adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Dekabr 2016 11:34
37374
ƏDƏBİYYAT
A- A+

“Deyəsən mən də Tanrını tapdım” – MÜSAHİBƏ

Ədəbiyyata yeni addımlarını atan imzalardan biri də Dəniz Pənahovadır. Dəniz xanım gənc olmasına baxmayaraq hekayələr, ssenarilər yazır. Mütamadi olaraq ədəbi jurnallarda, portallarda dərc olunur.

Adalet.az gənc yazar Dəniz Pənəhova ilə müsahibəni təqdim edir:


Özünüz haqda bir az məlumat verərsiniz...

- İxtisasca ssenaristəm. Mədəni Maarif texnikumunu bitirmişəm. Daha sonra isə Bakı Slavyan Universitetinin "Yaradıcılıq” fakultəsində iki illik təhsil almışam.

Hardan yaranıb ədəbiyyata maraq?

- Uşaqlıqda kitablarla dolu bir evdə böyümüşəm. Kirilcə xeyli müxtəlif köhnə kitablar vardı. Əsasən rus ədəbiyyatı idi. Evdəki oxuduğum sonuncu kitab təbabət elmindən bəhs edirdi. Daha sonra qonşu və qohumların toz basmış rəflərinə müraciət etdim. Onda hələ məktəbin kitabxanasına yazılmamışdım. Artıq kitab oxumaq vərdişə çevrilmişdi. Səhər yeməyinin vacibliyi kimi. Şəxsi balaca kitabxanamı yaratmağım isə qəribə oldu.
Həyətimizdə istifadə olunmayan evləri kirayə vermişdik. Aralarında əfqanıstanlı bir ailə də vardı. Bir gün kiracının qızı əlində böyük bir qutu içi dolu kitabla, həyəcanla bizə gəldi. 
"Sənə çoxlu kitab gətirmişəm. Zibillikdən tapdım. Təmizdi hamısı narahat olma, əvəzində mənə sep, qolbaq, köhnə paltar ver” dedi. Mən də razılaşdım. Qutudakı kitabların hamısı ədəbiyyata aid idi.

İlk dəfə harda çap olundunuz?

- Dil-ədəbiyyat müəllimim inşalarımın fərqli olduğunu deyirdi. Orta məktəbdə oxuyanda həmin müəllim məktəblərarası keçirilən "Zaman, təhsil,və biz” "gənc yazarlar” adlı layihəyə mənim yazılarımı buklet halında dərc etdirib sərgiyə göndərmişdi. Daha sonra isə qəzetlərdə,”Yazı” "Ulduz” dərgilərində,saytlarda çap olundum.

Niyə yazırsınız?

- Əgər cəmiyyətə çatdırmaq istədiyim bir fikrim varsa və bunu sözlə etməyi daha yaxşı bacarıramsa yazıram. Yazmağı seçirəm. Bunu musiqi ilə yaxud rəsmlə də çatdıra bilərdim. Lakin mən yazmağı seçirəm. Bu yolda bəzən özümü Mirzə Cəlil kimi hiss etdiyim də olub. Cəmiyyətə onların özlərini göstərməyə çalışmışam. Corc Oruel "Mən niyə yazıram” essesində yazır ki, yazıçının əsas düşüncə tərzi yaşadığı dövrlə müəyyənləşir,ən əsası isə yazıçını tərk etməyən özünəməxsus emosional yanaşma tərzi olmalıdır. Gəlir əldə etməklə yanaşı 4 əsas səbəbi (estetik zövq,siyasi və tarixi məqsəd) göstərir. Ətrafımda xeyli yazar var ki, hamısı fərqli ixtisas sahibləridir. Yazmağa da xobbi kimi yanaşırlar. "Özüm üçün yazıram” deyib qalın kitablar dərc edir, qohum tanışlarını təqdimata toplayırlar. Ən azından israf olunan kağızları, ağacları da düşünmək olardı. Əgər bir adam özü üçün yazırsa 60 qəpik verib qalın dəftər tutub günlük kimi özü yazıb oxuya bilər. Mən qohum,dost –tanış üçün yazmaq istəmirəm.


Hansısa ədəbi təşkilta üzvsünüz? Ümimiyyətlə yaradıcı insanın hər hansı bir təşkilata üzv olmasına necə baxırsınız?

- 2009-cu ildə məktəbdə oxuduğum ərəfələrdə "Gənc ədiblər” məktəbində görüşlərdən birinə qatıldım. Cəmi bircə dəfə gördüyüm Zərdüş Şəfi onda həmin məktəbin katibi idi. Həmin vaxt öz şeirlərimi orada heç oxumadım da. Gəldim evə şeirlərimi hamı kimi yandırmadım, kranı açıb suda islatdım. Düşündüm ki, Azərbaycan ədəbiyyatı Dənizsiz də olsa olar. O vaxtdan şeir yazmadım. Gənc ədiblərə də getmədim. Daha çox mütaliyəyə vaxt ayırdım. Həm də təhsilimə qarışdı başım. Sonra bu yaxınlarda yenə ora üzv oldum. Yazarların hər hansı bir qurumda birləşməsi məncə zəruri deyil. Yazıçıya qələmi, kağızı ya klaviaturası və təbii ki oxucusu bəsdi. Bir qurum yazıçıya nə verə bilər ki. Bu adama görə dəyişər. Kimsə hər hansı bir quruma üzv olar özünü nobel mükafatı almış kimi hiss edə bilər. Yaxud özünü yazıçı kimi hiss edə bilər. Bir şeyi də qeyd edim ki, məsələn AYB-nin üzvlük vəsiqəsi imkan yaradır ki, başqa ölkələrdə siravi adamların istifadə edə bilmədiyi muzeylərdən, araşdırma mərkəzlərindən, kitabxanalarından rahatlıqla istifadə edəsən. Mən də əsasən bunu düşünərək AYB-nə sənədlərimi vermişəm. Amma üzv qəbul edilib edilmədiyimdən xəbərim yoxdur. Ora xeyli istedadsız gənclər də rahatlıqla üzv olurdu deyə açığı biraz tərəddüd edirdim. Bu o demək deyil ki, özümü istedadlı zənn edirəm. (gülür) Sonra oxuduğum fakultəni düşündüm. Bir fakultədə 30 tələbənin hamısı uğurlu kimyaçı olmur təbii ki. 


Bir dəfə status yazmışdınız ki, bir gün hamımız Tanrı olacağıq! Bunu necə izah edə bilərsiniz?

- Bir gün hamı Tanrı olanda biz artıq yaşamayacağıq. İnkişaf nə qədər sürətlə getsə də əslində çox ləngdir. İnsan olmaq bəzən üzür məni. Özümü və hər kəsi qarışqa kimi hiss edirəm. Qarışqadan tək fərqimiz qışda da işləməyimizdi. Ən böyük həqiqət ən böyük həqiqəti axtarmaqdı. Mənim ən böyük həqiqətim də Tanrıdı. Elə bir varlığın axtarışına çıxmışam ki, hər yerdə var amma heç yerdə yoxdu. Yəqin ki, bir gün, nə vaxtsa bütün qaranlıq qalan suallara cavab tapılacaq. Amma onda mən olmayacam. O status da özümə ümid vermək üçün idi. Dostlarımın biri deyir ki, Tanrı məni cırmaqladı, onun toxunuşunu hiss elədim, digəri dinini dəyişib,deyir ki,tanrı mənə külək kimi toxundu.Varlığını hiss etdirdi. Bunlar mənə gülməli gəlir. İndi deyəcəm inanmayacaqsınız. Müsahibədə bu sözləri dediyim yerdə möhkəm külək əsdi. Damın üstünə nəsə düşdü. Qorxdum. Halbuki, hava çox sakit idi bu gün. Deyəsən mən də Tanrını tapdım. Amma yenə görmədim. Michio Kakunun "Gələcəyin fizikası” kitabını oxuyuram. Texnnologiyanın inkişafından bəhs edir ki, yaxın gələcəkdə interneti və s. beynimizdə düşünərək, heç bir hərəkət etmədən idarə edəcəyik. Tanrı da ol deyib yaratmadımı?

Uşaqlığınıza səyahət etsək, sizi harda tapa bilərik?

- Çarpayının altında, şkafın içində. (gülür) Həmişə qorxduğum qaranlıq yerləri kəşf etməyə meyilli olmuşam.


Klassik ədəbiyyat yoxsa postmodernizm?

- Yazmaqdan öncə peşəkar oxucu olmağa çalışmışam. Bunu da mənə yaradıcılıq fakultəsi öyrətdi. Klassik mətnlərin içində posmodern məqamlar yaxud tərsinə məqamlarla rastlaşmışam. Kitabı xobbi kimi,vaxt öldürmək üçün oxumuram ki, sırf bir cərəyan seçim ancaq ona aid olan əsərləri oxuyum. Sistemli mütaliyəyə keçmişəm. Filmləri də bu cür sistemli izləyirəm.


Son olaraq nə yazırsınız, planlarınız nədir?

- Bir neçə hekayənin eskizini cızmışam. Beynimdə ideyası, ilk cümləsi, son cümləsi qurulub. Lakin yazmağa başlamamışam. Hələ ki beynimdə yazılır. Oxuduqca bəzən yazmaqdan uzaqlaşıram. Önəmli olan bütün kitabları oxuduqdan sonra rahat oturub yazmaq istəyirəm. Həm də yazı dilim formalaşsın deyə Azərbaycan ədəbiyyatını dərindən oxuyuram. 3 ildir üzərində işlədiyim romanı da arada yazıram, silirəm. Kitabın üz qabığı ilə bağlı rəssamla müzakirələr edirəm. Elə bir şey yazmaq istəyirəm ki, cəmiyyətimizdə inqilaba səbəb olsun. Bariyerləri tamamən aşsın.