adalet.az header logo
  • Bakı 11°C
29 Noyabr 2016 08:11
10891
LAYİHƏ
A- A+

QOBUSTAN: ARZULARIN İŞIĞINDA

2016-cı il sona doğrudur. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız iqtisadi inkişaf və sabitliyi qoruya bilmiş, bu istiqamətlərdə stabillik davam etmişdir. Əbəs yerə deyil ki, Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Dünyanın bir çox ölkələrində baş verən iqtisadi böhran fonunda Azərbaycanın əldə etdiyi bir çox uğurlar ölkə əhalisinin gələcəyə inamını möhkəmləndirir. İlin ötən 9 ayının yekunlarına diqqət yetirdikdə 2016-cı ilin də bütövlükdə yaxşı nəticələrlə yekunlaşacağı və 2017-ci il üçün mühüm stimul yaranacağı aydınca hiss olunur.
Əldə olunan nailiyyətlər bütün respublika üzrə stabil xarakter daşıyır. İstənilən regionda aparılan işlərə diqqət yetirib nəticələrə baxdıqda real vəziyyət və perspektiv daha aydın görünür. Qobustan rayonunda da belədir. Bir faktın özü bu dağlıq rayonun inkişafını bütünlüklə müəyyənləşdirə bilər. Son 10-15 ilin görüntüsü və göstəriciləri öz müqayisələri ilə inanılmaz yüksəlişin təsdiqidir. Bu haqda bizim çox söhbətlərimiz olub və bu söhbətlər davam edəcəkdir.

Prezident qayğısı sevinc
və fərəh bəxş edir

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, uzun illərin təcrübəli rəhbər işçisi Adil Məmmədov qazanılan uğurların başlıca səbəblərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna qayğı və diqqətini əsas gətirir. O, söhbətləri zamanı vurğulayır ki, cənab Prezidentin qayğısı bütün bölgələrdə, ən vacib istiqamətlərdə vətəndaşlara həmişə böyük sevinclər bəxş edir. Bu məqamların ən parlaq nümunəsi Qobustan rayonunun da timsalında özünü göstərir.

Rəqəmlərlə ifadə olunan stabil inkişaf

2016-cı ilin doqquz ayının yekunlarına diqqət etdikdə bu müddət Qobustan rayonunun da inkişaf dövrü kimi yadda qalmışdır.
İlkin göstəricilərə əsasən bu ilin 9 ayında ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artaraq 98 milyon 31 min 16 manat təşkil etmişdir. Bu artım kənd təsərrüfatında 18,2 faiz, o cümlədən bitkiçilikdə 23,9 faiz, heyvandarlıqda 15,5 faiz təşkil etmişdir. Rabitə üzrə 6 faiz, ticarət üzrə 16,6 faiz, sənaye məhsulunun həcmi üzrə isə 1,4 faiz artım əldə olunmuşdur.Baxılan dövrdə pərakəndə əmtəə dövriyyəsi 15,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 13,0 faiz, iaşə xidməti isə 13,3 faiz artmışdır. 9 ayda əsas kapitala yönəldilən investisiya 19 faiz, o cümlədən tikinti quraşdırma işlərinin dəyəri 17,7 faiz artmışdır.
9 ay ərzində hesabat dövründə rayonun mədaxil planı 100,1 faiz icra edilmişdir. Artıq 2017-ci ilin proqnoz göstəriciləri məlumdur. 2017-ci ildə rayon büdcəsinin 87,7 faizinin yerli gəlirlər hesabına formalaşması, 2018-ci ildə isə tamamilə dotasiyasız bir rayona çevrilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Qobustan rayonu 2017-ci ildə dotasiya alacaq 32 rayon içərisində dotasiyanın ən az xüsusi çəkiyə malik olduğu rayondur.

Rayon rəhbərliyinin praktik təhlilləri

Qobustan rayonu aqrar rayondur. Ümumi məhsul buraxılışında aqrar sahənin xüsusi çəkisi 45 faiz təşkil edir. Rayonun ümumi sahəsinin 83959 ha kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. Hazırda kənd təsərrüfatına yararlı torpaqların 34824 ha əkinə yararlı torpaqlardır. Bu il 24645 ha torpaq sahəsindən 55 min 43 ton məhsul istehsal edilmişdir ki, buda hektara 22,3 sentner məhsuldarlıq deməkdir. Əlbəttə ki, dəmyə şəraitdə bu kifayət qədər böyük bir göstəricidir. Əgər bu göstəricini 5 il bundan əvvəlki vəziyyətlə müqayisə etsək, hektardan məhsuldarlıq 11 sentner artmışdır.
Bu mövzuda danışarkən başçı A.Məmmədov deyir: "Nəzərə almaq lazımdır ki, rayonumuzda dəmyə əkinçilikdir və biz heç də torpaq sahələrinin hamısından eyni zamanda istifadə edə bilmirik. Məcburi qaydada ildə təxminən 10 min hektardan artıq sahə əkin dövriyyəsindən kənarda dincə saxlanılır.
Əgər biz bu sahələrin suvarılmasına nail olmaqla, örüş təyinatlı olan, əvvəllər əkin kimi istifadə edilmiş 1600 hektar sahəni də əkin dövriyyəsinə daxil edə bilsək, onda ümumilikdə rayonumuzda taxıl istehsalını təxminən 50 faiz artıra bilərik. Onu da qeyd edək ki, əkinçiliyin rayonumuzda inkişafını şərtləndirən əsas amillərdən biri də xırda torpaq sahələrinin kooperasiya yolu ilə birləşdirilməsinə nail olmaqdır. Əkin sahələrinin çox kiçik hissələrə bölünməsi, ara məsafələrində istifadəsiz saxlanılan torpaqlar həm ziyanvericilərin, həm də xəstəliklərin artmasına şərait yaradır, eyni zamanda təxminən 100 hektardan artıq sahənin istifadəsiz qalmasına gətirib çıxarır. Nəzərə alaq ki, heç də 7000-dən artıq mülkiyyətçinin hər biri aqrotexniki qaydaları, əkinlərə qulluq işlərini lazımınca bilmir və eyni zamanda bu işləri vaxtlı-vaxtında yerinə yetirmirlər. Bu isə əsl təsərrüfatsızlığa, texnikalardan qeyri-səmərəli istifadəyə gətirib çıxarır. Bu baxımdan kooperasiyanın genişləndirilməsi bizim üçün prioritet olmalıdır..."

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ