adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Dekabr 2016 19:44
52052
MƏDƏNİYYƏT
A- A+

Elçin Həşimov

Tar alətinin sənət tarixində fərdi dəsti-xətti ilə seçilən ifaçılar olmuşdur .Müasir dövrümüzdə də onların yolunu davam və inkişaf etdirən ustad sənətkarlar nəsli fəaliyyətdədir.

Milli tar məktəbinin nümayəndələri arasında özünə layiqli yer tutmuş Elçin Həşimov 1973-cü il,sentyabrın 5- də Bakıda anadan olmuşdur. Alicənablıq,həssaslıq və ziyalılıq ruhunda tərbiyə almışdır.Kiçik yaşlarından Azərbaycan xalq musiqisinə,xüsusən də tara böyük maraq göstərən ifaçı bu maraqla Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində təhsil almağa başlayır və burada o, tar tutmağı,mizrab vurmağı belə Fikrət Manafovdan öyrənir, böyük musiqi qabiliyyəti sayəsində 14 yaşında Azərbaycan Dövlət Filarmoniyasında SSRİ Xalq artisti drijor və bəstəkar Niyazinin simfonik orkestrı ilə konsert vermişdir. Sonralar Elçin müəllim qədim klassik janr olan muğamı Asəf Zeynallı adına Musiqi Kollecində böyük və ustad sənətkar Kamil Əhmədovdan, Akif Novruzovdan, Ağasəlim Abdullayevdən öyrənir. Xüsusi qeyd etmək lazımdır ki, Kamil Əhmədovun ən sonuncu tələbəsi məhz Elçin Həşimov olub və ustad öz sədəfli tarını ona hədiyyə edib.

Zəhmətsevərliyi,çalışqanlığı və istedadı ilə müəllim heyyətinin diqqətini cəlb edən məharətli tarzəni Musiqi Kollecini başa vurduqdan sonra elə həmin məktəbdə müəllim vəzifəsində saxlayırlar.Həmin ildə eyni zamanda o, Musiqi Akademiyasının Tar ixtisasına qəbul olur və Möhlət Müslümovdan dərs almağa başlayır. Elə bu illərdə Azərbaycan Akademik Opera və Balet Teatrına bir neçə dəfə işə dəvət alır,lakin təhsil və pedaqoji fəaliyyəti ilə əlaqədar təklifi qəbul etmir.

1993- cü ildən etibarən professor Mənsum İbrahimovla dostluq münasibətləri yaranır,məhz sənətkarın istəyi ilə tarzən Akademik Opera və Balet Teatrında orkestr solisti vəzifəsində fəaliyyətə başlayır.

Anadan sonra yer üzünün fədaisi müəllimdir .İnsan onun vasitəsilə kainatda bütövləşər və özünə yer tapar .Əsl müəllim bildikləri ilə kifayətlənməyərək hər gün elminin baxçasında yeni-yeni biliklər öyrənər ,bildiklərini tələbələri ilə paylaşmağı özünə sevinc hesab edər.

Elçin Həşimov da məhz belə müəllimlərdəndir. O,hal- hazırda Milli Konservatoriyanın dossentidir. Yetişdirdiyi istedadlı gənc tar ifaçıları- Rəşad İbrahimov, Altay Niftəliyev, Ədalət Behbudov, Nahid Məmmədov, Sənan Əliyev, Tofiq Məmmədov və başqaları artıq müəllim kimi tar sənətini gənc nəslə öyrətməkdədirlər.

Elmi faydalı insanlardan öyrənmək lazımdır ki, öz elminə əqidəsi olsun və həyatında ondan bəhrələnsin.Qeyd edim ki, mən özüm də muğamları və muğamlarla bağlı nəzəri məlumatları Mənsum İbrahimovla yanaşı eyni zamanda Elçin müəllimin sevimli tələbələrindən olan məhz Rəşad İbrahimovdan öyrənirəm.

Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən Həşimov həm solo çalmaqda ,həm də xanəndələri müşayiət etməkdə xüsusi istedada malikdir.O, dəyərli sənətkarlarımız – Mənsum İbrahimov,Aygün Bayramova və ara-sıra Təyyar Bayramovu müşayiət edir.

2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən muğamımızın "Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilməsi” elan olunmuşdur. Bu baxımdan həm ölkəmizdə,həm də ölkəmizdən kənarda Beynəlxalq layihələr,festivallar,müsabiqələr keçirilir. Bu kimi layihələr bilavasitə Azərbaycan mədəniyyətinin təbliğidir. Azərbaycan muğamını uğurla təmsil edənlər arasında Qarabağ trionun böyük rolu vardır.

Onlar dəfələrcə Avstriya, Belçika, Norveç, İsveç, İngiltərə, İspaniya ,İran, Rusiya, Ukrayna, Belarus, Misir, İsveçrə, Finlandiya,Çin, Latviya,Braziliya və b. ölkələrdə konsert proqramları ilə çıxış etmişlər.

Bundan əlavə Elçin Həşimov 2001-ci ildə Türkiyədə "Leyli və Məcnun” tamaşası, 2001-ci ildə Azərbaycan AŞPA-ya qəbul olunarkən Fransada,2002-ci ildə "İpək yolu festivalında ABŞ-da, Hollandiyada "Atlas ensemble” layihəsində, 2003-cü ildə Özbəkistanda "Şərq təranələri” festivalında 2-ci yerə layiq görülmüşdür. 2007-ci ildə Latın Amerikası və Azərbaycan musiqiçilərinin birgə layihəsi olan "Trans atlantic non-stop” layihəsində fəal iştirak etmişdir

Qədim xalq rəqslərimizin ("çobanlar” , "vağzalı” , "mirzeyi” , "duy-duy” , "innabı” və b.) yeni üslubda hazırlanması da Qarabağ trioya məxsusdur.

Tarzənin milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə ona Azərbaycanın Əməkdar artisti fəxri adı, bir sıra hökumət mükafatları verilmişdir.

Elçin Həşimovu şəxsiyyət kimi çoxlarının nəzərində ucaldan ali keyfiyyətlərdən biri də budur ki, o ,insanlığa xas cəhətləri xarakterində cəmləşdirmişdir,sadəliyinə,təvazökarlığına, mehribanlığına görə ətrafındakıların sevgisini qazanmışdır.

Qarabağ futbol klubuna azarkeşlik edən Elçin müəllimlə söhbətim məqamında onun sənətindən əlavə xüsusi bacarıqları olduğunu da öyrəndim və məlum oldu ki, sənətkar uşaqlıqdan texniki əşyaları ustalıqla təmir etməyi də bacarırmış.

Sonda arif könüllü bu tarzənə oxucular və dinləyicilər adından can sağlığı ,sənətində daha əlçatmaz uğurlar arzulayırıq !

.