
Karvan gedir... İsti qumların üstündə dəvələrin bədənlərinə uyuşmayan incə ayaqlarının izi qalır. Bəs, bu ucu-bucağı, sağı-solu bilinməyən səhranı ölçənlərin yolçuluqları nə vaxtadək uzanacaq?! Həm də elə beləcə səssiz-səmirsiz, darıxdırıcı bir sükutla davam edəcək?! Elə bil hava da donub qalıb, dünya durduqca dəyişməyəcək bu mənzərə. Aldanırsan. Çünki sənə tanış olmayan bir məkandı bura. Qəfildən hər şeyin dəyişəcəyini gözləmirsən. Ancaq olacaq bu.  Səmum yelləri, tufanları var səhraların. Dünyanın hər yerində olduğu kimi batan günəşi, qaralan üfüqləri var. Neçə-neçə karvanları, o karvanlarla bir yerdə ömürləri udmağı var. Elə bir dünyadı ki, üstündə yeriməsi də zülümdü, dayanıb durması da. Bax, indicə hər şey dəyişəcək. Bunu musiqidən anlamalıydın. O sakit, ritmik səslərin içindən həyəcan notlarını seçmədinmi?!.
Birdən külək qopur, qum dənələrini göyə qaldırıb, dəniz dalğaları kimi karvanın üstünə gətirir. Qumu o qədər göy üzünə qaldırır ki, Günəşin qabağını belə tutur. Hər tərəf gecə qaranlığı kimi zülmətə bürünür. Eşidirsənmi, bu  anda musiqi şahə qalxıb qayalara çırpılan dalğaların uğultusuna necə bənzəyir?!. Bu uğultu heç kəsməyəcək sanki. Hər şeyi ağuşuna alıb ümidsizliyə, yoxluğa qovuşduracaq...
Küləyin hardan əsdiyinə bax, dəniz dalğalarından da hündür qum boğanağı haqlayır karvanı. Çarə yalnız bir qum təpəciyi tapıb daldalanmaqdı. Dəvələr yatızdırılır, yükləri alınır, adamlar özləri də dəvələrin böyrünə, yüklərin arasına qısılıb qum dalğalarının bitməsini gözləyirlər...

***
Bəlkə heç səmum yelləri deyil bu əsən, qumları dalğalandıran?!. Bir dəstə harami soxulub karvana, yoxsa?! Soyub karvanı, qılıncdan keçirib adamlarını. Qara bürüncəkli atlılar bu dinc yolçuların yollarını döndərib o dünyaya sarı...
Birdən qalxdığı kimi, birdən də yatır külək... Göy üzü təmizlənir, Günəş yenə nurunu ətrafa yayır. Ürəklər sakitləşir, ümidlər geri dönür...
Karvan yola düzəlir... Yenə dəvələr aram-aram addımlayır, boğazlarını uzadıb bellərindəki yükləri yırğalaya-yırğalaya gedirlər... Bu dəfə zınqrovların səsi karvanın uzaqlaşdığını, üfüqdə gözdən itdiyini pıçıldayır...
Musiqi bitir... Sənsə hələ ayrılmamısan nə o səslərdən, nə də xəyalında yaratdığın mənzərədən. Ömründə ayağın dəyməyən yerlər, görmədiyin mənzərələr nədən doğmalaşdı bu qədər  sənə?! Bəlkə eşitdiyin nağıllar, bayatılar, oxuduğun dastanlar dadına yetdi?!
Bu təkcə qulaqları oxşayan musiqi deyildi. İnsan ömrü və dünyamızın əbədiliyi haqqında bir hekayətdi. Şirin olduğu qədər acı, acı olduğu qədər şirin bir hekayət. Elə bir hekayət ki, onu öz ürəyindən başqa kimsəyə danışa bilmirsən. Karvan yolları qədər uzanan həsrətimiz, ilğıma dönən könül istəklərimiz kimdən ötrü maraqlıdı ki?!.
İnsan qəlbi bu səhralara necə də bənzəyir. Boş olanda, sevgisiz qalanda, xəyallarını əsir edəcək birisinə rastlamayanda səmum yelləri əsir içində. Qum təpələrindən də ağır həsrət çökür çiyinlərinə. Karvan yolları kimi uzanan nisgilimiz, ilğıma dönən könül istəklərimiz. Dərdlərimizin dəvə dözümü. Nəyimiz qaldı fərqlənəcək bomboş səhralardan?!.
Qum üstüynən uzun yol... Bir ömürlük əzab düsturu. Həyatımızın ovsarı tale deyilən karvanbaşının əlində. Harayacan çəkir, nə qədər çəkir... bizdən soruşan, biznən məsləhətləşən yoxdu...
Bizim də soruşmağa kimsəmiz yoxdu...
Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV