adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Səhra səfəri

MƏMMƏD DƏMİRÇİOĞLU
30881 | 2013-02-16 10:28
2-ci hekayət
     1-ci yazı
Özbəkistanda yaşadığımız  macəralarla dolu illərdən artıq otuz il ötmüşdür. Diri qalmış xatirələri vərəqlədikcə o illərin həyəcanlarını yenidən yaşayır, xoş və şirin keçən anların bal tamını yenidən dadır, çox-çox uzaqlarda qalmış o illərin, o günlərin, o dəqiqələrin maraqlı anlarını bir daha yaşamağa başlayıram...
Artıq üçüncü il idi Xakulabad şəhərində işləyirdik. Buranın mühitinə uyğunlaşaraq çoxlarına dost, bir çoxlarına isə rəqib olaraq rəngarəng, təhlükəli və macəralarla dolu bir ömür yaşamaq tale yazısı imiş görünür. Artıq rəsmi olaraq mən Xakulabad şəhərinin baş rəssamı, Arif  isə çox yüksək zövqlə işlədiyimiz, maraqlı dizayın qurluşu ilə hamını heyrətə gətirən, "Okean" restoranının müdiri kimi çalışırdıq.
Zuxriddinlə baş verən əhvalatdan sonra bizə diş qıcıyanların çoxunun dişi qamaşmışdı. Gözləri götürməyənlər isə içlərində bizə nifrət etsələr belə saxta-saxta üzümüzə gülmək məcburiyyətində qalmışdılar...
"Okean" restoranının açılışında müəllif olaraq mənə növbədənkənar  "Vaz 21-06" markalı avtomobil hədiyyə olundu. Bu ağılagəlməz və qiymətli hədiyyə Xakulabad  rəhbərliyi tərəfindən sənətimə verilən böyük qiymət idi. Biz üç il öncə  velosipedlə gəzirdik.
Az keçməmiş motosikl aldıq və bununla çox fəxr edirdik. Belə bir avtomobilə sahib olmaq isə mənimçün əlçatmaz bir arzu idi. Mən artıq bu arzuya da sahib olmuşdum. Sevincimin həddi-hüdudu yox idi. İndi fəxrlə vətənə dönə bilərdim. Artıq öz zəhmətimlə o zaman üçün ən dəbdə olan maşına sahib olmuşdum.
Beləliklə, qərar verib, Mixail Nikolayeviçdən məzuniyyətə çıxmaq üçün icazə istədik. O, isə tərəddüd etmədən 20 günlük məzuniyyət ərizəmizə qol çəkdi.
Qızmar iyun ayı qurtarmaq üzrə idi. Biz məzuniyyəti elə götürmüşdük ki, iyulun 4-də, mənim ad günümü Bakıda, əzizlərimizlə birgə keçirək.  Odur ki, ailəmizi bir həftə öncə təyyarə ilə Bakıya yola salmışdıq. Biz isə iylun birində maşınla səfərə çıxaraq Namanqan-Aşqabaq marşurutu ilə iki min km-lik yolu üç günə qət etməli idik.
Bu uzun, nabələd səfərimizə sübh tezdən, xoruzlar banlamazdan öncə çıxmaq qərarındaydıq.  Məlum olduğu kimi Özbəkistan çox isti ölkələr sırasına aiddir. Yay aylarında, xüsusən də iyul, avqust aylarında havanın hərarəti 45-50 dərəcəni ötürdü və bu səfərin asan səfər olmadığını bildiyimizdən özümüzlə çoxlu su ehtiyatı götürməli idik. Bir neçə iri termosları soyuq su ilə doldurub, başqa yuklərimiz ilə birgə yerbəyer etmişdik.
Budilnikin zənginə yuxudan oyandıq. Bir daha lazım olan yüklərimizi nəzərdən keçirərək Allahı çağırıb yola düzəldik.
Bu səfər bizim ilk uzaq və yollarına bələd olmadığımız ağır bir səfər idi. Yol xəritəsini özümüzə bələdçı edərək, neçə-neçə şəhər, qəsəbə, kənd keçib iki min km məsafəni iki günə qət edərək Özbəkistan ərazisindən ötməli, Sırdərya çayından Türkmənistan ərazisinə keçərək, min km-lik səhra yollarını qət edib özümüzü Krasnavodskiyə çatdırmalı, oradan da paromla Xəzər dənizini on iki saata üzərək iyulun dördü üçün Bakıya yetməliydik.
Beləliklə, ala-torandan başlanan səfərimizdə növbə ilə maşını idarə edərək dayanmadan özümüzü şər qarışana Fərab qəsəbəsinə çatdırmalı idik. Katerə qoşulmuş nəhəng bərənin  vasitəsiylə Sırdərya çayını üzüb Çərco vilayətinə adlamalı, gecəni orada gecələyərək sübh tezdən daha ağır, min km-lik səhra yolunu qət etməli idik.
Xəritədən dəqiq istifadə etsək də bir neçə dəfə yolu azdıq. Bütün bunlara baxmayaraq, plan üzrə işlərimiz düz gedir, gün axşama dönəndə biz də Samarqandı ötərək Buxara vilayətinin ərazilərindən Fəraba tərəf  irəliləyirdik.
Şər qarışırdı. Arif  məni əvəz etmiş, xeyli müddətdi sükan arxasında olaraq Sır dərya çayına tez çatmaq üçün tələsirdi. Saat 8-də sonuncu bərə bu üzdən o tərəfə üzüb, bir də səhər saat 8-də  geri dönərək işə başlamalı idi. Əgər biz özümüzü sonuncu bərəyə çatdırmasaydıq, gecəni Çərco mehmanxanasında yox, çayın bu üz sahilində, maşında gecələməli olacaqdıq.
Hadisə bir an içində, gözlənilmədən baş verirmiş. Başımıza gələn qeyri-adi hadisə də gözlənilməz və qaçılmaz oldu.
Qəfildən yola çıxan başı sarıqlı, iri gövdəli bir Türkmən qadını yola çıxdı, tələsərək qarşımızdan yolu o tərəf keçdi.
Arif  arxayın oldu ki, qadın yolu keçə bildi və surəti azaltmadı. Elə bu andaca qadının dərhal da geri dönməsi bizi tam çaşdırdı. Qadın yolun tən ortasına çatanda əks tərəfdən sürətlə gələn motosikli gördü və hiss etdiki qabağa getsə motosikil onu vuracaq.
Qeyri-adi olaraq qorxub cəld geri sıçradı və zərblə bizim maşına çırpıldı. Heç bir an keçməmiş çaşmış motosikl də qadını vurmasın deyə bizim yola çıxdı. Zərblə kapota dəyən qadın qabaq şüşəyə çırpılaraq yoldan xeyli aralıya yuvarlandı. Nə yaxşı ki, motosikl bizə dəymədi. Qarşımızdan süzərək yolun sağ tərəfindəki iri xəndəyə yuvarlandı. Həyəcan bizi şoka saldı.
Qadının başı zərblə şüşəyə çırpıldığından ön şüşə hörümçək toruna dönmüşdü. Biz tez maşından düşərək yolun kənarına yıxılmış iri gövdəli qadına yaxınlaşdıq. İsti yay günü olmasına baxmayaraq, başı və qurşağı qalın dəvə tükü şalla bağlanmış qadın çabalayaraq durmağa cəhd edirdi.
O, diri idi. Ariflə köməkləşıb qadını ayağa durğuza bildik. Qorxudan rəngi kağız kimi ağarmış qadın titrək səslə:
- Bolalər, qaçın, məndə bir şey yoxdur, - deyərək bizə ürək-dirək verdi. - Sizdə günah yoxdur, məni o motosikl sürən çaşdırdı. Düz üstümə gəlirdi. Vurmasın deyə geri sıçrayıb, sizin maşına dəydim. Milislər gəlməmiş aradan çıxın.
Başına və belinə sarıdığı qalın şal qadını ölümdən xilas etmişdi. Biz qadına xeyli dil-ağız edib maşına oturmaq istəyirdik ki, yolun sağ tərəfinə yuvarlanmış motosikl sürən Türkmən toz-torpaq içində xəndəkdən çıxaraq axsaya-axsaya bizə yaxınlaşdı. O. Bizdən aralanmış qadını göstərərək, türkmən dilində qışqırmağa başladı:
- Mənim anamı vurub hara qaçırsınız? Məni də siz çaşdırdız. Heç yerə qaça bilməzsiz. Polis gəlincəyə qədər gözləyin, - deyib maşını qabağını kəsdi
Donub yerimizdə qaldıq:
- Qardaş, qadına heç nə olmayıb. Şükür, sən də sağ-salamat qurtardın. Çəkil yolumuzdan çıxaq gedək, - deyərək rus dilində danışmağa başladıq. Türkmən bizim qərib olduğumuzu anlayaraq bir az da ürəkləndi:
- Sizi buraxan deyiləm. Anamı vurub hara qaçırsınız?
Bir kənardan bu mənzərəni seyr edən qadın bizə yaxınlaşaraq öz dillərində Türkmənə nəsə söyləyib üzünü bizə tutdu:
- Çıxın gedin, bu yalan danışır, mən onun anası deyiləm, - deyib yenə üst-başı toz içində olan bu nadürüst gəncə nəsə dedi. Tərs Türkmən qadına məhəl qoymayaraq yenə maşının qabağına keçdi. Mərdiməzarı axtarmaqla deyil, qənşərimizə çıxıb, əl çəkmək də istəmirdi. Nəhayət Arifə əmr etdim ki, otur maşına sür. Biz maşına oturan kimi qadın oğlanı itələyib yolumuzdan çıxardı və biz gecikmədən irəli şığıdıq.
Tələsmək lazım idi. Bərənin sonuncu  səfərinə çatmasaydıq bu üzdə qalmalı olacaqdıq. Belə bir anda isə bu çox təhlükəli idi. Ola bilsin ki, qadın isti-isti bir ağrı hiss etməyib, sonradan ağrıları başlayar, sahibləri bizi axtarardılar. O motosikl sürən də arxamızca milis gətirə bilərdi. Bir sözlə, biz özümüzü bərənin son səfərinə çatdırıb o üzə adlamalıydıq. Əks halda təhlükə bizdən sovuşmamışdı. İşimiz milisə düşsəydi çox çətinliklər ola bilərdi.
Yaman yerdə axşamlamışdıq. Həyəcan, qorxu içində Fəraba çatdıq. Hava qaralırdı. Uzaqdan xeyli maşın topasını görüb tələsməyə başladıq. Bərə son səfərinə çıxmağa hazırlaşırdı.
Amma tələsməyimizə baxmayaraq özümüzü sonuncu bərəyə çatdıra bilmədik. Biz çatana az qalmış balaca katür fit verərək arxasına qoşduğu maşınlarla dolmuş nəhəng bərəni çəkərək o biri sahilə üzməyə başladı. Ümidlərimiz puça çıxmışdı.
Çayın bəri sahilində irili-xırdalı xeyli maşın qalmışdı. Bir nəfər sürücüyə yaxınlaşıb soruşduq:
- Qardaş, bu sonuncu üzüşdü,  yoxsa bir də qayıdacaq?
- Sonuncu olmağına sonuncudu, amma yalvar-yapışla razı salmışıq ki, bir reys də etsin, burada qalmayaq. Pulu da ikiqat təklif etdik. Razılaşıb, görək qayıdacaqmı, - deyib Kamaz markalı maşının sürücüsü maşınımıza, hörümçək toruna dönmüş qabaq şüşəmizə baxaraq bizi mənalı-mənalı süzməyə başladı. Mən yavaşdan Arifə başa saldım ki, maşının qabağını iri kamazların arasına verib gizlətsin.
Aydınca hiss olunurdu ki, maşın vurulub. Arif  dərhal maşını tünlüyə salaraq maşının qabaq hisssəni gizlətdi. Bərə o üzdə yükünü boşaldaraq geri dönməyə başladı. Bəxt üzümüzə gülürdü deyəsən. Həyəcanımız azalmağa başladı, amma çox sürmədi. Uzaqdan görünən milis maşını sürətlə bizə tərəf yaxınlaşırdı.
(Ardı gələn şənbə sayımızda)
Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV