ANA SƏHİFƏ / RUBRİKA

"Yuxuda istədiyin qadınla öpüşə bilərsən..." - YUXU QAPISI

96632    |   2016-12-02 12:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Azad Qaradərəlidir. Adalet.az müsahibəni təqdim edir:

Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

Bilirsən, Oğuz, insanla bağlı bir sıra mətləblər var ki, ora giriş yasaqdır. Yaxud, yasaq olmasa da, mümkünsüzdür. Məsələn, insan ürəyini, beynini idarə etməyə cəhdlər olub zaman-zaman. Amma hamısı fiaskoya uğrayıb. İnsan yaradılışın elə mükəmməl varlığıdır ki, ondan doğulan hər fərddən yalnız bir dənə, bir nüsxə olur. Yəni, insanın dünyasını öyrənmək, ora müdaxilə etmək nə yaxşı ki, mümkün deyil. Ayrı-ayrı zamanlarda olub belə cəhdlər. Məsələn, faşizm zamanı, yaxud Stalinzm dövrü insan psixikasını əzməyə, onu manqurtlaşdırmağa cəhd ediblər. Amma bu, həmin "ideya” daşıyıcılarının özlərinin və "ideya”larının məhvi ilə nəticələnib. Yuxu da o qadağan zonalardan biridir ki, bura ikinci insan qəti girə bilməz. (Yeri gəlmişkən, mənim "Qadağan zonası” adlı uzun hekayəm var – Oxu zalında olmalıdır – orada mütləq qadağan zonasından danışılsa da, əslində insan təfəkkürünün, əqlinin idarəsi qeyri-mümkün faktor kimi göstərilib, hətta feodal-patriarxal düşüncədən hələ də azad ola bilməyən uzaq Əfqanıstanda belə.) Məncə, yuxu, insanın real dünya ilə irreal dünya arasında sərhəddidir. Mən sənə bir ilginc fakt deyim: yuxuda gördüyüm mətləblərin bir çoxunu mən yazmışam. Amma sadəcə "bir çoxunu”! Hələ hamısını yazmaya-yazmaya adım vayqanlıdır. Yuxuda senzura yoxdur, qorxu yoxdur, ürkü yoxdur, hətta sən istədiyin işi görə bilərsən, istədiyin qadınla öpüşə bilərsən... (Baxmayaraq ki, real həyatda onu sənə dünyasında verməzlər?!)

Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

Mən yuxularımın bir çoxuna reallıqdakılar kimi baxıram. Yuxu, rəhmətlik anam deyərdi ki, səni xəbərdar edir. Ehtiyatlı olmağa çağırır, diqqətli hərəkət etməyə çağırır... sənə bir söz deyim: yuxuda olan demokratiyanı mən heç yerdə görmədim. Yuxuda insan möhtəşəm olur. Markeslə, Tolstoyla, Eliotla, Murakami ilə, Kundera ilə tərcümansız danışa bilirsən... Hə, yuxunun özəllikləri çoxdur... O ki qaldı plan qurmağa, mən son zamanlar yuxuda ancaq yazdığım əsərlərin qəhrəmanları ilə görüşürəm. Məsələn, "Əllidən bir kəm” romanını yazanda Cavid az qal hər gecə yuxuma girirdi. Müəllimim olmuş İsmayıl Şıxlı girirdi yuxuma, əsəri qəhrəmanı İmir Çingizlə hətta mübahisə də edirdim yuxuda. Yəni, yuxu həm də adamın gündüz etdiklərinin, daha doğrusu, edə bimədiklərinin inikasıdır məncə.

Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

Yox. Belə şeyə cəhd etmirəm. Əgər sən real həyatda nakişi kimi yaşayırsansa, yuxuda kişi ola bilməzsən. O iki aləm bir-biri ilə çox bağlıdır. "Yuxum pozulub”, "Özümü pis hiss edirəm”, "Yuxumu qarışdırmışam” kimi ifadələr gündüz murdar əməllə məşğul olanların, yaxud buna məcbur edilənlərin etiraflarıdır. Allah heç kimi yuxu ilə gerçəklik arasında çarəsiz qoymasın. Bu da yaman dərddir.

Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

Hə, bunlar, əslində mistikadır. Yəni sənin özünün istəmədiyin, yaxud əşəhəddü istədiyin şeylərdir ki, gündüz qaça bilsən də, gecə toqquşursan. Mən uşaq olanda atamla anam ayrılıblar. Anam böyüdüb məni. İndi anam bu dünyada yoxdur və hər dəfə yatanda arzu edirəm ki, nola anam yuxuma girə. Amma atam gəlir yuxuma və mən hər dəfə yuxuda onunla dalaşıram. Sonra anlayıram ki, bu mistikadır, qaça bilmədiyin mistika. Mən anamı istəyirəm ki, başımı dizinin üstünə qoyub bir an gözümü qapayım, atam gəlir və hər şey pozulur. Yəni əslində, bu, heç olmasa indi atamı görmək istəyinin gecə reallaşan mistik gerçəkliyidir. Nə bilim, ya bəlkə belə deyil? Dedim axı, bu zona qadağan zonasıdır. Ora hər cür müdaxilə qadağandır. Biz yalnız fərziyyələr söyləyə bilirik.


Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

Bu barədə heç düşünməmişəm. Amma indi sənin bu sualını eşidəndə yadıma düşdü ki, olub belə şey. Bir dəfə on-on iki il qabaq Nazim Hikmətin ulu babası olan bir polşalı (əslində qaqauz olub) bir gəncin gəmidən tullanıb Qız qülləsinəcən böyük bir məsafəni üzməsi və Türkiyəyə sığınmasına aid məlumat oxuyanda o Qız qülləsinin yanında olmağımı arzulamışdım. Sonralar bir neçə dəfə yuxuda gördüm o Qız qülləsini. Hətta gördüm ki, gəmidən tullanıb ona doğru üzürəm də... Nəhayət, keçən il və bu il İstanbula getdim, o Qız qülləsinin önündə şəkil də çəkdirdim.

Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

Bu təbii ki, uşaqlıq və gənclik illərimə aid yuxulardır. Sən bilirsən ki, mənim doğulduğum torpaq erməni işğalındadır. Azı həftədə iki-üç dəfə mən o yerləri yuxuda görürəm. Özü də, qəribədir ki, ya uşaq oluram, ya da gənclik illərim olur. Orda ot biçirəm, odun doğrayıram, çayda balıq tuturam, kitab oxuyuram və ilk sevgim, ilk gənclik illərinin dad-duzu da bu yuxularda olur. Yuxularımın, təəssüf ki, bəzən çoxunu unuduram. Ona görə son zamanlar yanıma qələm-kağız qoyuram. Bəzən oyananda gördüklərimi isti-isti qeyd edirəm. İnanmazsan, süjetli yuxular olur çox vaxt... Eh, məni lap duyğulandırdın... Demək, görürəm ki, Bəsid çayının (İşıqlı dağlarından baş götürüb Raz dərəsi - bu əslində "Dədə Qorqud”dakı Aruz dərəsidir, Bəsid də elə Basatdır; hə axı kəndimiz Qaradərənin də adı var dastanda, qarşı yatan Qaradağ da – boyunca axan çaydır) dünyada ikinci, Avropada birinci olan Çinar meşəsindən keçib bizim kəndə, ordan da Araza tökülən sularında çimirəm. Bu vaxt bir dəstə qız mənə tərəf gəlir və qaçıb paltarlarımı geyinmək istəsəm də, paltarlarımı çayın sahilindən tapa bilmirəm. Qaçıb çaydakı gölün ən dərin yerinə atıram özümü ki, qızlar məni lüt görməsinlər. Onlardan biri təklənib suya girir... Oyanandan sonra "Özündən gözəl” adlı hekayə yazmışdım. Oxu zalında var bu hekayə də. Təəssüf ki, adını çoxları başa düşməmişdi. Özündən gözəl, yəni yerindən gözəl, yaranışdan gözəl anlamındadır.

Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

Vallah, mənim yuxularım daha rəngli olur. Hətta heç bəlkə onda rəngli televizor-zad kəşf olunmamışdı, amma mən rəngli yuxular görürdüm. Bəzən yekrəng yuxular da olur. O yuxuların motivində qorxu var, ölüm var. Təqib var, nə bilim, heç sevmirəm bir rəng yuxuları. Və bəlkə buna görə də tez unuduram. Hətta yaddaşımdan elə o gecə silinir.

Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

Anamı çox görmək istəyirəm. Amma az gəlir yuxuma. Mənə bu dünyada kişi kimi yaşamağı öyrədən ana babam hərdən gəlir yuxuma. Amma onu da çox görmək istəyirəm. Nə sirdirsə, yuxarıda da dediyim kimi, atam tez-tez gəlir. Danışmır. Eləcə baxır. Baxır. Nəsə demək istəyir. Onun susmasını da başa düşürəm.

Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

Heraklitin sözü isə, zarafat da olsa, öz yuxusuna aiddir. Yəni insan yatmağa məhkumdur və yatan adam yuxu görəcək. Oyanıq, yuxulu anlayışının yuxu görməyə təsiri nədir, bəlkə tərcümə uğurlu deyil deyə, çatmadı mənə... Yuxu isə neqativ olmur, insan neqativ düşüncə sahibi olanda, yuxusu da neqativ olur. Pozitiv insanın yuxusu neqativ olmaz. Düzdür, bu fikri hökm kimi demək olmaz. Amma yenə deyirəm, yaxşı insanın yuxusu da gözəl olur.

Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

Nə deyim? Əsl həqiqət real həyatdadır. Yuxu isə inikasdır. Realda həqiqətsevən olmayanı həqiqətə heç Allahın özü də çatdıra bilməz. Realda yaxşı işlər görün ki, yuxunuz da ona yansısın. Həyatda sərt (acı da olsa) həqiqətlər və şirin yuxular arzusuyla!




İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK