adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Dekabr 2016 17:44
50732
TEXNOLOGİYA
A- A+

Rabitəçilərin bayramı Gəncədə qeyd olunub

Azərbaycanda telefon rabitəsinin 135 illik yubileyi münasibətlə Gəncə şəhərində qeyd edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə qurumun rəhbərliyi və kollektivi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, veteran rabitəçilər, şəhər ictimaiyyətinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.

Tədbirdən öncə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və E. Vəliyev ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində "Azərbaycanda Telefon Rabitəsi 135 il" kitabı və ölkəmizdə rabitənin inkişaf tarixini əks etdirən foto qalereya ilə tanışlıq olub.

Sonra yubiley münasibəti ilə təşkil olunan tədbirə start verilib. Öncə prezident İlham Əliyevin Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə fəxri adların verilməsi haqqında sərəncamı oxunub.

Bir qrup rabitəçiyə fəxri adların təqdim olunmasından sonra R. Quluzadə çıxış edib. Nazir bildirib ki, Azərbaycan rabitəsi şərəfli inkişaf yolu keçib. Dünyada ilk telefon aparatı icad ediləndən cəmi 5 il sonra ölkəmizdə telefon xətləri çəkilib. Azərbaycanda telekommunikasiya sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edən nazir ölkə başçısının bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Çıxışdan sonra Azərbaycan rabitəsinin 135 illik inkişaf tarixinə həsr olunan "Yerdən səmaya” filmi tədbir iştirakçılarına nümayiş olunub.

Rabitəçiləri Gəncə sakinləri adından təbrik edən E. Vəliyev onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. R. Quluzadə Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyinə həsr olunmuş markanın möhürlənməsi mərasimində iştirak edib. Sonda xatirə fotosu çəkdirilib və tədbir rəsmi ziyafətlə davam etdirilib.