HƏR KƏSİN DİQQƏTİNİ ÇƏKƏN XƏBƏRDARLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
81081 | 2013-02-15 11:24
Fevralın 12-də redaksiyada növbətçi idim. Ona görə də dostların, tanışların gecə telefon zənglərinə elə redaksiyada cavab verməli oldum. Hər kəs də elə təqribən eyni sualı verir və eyni məsələyə münasibət öyrənmək istəyirdi:
- Televizora baxırsan?
- Xeyr. İşdəyəm, növbətçiyəm. Nə baş verir ki?
- Prezident televizorda çıxış edir, çox əsəbidi.
- Hər halda bir səbəb var.
- Hə, bəzi məmurları, hökumət adamlarını hədələyir. Onların qohumlarından, uşaqlarından danışır. Axır ki, məsələyə prezident də müdaxilə etdi...
Bəli, bütün zənglərdə söhbət məhz dövlət başçısının sərt mesaj verməsindən, hər kəsi xalqa xidmətə çağırmasından gedirdi. Artıq növbədən sonra mən də televizorda yayımlanan həmin çıxışı izlədim. Elə  o çıxışın təsiri altında da dostlarla, qohumlarla bir araya gəlib fikir mübadiləsi apardıq. Təsəvvür edin ki, sıravi adamlar bu çıxışı sanki həsrətlə gözləyirmişlər. Zənnimcə, bu da səbəbsiz deyil. Belə ki, son illərdə bəzi məmurların, xüsusilə onların ailə üzvlərinin etdiyi harınlıq ölkə prezidentinin dediyi kimi, qudurğanlıq adamları hövsələdən çıxarır, daxildə bir gərginlik yaradır, müəyyən məqamlarda hətta baş verənləri insanlar həzm edə bilmirdilər. Bu da maraqlı qüvvələrə ölkə daxilində adamları siyasi gərginlik yaratmağa kökləyirdi. Müəyyən etirazlar, söz-söhbətlər, mətbuat səhifələrində baş alıb gedən müxtəlif yazılar məhz həmin qudurğanlıqlardan bəhrələnir, onların təsiri altında gündəmə gəlirdi.
Təbii ki, insanlar haqsızlığa qarşı atılan addımları  bu cür qarşılamaqda təkcə bir zərurət yox, həm də ulu öndərimiz Heydər Əliyev ənənəsinin davamını gözləyirdilər və gördülər də. Birbaşa  xalqın canlı efirdən izlədiyi, necə deyərlər, şahidinə çevrildiyi həmin çıxış şəxsən mənə və yaşıdlarıma Heydər Əliyev cənablarının keçirdiyi bəzi tədbirləri, iclasları xatırlatdı. Ancaq açığını deyim ki, həmin iclaslarda ulu öndərimiz günahkarları ayağa qaldırıb hər kəsə göstərməklə də cəzalandırırdı.
Bax, elə bizim müzakirə etdiyimiz həmin o çıxışda ürəyimizdən konkret adların çəkilməsi, günahkarların ifşa edilməsi, qudurğanların cəzalandırılması da gəlib keçdi. Bizim istəyimiz təbii ki, bir vətəndaş arzusu, vətəndaş niyyətidir. Ancaq tarix göstərir ki, son dərəcə böyük humanistlik bəzən kimlərəsə öz həddini aşmaq şansını verir. Elə bu səbəbdəndir ki, ölkə prezidenti konfrans iştirakçılarına üzünü tutaraq çox əsəbi şəkildə bildirdi ki, "Bu nə ayrıseçkilikdi cəmiyyətdə? Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirməlisən? Sən get özünü öz işinlə, öz əməlinlə, ağlınla, ölkəyə verilən töhfə ilə fərqləndir! Ona görə mən deyirəm, harınlayanlar, quduranlar heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər! İnsanları təhqir edirlər! Özlərini apara bilmirlər! Kim onlara bu statusu verib cəmiyyətdə?!"
Doğrudan da söylənilən bu fikirlər hamımızın, xüsusi olaraq cəmiyyətin aşağılanan təbəqəsini, ziyalı təbəqəsini çox narahat edirdi. Bəzən insanlar bu narahatlığı ifadə etmək üçün yol, vasitə tapmır, şikayət etmək yerlərini görmür və öz daxillərində o sıxıntıları yaşamağa məcbur olurdular. Görünür, xalqın içindən, onun yaşamından qaynaqlanan informasiyalar ölkə rəhbərini nöqsanları birbaşa deməyə, kəskin şəkildə vurğulamağa məcbur etdi.
Təbii ki, İlham Əliyev cənablarının çıxışı ürəklərdən xəbər versə də, müəyyən suallar da doğurdu. Bu suallardan ən birincisi daha düşündürücüdü:
- Görəsən, söz sahibləri deyilənlərdən nəticə çıxaracaqlarmı? Görəsən, bu qudurğanlıq edənlər kənardan özlərinə baxıb əməllərindən utanacaqlarmı? Ümumiyyətlə, xalqdan uzaq düşən məmurlar xalqın onları yüksəltdiyini dərk edəcəklərmi? Yoxsa yenə öz bildikləri ilə məşğul olacaqlar, öz istədikləri kimi həyatlarını davam etdirəcəklər?!..
Artıq konfransdan bir neçə gün keçib. Amma iqtidarlı-müxalifətli hər kəs o konfransdan, ölkə prezidentinin sərt açıqlamasından danışır, onu müzakirə edir. Özü də hər kəs istədiyi kimi, başa düşdüyü kimi və xüsusilə özünün arzuladığı kimi fikir mübadiləsi aparır, münasibət bildirir... Şəxsən mən çox istərdim ki, səslənən fikirlərin nəticələrini təkcə quduranlar yox, elə cəmiyyətimiz özü də görsün. Onda sözün gücü də, hakimiyyətin gücü də, hakimiyyətə sevgi də, inam da birəbeş artar.
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV