adalet.az header logo
  • Bakı 12°C
25 Noyabr 2016 11:47
146471
RUBRİKA
A- A+

"Nizami Gəncəvi məni qucaqlayıb, təbrik etdi" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının növbəti qonağı şair Qismət Rüstəmovdur. Adalet.az müsahibəni təqdim edir:


Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

"Yuxu fenomeni sakral mətnlərdən tutmuş çağdaş psixologiyaya qədər müxtəlif cür izah olunur. Qədim mətnlərdə Yaqub peyğəmbərin məşhur yuxusu, sonra Yusif peyğəmbərin yuxuyozanlığı, yaxud Osmanlı imperiyasının qurucusu Osmanın gördüyü yuxu, Fateh Sultan Mehmedin İstanbulu fəth edəcəyini gördüyü röya, ya da Mendeleyevin elemetlərin dövrü cədvəlini yuxuda görməsi kimi əhvalatlar var. Nə qədər gerçəkdirlər, nə qədər əfsanə, dəqiq bilmirəm. Qaldı yuxunun freydist yozumuna, Freyd deyirdi ki, mən yuxunun özü ilə yox, onun necə danışılması, necə ifadə edilməsi ilə maraqlanıram. Çünki yuxular özlüyündə əlçatmazdır. Murakaminin məşhur bir ifadəsi var, məncə, bu freydist metodu yaxşı ifadə edir: "Yuxu gələcək haqqında yox, keçmiş haqqındadır.” Fürsət düşmüşkən istəyirəm deyim ki, Freydin metodu ədəbi yozumlar üçün, improvizələr üçün geniş imkanlar yaradır. Amma gərək qarışdırmayaq, Freydi dünyanın heç bir yerində elmi metod kimi qəbul etmirlər, heç bir ciddi psixologiya kitabında onun adına rast gələ bilməzsiniz. XX əsrin ikinci yarısı Nabokovdan tutmuş Vudi Allenə qədər freydizmi lağa qoymaqla keçib. Niyə Freyd elmi deyil? Səbəbini Karl Popper yaxşı izah edib. Popper deyir ki, elmi informasiya ya təsdiq, ya inkar oluna bilməlidir. Popper yazır, gəlin şərti olaraq düşünək ki, psixoanalist deyir: xəstəmiz gizli şəkildə Edip kompleksindən əziyyət çəkir, o şüuraltında atasına nifrət edir. Əgər o atasına qarşı aqressivdirsə, onda terapistin ehtimalı doğru sayılacaq, əksinə atasına hörmət və sevgiylə yanaşırsa, onda terapist deyəcək ki, təhtəlşüurdakı hansısa qorxu xəstənin atasına qarşı aqressiyasını gizlədir. Deməli xəstə nə deyir-desin, həmişə terapist haqlı olacaq. Bu da elmi ola bilməz, çünki inkar oluna bilmir, həmişə bir variantdadır, təsdiqdədir. Bununla onu demək istəmirəm, onun dedikləri bütünlüklə əhəmiyyətsizdir, demək istəyirəm ki, bu söhbətlər çoxdan aşılıb. Freyd mənim üçün alimdən çox, XX əsrin ən böyük esseistlərindən biridir. İndi dünyada daha maraqlı tərcübələr aparılır, təxminən 2025-ci ilə gerçəkləşməsi ehtimal edilən bu təcrübələrdən biri də yuxuların lent yazısının çıxarılması, sonradan proyektor vasitəsilə izlənməsi ilə bağlıdır. Mişö Kaku "Gələcəyin fizikası” kitabında yazır ki, yaxın on-on beş ildə yuxularımıza film kimi baxa biləcəyik."


Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

"Mən az-az yuxu görürəm. Deyilənə görə, insan hər gün yuxu görür, amma unudur. Onda deyə bilərik ki, unutmaqda pis deyiləm.”

Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

"Borxes deyirdi ki, ədəbiyyat idarə olunan yuxugörmədir. İşim ədəbiyyatdı deyə, avtomatik şəkildə, mənə təsir edən, düşündürən hər şey haqqında düşünürəm, özümə görə yozumlar verirəm, amma mən gördüyüm yuxular gündüz yuxularıdır...”

Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

"Dediyim kimi, az yuxu görürəm, başıma elə bir fövqəladə hadisə gəlməyib. Amma bir əhvalat danışa bilərəm. "Qismət” adının mənə qoyulması ilə bağlı. Rəhmətlik nənəm danışırdı ki, sənin adını Ruslan qoyacaqdıq, hamı razı idi, bəyənirdi, şəhadətnamənə adının yazdırılmağına iki-üç gün qalmış yatıb qəribə bir yuxu gördüm. Gördüm ki, sizin evinizin pilləkənləri ilə liftə tərəf gedirəm, qabağımı balaca boy, ağ kostyum geyinmiş, qəribə gözləri olan bir adam kəsdi. Dedi ki, uşağın adını mütləq Qismət qoyun, əlimlə itələyib keçmək istədim, bir də qabağıma keçib inadla dedi, sonra peşman olarsınız, uşağın adını Qismət qoyun... ”

Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

"Fikir verməmişəm, fikir versəm, yəqin çin də çıxar.”


Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

"Tələbəlik vaxtı bir yuxu görmüşdüm, az-maz o yadımda qalıb. Təxminən beləydi ki, hansısa futbol komandasının oyunçusuyam, son dəqiqədə qələbə qolunu vururam, soyunub-geyinmə otağına gedəndə görürəm ki, Nizami Gəncəvi də burdadır. Məni qucaqlayıb, təbrik edir.”

Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

"Mən az yuxu görsəm də, bütün yuxularım HD keyfiyyətdə və rənglidir.”

Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

"Daha çox itirdiyim doğmaları – nənələrimi, babalarımı, dostları...”

Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

"Bu suala sevdiyim bir Çin pritçası ilə cavab verim. Pritçada deyilir: o yuxuda kəpənək olduğunu gördü. Oyananda isə dəqiqləşdirə bilmədi ki, yuxuda adam olduğunu görən kəpənəkdir, yoxsa kəpənək olduğunu görən adam.”

Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

"Baxır "həqiqət” deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn, çılpaq qadın fotolarına baxıb yuxuya gedən yeniyetmənin "həqiqəti” ilə, yuxuya getmək üçün sakitləşdirici həblər içən adamın "həqiqəti” eyni deyil.”