adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Dekabr 2016 15:10
19448
ƏDƏBİYYAT
A- A+

Əli Kərim haqda ƏN GÖZƏL ŞEİR

Adalet.az Kələntər Kələntərlinin Əli Kərimin xatirəsinə həsr etdiyi şeiri təqdim edir.


İlk şeirində şair kimi çıxdın üzə
Hər misranda fikir təzə, duyğu təzə
"İki sevgi”n oxunmayan bir məclisə
Əlində gül gülüm gəlməz, Əli Kərim

Sözdən ötrü az girmədin şər altına
Heç nə girməz, şeirin girər zər altına
Əgər məni sən səsləsən yer altına
"Yox” deməyə dilim gəlməz, Əli Kərim

Ürəyimin yarasına basılıb duz
Bilə bilməz sənə dəyən ölüm – quduz
İllərimin ağırı altmışdoqquz
Bundan ağır ilim gəlməz, Əli Kərim

Cəbirliyəm – cəbrin gələr cəbrim üstə
Səbirliyəm – səbrin gələr səbrim üstə
Qəbrini də qəbir bilib qəbrin üstə
Gül qoymağa əlim gəlməz, Əli Kərim

Diləyini daşıyıram diləyimdə
Gileyini yaşadıram gileyimdə
Neçə canlı xatirə var ürəyimdə
Heç birinə ölüm gəlməz, Əli Kərim!