adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR

TOFİQ ABDİN
36670 | 2013-02-16 10:24
"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vur-həşir də, bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də  var. Həmişə gönlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sornakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarşılanmayıb. Mən onlarnı müdafiəsinə qalxmaq məqamında uzağam. Mən, sadəcə, onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər. Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTMIŞINCILAR" sırasına  salınmayan ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?   
- Siz tərəflərdən baxanda Azərbaycan nəsri necə görünür və Siz dünya ədəbiyyatı ilə ayaqlaşa bilirsinizmi, öyrənmək baxımından.
- Zəmanədən gələn müəyyən çətinliklərə, qadağalara, ideoloji basqılara baxmayaraq Azərbaycan nəsri son yüz əlli ildə böyük inkişaf yolu keçib və bu barədə çox yazılıb, çox deyilib. Çağdaş nəsrimizin üfüqləri getdikcə genişlənir və bu bir oxucu kimi məni sevindirir. Anarın "Ağ qoç, qara qoç", "Otel otağı", Əkrəm Əylislinin "Ətirşahmasan", Elçinin "Ölüm hökmü", Sabir Rüstəmxanlının "Ölüm zirvəsi", Elçin Hüseyinbəylinin "Balıq adam", Kamal Abdullanın "Yarımçıq əlyazma", İlqar Fəhminin "Aktrisa", Nəriman Əbdülrəhmanlının "Yalqız", Seyran Səxavətin "Yahudi əlifbası" romanları, məncə, çağdaş nəsrimizin uğurlarındandır. Ürəkaçan cəhəd odur ki, son illər nəsrimizə Pərviz, Nərmin Kamal, Aslan Quluyev, Aqşin Yenisey kimi istedadlı nasirlər gəlmişlər. Onların simasında nəsrimizin irəli gedəcəyinə ümidim çoxdur. O ki, qaldı dünya ədəbiyyatı ilə ayaqlaşmağa, bu çətin məsələdi. Avropa dillərindən müəyyən qədər ingilis dilinə bələdçiliyim var, gec də olsa bu dili həvəslə öyrənirəm. Nə yaxşı ki, bu sahədə Azərbaycan Tərcümə Mərkəzi və onun "XƏZƏR" dünya ədəbiyyatı jurnalı dadımıza çatır. Bu jurnal-xəzinə əlimizdən tutub bizi dünyanın nəhəng söz ustaları və onların ədəbi inciləri ilə tanış edir. Son illər bu jurnalda Afaq Məsud,Tehran Vəliyev,  Saday Budaqlı, Rövşən Ramizoğlu, İlqar Əlifoğlu, Nəriman Əbdülrəhmanlı, Natiq Səfərov, Cavanşir Yusifli, Orxan Budaqlı kimi istedadlı tərcüməçilərin çevirmələrində Folknerin, Borxesin, Jorj Amadunun, V.Nabokovun, Kenzi Maruyamanın, Otar Çıladzinin, Tomas Vulfun, Moris Meterlinkin və dünya şöhrətli digər yazıçıların şedevrlərindən seçmələrlə tanış olmuşam. Lap elə bu günlərdə 2009-cu ilin Nobel mükafatı laureatı, alman yazıçısı Herta Müllerin "Nəfəs yelləncəyi" romanını oxudum (Zaur Səttarlı və Qurban Dağlının çevirməsində), yetərincə zövq aldım, təsirləndim. Günlərin bir günündə "XƏZƏR" jurnalını vərəqləyərkən gözüm bir sərlövhəni tutdu: F.M.Dostayevski. "Karamazov qardaşları" (romandan parça). Görkəmli yazıçımız Afaq Məsudun çevirməsində bu parçanı oxumadım, su kimi içdim, yenə doymadım. Bir də içdim və Azərbaycan dilinin zənginliyinə, var-dövlətinə, öz qapısını dahi rus yazıçısının üzünə necə səxavətlə açıb, qonaqpərvərcəsinə zər-zibasını göstərməsinə heyran oldum...
- Bir tərəfdən baxanda vallah,səni xoşbəxt yazar və insan kimi görürəm. Elinə,obana yaxın və bağlı bir ziyalı kimi yaşamağa davam edirsən. Darıxmırsan oralarda. Axı Cənubun qürub çağı çox ağır olur. Bəlkə mən yanlış düşünürəm. Necə olmasa da mənim də oralarla bir bağlılığım var. Ata dədəm çox-çox illər öncə Ərdəbildən sizin tərəflərə gəlib, sonra köçərilik başlayıb. Dərbədərlik başlayıb.
- Böyük mütəfəkkir, unudulmaz həmyerlimiz Əlibəy Hüseynzadənin dediyi kimi bizim Muğan torpağında güclü enerji var. Adam ayağını yerə qoyanda sanki qoluna yeni bir qüvvət gəlir. Odur ki, öz el-obamın içində özümü rahat hiss edirəm. Vaqif Səmədoğlu demişkən, "mühit içində təpədən-dırnağa ümid içindəyəm". Bu yerlərə bələd olan bir yazar kimi özün yaxşı bilirsən ki, bizim Cənub bölgəsi qoynunda xəzinələr saxlayan sirli-soraqlı bir aləmdi. Özünəməxsus bağlı boxçadı. Düz deyirsən, bu yerlərdə qürub çağı çox ağır olur. Biz tərəflərdə günəşin tülusu bir tamaşadırsa, qürubu isə, sizin sözün qüvvəti, son dərəcə kədərli, qəm-qüssəli vidalaşma anlarıdır... Muğanda günəş qürub edərkən nə uca dağların, nə də qalın meşələrin arxasına çəkilir, o, uzaq ənginliklərdə, haradasa yerlə-göyün qovuşduğu qanqırmızı bir məkanda anbaan əriyir, sanki can verir, son nəfəsində enib gəldiyi, dövran sürdüyü səltənətə acı-acı nəzər yetirib əbədiyyata qovuşur... Yetərincə kədərli, təsirli, ibrət götürüləsi bir səhnə. Ona görə də qocalar deyirlər ki, batan çağı günə çox baxmayın, canbəsər olar. Adama, ev-eşiyə sədəməsi dəyər. Özünnən yeyilər dar niyaz vaxtı, yəni axşam qürubunda qapınıza pis niyyətlə gələrlər. Bu xalq inancı bu gün də bizim Cənub bölgəsində gəzib-dolaşmaqdadır. Bizim Cənub bölgəsində, Muğan düzlərinin dəriniklərində yaz ağzı heç yerdə tayı-bərabəri olmayan, ətriylə insanı məst eləyən çiçəklər açır. Amma nə yazıqlar ki, gözdən-könüldən iraq olan, öpülüb göz üstünə qoyulmayan, pərqu ləçəklərinə nəvazişkar bir əl toxunmayan bu dərdli-kədərli çöl gözəlləri boyunlarını buraraq qarıyıb qalır, xəzələ dönüb torpağa gömülürlər. Halbuki, bu bəxtsiz çöl çiçəklərinin də göz önündəki dibçək gülləri kimi sevilmək, nəvaziş görmək ixtiyarı vardır... Tofiq, nədənsə o gənclik illərində Bakı-Astara qatarıyla sizin Qırmızıkəndin yanından keçəndə mən həmişə duyğulanar, gözdən-könüldən iraq yerlərdə bitən və insan üçün darıxan o, çöl çiçəklərinin acı taleyi barədə düşünərdim. Və bu məqamlarda hardasa yadıma Vaqif Nəsibin "Durna gülü" şeri və bu şeirlə bağlı xalq şairi Rəsul Rzanın "Mənim fikrimcə" kitabında dərc olunmuş qeydləri düşərdi. Özlüyümdə deyərdim ki, nə olaydı, gecələrin birində Qırmızıkəndi bizim Cənub qatarına qoşaydılar, üstünə də yazaydılar: növcavan vaxtı Tofiq Məhərrəmoğlunu bax bu elləri gəzib, dolaşan kənddə İlham pərisi oxlayıb... Tələbəlik illərindən fərqli olaraq, indi daha mənim və eləcə də, bir çoxlarının yolu Qırmızıkənd stansiyasından keçmir. İndi Bakıya yüngül, sürətli və sərfəli maşınlarla gedib-gəlirik. Ancaq o, çöl çiçəkləri ilə və onların oxşarı hesab etdiyim Qırmızıkəndlə bağlı nisgilli duyğular hələ də içimdədi və yəqin ki, onlar məni heç vaxt tərk etməyəcək. Bizim Cənub qatarımız Qırmızıkənd stansiyasından adətən sübhün alatoranında, təbiətin yuxulu çağında keçirdi və bu dəmlər vaqonların pəncərələrindən maraqla ətrafa boylansaq da, təəssüf ki, sis-dumana bürünən kəndin boy-buxununu, qədd-qamətini, Muğanın bu tərəfinin özünəməxsus təbii gözəlliyini görə bilmirdik və həmişə buna çox heyfsilənirdim. Bu yaxınlarda xalq yazıçısı Anarın "525-ci qəzet"də, vaxtilə sizin kənddəki evinizdə qonaq olarkən ailə üzvlərinizlə birlikdə çəkdirdiyi şəkli görəndə, qəlbimdə həmin o çöl çiçəkləri ilə bağlı xoş bir duyğu baş qaldırdı. Düşündüm ki, vaxtilə ömrünün gur, axar-baxarlı, saçının qara çağında bizim Cənub bölgəsinə gələrkən, ayaq saxlayıb, Muğan mənzərələrini seyr edən yazıçımızın Qırmızıkəndə səfəri, əgər yaz fəslinə təsadüf edibsə, demək o Muğanın dərinliklərindəki bənzərsiz çöl çiçəklərini, səmada oynaşan ağ buludları, üfüqdən göy qübbəsinəcən uzanan Fatma nənənin hanasını, çiçəkdən-çiçəyə qonan bal arılarını, bu yerlərin özünəməxsus boyalarını... görüb. Bəlkə də, heç belə deyil. Amma hər-halda nikbin olmağa əsas var. İndi Cənub bölgəsinə gediş-gəliş azaddır.
Daha Qırmızıkənd stansiyasına çataçatda qatarda sərhədçi "sarıqulaqlar" tərəfindən keçirilən, pasport yoxlanışı deyilən əcaib tamaşadan əsər-əlamət yoxdur və ola da bilməz. Artıq Qırmızıkənd stansiyasına çatanda, yuxunun şirin yerində əli avtomatlı sərhədçi sarıqulaqların "Qalxın, pasportlarınızı göstərin" deyə bağıraraq vaqonlardakı soydaşlarımızın əsəb sarsıntılarına, nevrozuna rəvac verdiyi əcaib anlar tarixin zibilliyinə gömülüb.
(Son)
[email protected]
www.tofigabdin.com
Tofiq Abdin

TƏQVİM / ARXİV