adalet.az header logo
  • Bakı 20°C
28 Noyabr 2016 13:38
15680
GÜNDƏM
A- A+

RAFİQ TAĞININ HEÇ OLMASA RUHUNU SAKİT BURAXIN

Görkəmli yazıçımız Rafiq Tağının ölümündən 5 il keçir. Qeyri-adi istedad sahibi idi, böyük ziyalı idi, həm də gözəl insan idi. Dünyaya öz baxışı vardı və tamamilə fərqli bir baxış. Hərdən fikirlərimiz toqquşardı, mübahisə də edərdik. Bəzən də qəzetdə müəyyən baxışlarını tənqid edərdim. Çox xoş qarşılayardı, amma təbii ki, öz fikrində qalırdı.

Tez-tez redaksiyaya gəlirdi, həm hekayələrini, məqalələrini dərc edərdik, həm də əlyazmalarını kompüterdə bizim Mehriban xanım yığardı. Bəzən gəlirdim ki, oturub məqaləsini yazdırır, mənim də yazılarım var, qalxırdı ki, sən yazdır, mən sonra yazdıraram. Razı olmurdum, deyirdim sən birinci yazdırmalısan. Sonra da otururduq ədəbiyyatdan, sənətdən söhbətlər edərdik. Və onunla söhbət heç vaxt adamı yormazdı, əksinə, nəsə öyrənərdim.

Onun ölümü hələ də mənə çox təəccüblü gəlir. Bıçaqlanandan sonra reanimasiyadan çıxan kimi yanına getmişdim. Dedik, güldük, bir az zarafatlaşdıq. Çox diriydi, üz-gözündə ölüm kölgəsi görünmürdü. Sonra ölüm xəbərini eşidəndə quruyub qaldım. Nə isə...

İndi baxıram bir para yazarlar yenə Rafiq Tağını müzakirə edirlər və hətta təhqir edirlər.

Dirisini rahat buraxmadınız, heç olmasa ölüsünü rahat buraxın.

Rafiq Tağı Azərbaycan ədəbiyyatında qalacaq, siz harda qalacaqsınız, bilmirəm.