adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Dekabr 2016 09:56
11262
GÜNDƏM
A- A+

AKİF TƏVƏKKÜLOĞLU: “Mən yaşımı yalnız güzgüdə özümə baxanda hiss edirəm....”

"Bir zamanlar – mənim məktəbli olduğum vaxtlarda televiziyada "Teleteatrda tələbələrlə görüş”, "Tələbə klubu” adlı verilişlər var idi. Günlərin bir günü evimizdə olan qonaqlarla birgə bu verilişə baxan atam belə bir ifadə işlətdi: "Mənim də oğlum tələbə olub, ekranda görünsə özümü dünyanın ən xoşbəxt adamı hesab edərəm... Heç unutmadım o anı, o sözləri... Atamın bu arzusu mənim gələcək həyatımda və peşə seçimimdə vacib məqamlardan oldu. Sonralar televiziyada çalışdığım illərdə atam mənimlə bağlı fəxarət duyğularını gizlətmirdi....”. Bunu bizimlə söhbətində ömrünün 55-ci baharına qədəm qoyan və Azərbaycan jurnalistikasında öz dəsti xətti olan, hazırda isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Akif Təvəkküloğlu deyir. Keçdiyi həyat yoluna, yaradıcılığına nəzər salırıq. Danışır. Hiss olunur ki, bu danışığın arxasında bir utancaqlıq var. Bəlli olur ki, Akif müəllim özü haqqında çox danışmağı xoşlamır...

...Milli Məclisin binasına daxil olub liftlə 9-cu mərtəbəyə qalxanda müsahibənin, Akif müəllimlə edəcəyim söhbətin həyəcanı onun iş otağının astanasındaca yox oldu. Söhbətə yüksək həvəs və olduqca səmimi başladı. Müsbət enerjisi, həyati baxışları və ən əsası iş yerindəki səmimi münasibəti insana pozitivlik bəxş edir...

Akif müəllim özü haqqında danışarkən taleyindən, dövlətindən, cəmiyyətindən razı bir şəxs olduğunu deyir və bu əlamətlərin bütün insanlarda olmasını arzulayır: "Bir ailə kimiyik. Kollektivin hər bir üzvünün gülüşünü sevincim, kədərini kədərim kimi qiymətləndirirəm. Həyatda sevincimi açıq büruzə verib, kədərimi gizlətməyi bacaran bir insan olduğum üçün istəyirəm ki, ətrafımda olan insanların da üzü daim gülsün, gülərüz olsunlar. Bir insan kimi həyatda da, ailə münasibətlərində də, cəmiyyətdə də özümü dərk eləməyə başlayandan səmimi olmağa çalışmışam. Bu ailə tərbiyəsindən irəli gəlir. Çünki gözümü açıb böyüyə-kiçiyə hörmət, diqqət və qayğı görmüşəm.”

Həmsöhbətim payız fəslinin sonu, qışın başlanğıcında, dekabrın ilk günündə dünyaya göz açıb. Buna görə də onun fəsillərə münasibətini soruşdum. Qışda doğulduğu üçün bu fəsli daha çox dəyərləndirəcəyini düşündüyüm halda bütün fəsilləri sevdiyini dilə gətirir: "Həyata daha çox sevgi, məhəbbətlə bağlı olduğum üçün fəsillərin hər biri mənim üçün gözəldir. Hərəsinin öz çaları, öz rəngi var. Mən həyatı bütün rəngləri, bütün ritmləri və ahəngi ilə sevirəm”.

"İlk şeirimi cırıb atdım...”

Akif Təvəkküloğlu deyir ki, yazmağa uşaq yaşlarından başlayıb. Hələ orta məktəbin 4 ya 5-ci sinfində oxuyan zaman yazdığı ilk şeiri cırmalı olub ki, bu da səbəbsiz deyilmiş: "4-cü ya 5-ci sinifdə oxuduğum zaman təxminən 2 bəndlik şer yazmışdım. Yazdığım şeir təsadüfən şinif yoldaşlarım vasitəsilə bir müəllimimin əlinə keçmişdi. Şeir sevgidən idi. Həmin müəllim məni yanına çağırıb dedi ki, oğlum, sən çox tez alışmağa, yanmağa başlamısan, belə getsə tez sönərsən. Bu mövzu sənin üçün tezdir”. Çox utandım və həmin o ilk şeiri cırıb atdım... Bir müddət şeir yazmadım, sonralar yazdıqlarımı isə hamıdan gizlədim, sandığa atdım... Orta məktəbin son siniflərində ictimai işlərdə çox fəal idim və mütəmadi olaraq həm məktəbin divar qəzetində, həm də rayon qəzetində çıxışlarım olurdu. İnstitut illərində də aktiv tələbələrdən olduğum üçün mətbuatın içində idim. Mətbuata bağlılığım belə yaranıb. Hər zaman yazmışam. Bir neçə il öncə yazdıqlarım var ki, o yazıları hələ də üzə çıxarmamışam. Onlar bugünün yazıları deyil, mənim dünənimin, illər öncə yaşadığım ayların, illərin, hadisələrin məhsuludur. Yaxın vaxtlarda qismət olsa yaradıcılığımla bağlı kitab çıxarmaq niyyətindəyəm. Artıq işlər o istiqamət üzrə gedir...”

Söhbətimizi "jurnalist-cəmiyyət” mövzusunda davam etdiririk. Onun üçün mətbuatın hansı sahəsinin daha maraqlı olduğunu soruşanda Akif müəllim qayıdır ki, jurnalist istər gündəmdəki hadisələri, istər cəmiyyətin problemlərini, istər dünyada baş verənləri, ən əsası isə iç dünyasının hiss və həyəcanını, narahatlığını ifadə edə bilirsə, bunun üçün də qələmi seçibsə mətbuatın hansı qolunda olmasının heç fərqi yoxdur. İstər qəzet-jurnal olsun, istər televiziya, radio... Jurnalist özünü qələmdə tapmalıdır ilk əvvəl, sonra mətbuatda tapacaq. Televiziyada 17 ilə yaxın müxtəlif vəzifələrdə işlədim. Həmin dövr müstəqillik dövrümüzün keşməkeşli vaxtları idi. Biz heç nə düşünmədən ancaq jurnalistlik və vətəndaşlıq borcumuzu yerinə yetirirdik...

Akif müəllimlə söhbət əsnasında gözlərindən ətrafa yayılan müsbət enerjidən ilham almamaq mümkün deyil. Daxilində olan böyük enerjinin mənbəyini soruşanda isə bunun sevgi olduğunu deyir: "Gözümü açıb dünyanı dərk edən zamandan ailəmizdə, məktəbimizdə, el-obada böyüyə-kiçiyə hörmət, insanlara xoş münasibət görmüşəm. O münasibət, o məhəbbət o qədər canıma, qanıma hopub ki, indi həyata da, insanlara da ancaq həmin prizmadan yanaşıram. Böyüdüyüm ailədə gördüyüm ənənələr sizin dediyiniz enerjini formalaşdırıb. Indi mən də ailəmə, dostlarıma, yaxınlarıma bu müsbət enerjidən pay verməyə çalışıram. Bu həyatın qayəsi sevgi üzərində qurulub. "Mənə sevgi verin” adlı bir şeirimdə bu məsələlərə toxunmuşam:

Mənə sevgi verin bağçada-bağda

Bir sevgi ağacı qoy mən də əkim.

Sevgi ağacının barı, bəhrəsi

Xəstə ürəklərə olsun bir həkim.

Mənə sevgi verin, uca dağlara

Başında yoxdursa, qar səpələyim.

Zirvədən boylanıb ötən cağlara

Bir nəzər yetirim, salam söyləyim

Mənə sevgi verin, aləmə səpim

Düz-dünya sevgidən gül-çiçək açsın.

Mənə sevgi verin paylamaq üçün

İnsan libasını sevgidən biçsin!

Hiss olunur ki, gərgin iş qrafikində çalışır. Yanında olduğum zaman iş masasının üstündəki pərakəndəlikdən, aramsız telefon zənglərindən, otağına gəlib-gedənlərin, verilən sualların çoxluğundan da bu aydın görünürdü... "İşimdən, ailəmdən, dostlarımın əhatəsində keçirdiyim zamandan zövq alıram. Məni əhatə edən pozitiv, və neqativ nə varsa mən bunu yalnız bir iqtiqamətə pozitivə yönəltməyə çalışıram, hər bir şeydə gözəllik axtarıram. Gözəllik isə həyatın ən böyük zövqüdür.”

Müsahibəyə getməmişdən öncə "Google” axtarış proqramında müsahibimlə bağlı məlumatlara göz gəzdirərkən düzü çox az informasiyaya rast gəldim. Ən diqqət çəkən məqam isə ona gələn çoxsaylı ad günü təbrikləri idi. Akif müəllim ad günü və hədiyyə almaq kimi məsələlərə də başqa prizmadan yanaşır: "Mən istər ailəm, istər dostlarım, istərsə də kollektivim tərəfindən hər zaman diqqətdə olmuşam, özüm də qarşılıqlı olaraq hər kəsə diqqətli olmağa çalışıram. Hədiyyənin qiymətinin önəmi yoxdur. Bu xoş bir söz, səmimi bir jest, müəyyən bir kiçik suvenir də ola bilər. Amma onu deyim ki, bu günə qədər jurnalist kimi ən böyük hədiyyəni dövlət başçısı cənab İlham Əliyevdən almışam. Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi ilə bağlı dövlət başçısı tərəfindən "Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunmuşam. Bunu işimə və sənətimə verilən ən böyük hədiyyə sayıram. Bu peşə sahəsində bundan böyük gözlənti yoxdur...”

Milli Məclisin mətbuat xidmətinin əməkdaşları tərəfindən çox sevilən Akif Təvəkküloğlu öz iş sistemi barəsində çox danışmır: "Milli Məclis kütləvi informasiya vasitələri ilə deyərdim ki, ən çox əlaqədə olan orqandır. Elə olur ki, hər gün, hər həftə onlarla tədbir, görüş, toplantı keçirilir. Xarici qonaqlar gəlir... İşimiz kifayət qədər maraqlı və məsuliyyətlidir. İşin rəvan getməsinin də əsasını işə sevgi təşkil edir. Gördüyün işə diqqət və canıyananlıqla yanaşırsansa artıq hər şey öz qaydasında gedəcək. İşimiz elə qurulub ki, hər hansı bir xırda problem yaranan kimi yerindəcə həll olunur. Rəhbərliyimiz də daim mətbuat xidmətinə dəstək verir. Bu isə işimizdə daha məsuliyyətli olmağı zəruri edir”.

Maraqlı söhbətimizi isə Akif müəllimin gözəl sözləri ilə yekunlaşdırırıq: "Tanrının verdiyi milyon yoldan ən yaxşısı haqqın yoludur. Mən həmişə haqqın tərəfindəyəm. Uğur açarım isə ailəmdir. Ailə mənim aləmimdə insanın arxa cəbhəsidir. Arxa cəbhə möhkəm olanda isə istənilən uğuru əldə etmək şansı daha yaxın olur...”

Qocalıqdan qorxmadığını deyən və yaş üstünə yaş gəlməsini özünə dərd etməyən Akif müəllim sonda onu da bildirdi ki, ömründəki illərin, ayların, tarixin rəqəmlə ifadəsini xoşlamır: "Mən yaşımı ancaq güzgüyə baxanda hiss edirəm...”

Ədil Ədilzadə

P.S Biz də "Ədalət” qəzeti olaraq Akif Təvəkküloğlunu yeni yaşı münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və daim belə müsbət enerjili olmasını arzu edirik.