adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Dekabr 2016 13:00
19333
ƏDƏBİYYAT
A- A+

Metroda öz-özünə gülən qadın

Adalet.az Oğuz Ayvazın "Metroda öz-özünə gülən qadın" yazısını təqdim edir.


Gündəlik metro istifadəçilərindən biriyəm. Vaqonda olanda ya kitab oxuyuram, ya da qulaqcıqda retro mahnılar dinləyirəm. Bunların heç biri olmayanda isə gözümü insanlara tuşlayır, başlayıram saman altdan müşahidələrimə. Hər axşam işdən çıxanda metroda tünlük olur. Qatara minməyə tələsən adamlar bir-birinə yer vermədən, gözləmədən vaqona Səlib yürüşü edirlər.


Gözlərimiz tuneldən gələn işığa yönəlmişdi. Yanımdakı insanları müşahidə edirdim. Nəhayət qatar gəldi, nəfəsini dərdi və insanlar tez bazar özlərini vaqonlara dürtdülər. Özümü bir qırağa verib gözlərimi bu yorğun insanların üzünə tuşladım.


Yaşlı bir adam ayaq üstə fikirli-fikirli tavana baxırdı. Üzündəki qırışlardan anlaşılırdı ki, hekayəsi olan birisidir. Yəqin, işdən çıxıb evə gedir. Sabahı düşünür.


Yanındakı gənc oğlan isə planşetində diqqətlə nəyəsə baxır. Həyatdan tamamilə təcrid olunub. Ətrafındakı insanlar, metronun uğulutu səsi onun vecinə deyil. Üzündə sızanaqlar görünür. Yaşını təxmin edirəm. Çox güman ki, 18-19 yaşı olar. Gözlərimi arxa tərəflərə fırladıram. Eynən bir rejissor kimi kameranın istiqamətini dəyişirəm.


Bir qadın diqqətimi çəkir. Gözləri qapalı, üzündə bir təbəssüm. Bəzən isə gülümsüyür. Ətrafında üzlərindən mürdəşir yağan yorğun, miskin adamların arasında belə bir qadın tapmaq samanlıqda iynə axtarmaq kimi bir şeydir. Hər kəsin üzündə eyni ifadə mövcuddur: yorğunluq! Bu qadın niyə öz-özünə gülür, fikirləşməyə başlayıram. Yəqin ki, bu gün ona çox adam kompliment deyib. Ya da uşaqlığı yadına düşüb. Xəyallarında qırımızı laləli düzənliklərdə qaçır, çərpələng uçurur...


"Ulduz” stansiyası. Sükutu "Ulduz” stansiyasındakı iki deyingən xala pozdu. Qapılar bağlanır, növbəti stansiya "Koroğlu”. İçəri girən xalalardan biri "ağez, sən gələssən?” deyə rəfiqəsinə dedi. Yoox! - sərt bir cavab digər xalanı əsəbiləşdirdi. Heç gələn günün olmasın! Vaqonun o başından gələn xəfif gülüşləri eşitmək olurdu. Sükutu artıq yorğun təbəssümlər əvəz etmişdi.


Hə, mən artıq yerimi yaşlı qadın və ərinə vermişdim. Qadın çox gözəl, kişi də çox yaraşıqlı idi. Cütlük bir-birini tamamlayırdı. Kişi yer verdiyimə görə çantamı saxlayırdı. Digər tərəfdən də içkili, yekəqarın kişi ilə pudralı, ətirli-qoxulu, yekəxana bir qız diqqətimi cəlb edirdi. Kişinin dünya vecinə deyildi. Tam bir sərxoş tablosu. Qız üzünü turşudur, ondan uzaqlaşmağa çalışırdı. Ancaq tünlük onun uzaqlaşmasına mane olurdu. İçki iyi və qızın ətri bir-birinə qarışaraq qəribə bir qoxu yaradırdı. Qımışdım. Qəfil vaqonun aynasında üzümü gördüm. Əksim mənə gülürdü.İnsanların düşüncələri, xəyalları ilə sintez edə-edə son stansiyaya gəlib çıxdıq. Qatar elə bil öskürdü. İnsanlar qarışqa kimi səpələndilər. Platformada onların gedişlərini seyr etdim. Az sonra isə növbəti qatar gəldi.