adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Noyabr 2016 21:38
44480
MÜSAHİBƏ
A- A+

“Erməni deputatların sualları onların kimliyini göstərir”

Adalet.az Türkiyənin NATO Parlament Assambleyasındak (PA) nümayəndə heyətinin sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə millət vəkili Osman Aşkın Bakın apa-ya müsahibəsini təqdim edir:

- NATO-nun 2004-cü ilin iyununda İstanbulda keçirilən zirvə toplantısında önəmli qərarlar qəbul edilmişdi. Ötən dövrdə o qərarların yerinə yetirilməsi sahəsində nə dərəcədə irəliləyişlər oldu?

- NATO bir müdafiə paktıdır. Ancaq NATO-nun fəaliyyətindəki irəliləyişlər NATO Parlament Assambleyası (PA) tərəfindən dəyərləndirilir. NATO PA Alyansa üzv olan ölkələrin parlamentarilərinin bir araya gəldiyi bir strukturdur. Bu strukturda Alyansa üzv olan ölkələrdəki proseslər ətraflı şəkildə analiz edilir. Türkiyə öz coğrafi mövqeyi və Alyansa verdiyi töhfələr baxımından NATO-nun önəmli ölkəsidir. Bu toplantının İstanbulda keçirilməsi də bizim üçün önəmlidir. Biz bölgəmizi maraqlandıran məsələlərdə azərbaycanlı qardaşlarımızla birlikdə hərəkət etdiyimizə inanırıq. Bu toplantılardakı prosesləri "Bir millət, iki dövlət” prinsipindən dəyərləndiririk. Azərbaycanlı millət vəkili dostlarımızla bölgədə cərəyan edən prosesləri təhlil edirik. Azərbaycanın tələblərini dəstəkləyirik, onlarla daima həmrəylik içindəyik. Bu bir həqiqətdir ki, buralar parlament diplomatiyası üçün önəmli məkanlar, problemləri başqalarına izah etmək, fikir mübadilələri aparmaq üçün önəmli tribunalardır. Parlament dialoqunun davam etməsi üçün bu cür toplantıların önəmli olduğuna inanırıq. Dünyanın müştərək problemlərinin müzakirə edilməsi üçün bura NATO PA önəmli platformadır.


- NATO PA-da çıxışlarda "ultra miqrasiya”dan bəhs edildi. Bu barədə nə demək istərdiniz?

- Hamı deyir ki, qaçqınlar məsələsində Türkiyə çox mühüm işlər görür, ancaq heç kim Türkiyənin daşıdığı yükü bölüşmək istəmir. Biz 3 milyon qaçqına ev sahibliyi edirik, ancaq heç kim bu yükü bizimlə bölüşmür. Bu, təkcə Türkiyənin problemi deyil, Avropanın və dünyanın da bu məsələ ilə bağlı ciddi addımlar atması lazımdır. Yaşadığımız hadisələr bunu göstərir. Aralıq dənizində qaçqınlar boğulur, Afrikadan gələn qaçqınlar var, Suriyadan gələnlər var. Təbii ki, heç kim bölgədə bu qeyri-sabitliyi istəməz. Terror təhdidi var. Xüsusilə, bu iclasın İstanbulda keçirilməsi Türkiyənin terrora qarşı mübarizəsinə önəmli dəstəkdir. Türkiyə PKK, YPG, DAEŞ ilə ən ciddi şəkildə mübarizə aparan bir ölkədir. Toplantıda bunu da xüsusi şəkildə vurğuladıq ki, xalqımız 15 iyulda terrora qarşı qəhrəmanlıqla mübarizə apardı və biz bu toplantıda xalqımızın qəhrəmanlığını dünyaya nümayiş etdirmək üçün önəmli fürsət əldə etdik. Suallar, tənqidi məqamlar var, ancaq bu məsələləri də həll edirik, həqiqətləri deyirik və deməyə davam edəcəyik.


- 2004-cü ildəki NATO zirvəsindən üzü bəri Türkiyə Ermənistana qarşı qonşuluq münasibəti göstərməyə çalışdı. Ancaq Ermənistanın o zamankı prezidenti Robert Koçaryan "düşmən ölkədə keçirildiyinə görə” NATO zirvəsinə gəlməyi rədd etdi. İndi sessiyaya gələn Ermənistan deputatları da təxribat xarakterli suallar verməklə məşğuldurlar.

-O sualları verən erməni millət vəkillərini biz də, digər ölkələrin millət vəkilləri də görürlər. Bəsit, dar düşüncə ilə verilən suallar. Lazımi cavabları verdiyimizi də görürsünüz. Biz onların yalanlarını heç kimin qəbul etmədiyini görürük. Onların bizə qarşı ittihamlarının doğru olmadığını NATO PA üzvü olan o biri ölkələrin millət vəkillərinin hamısı görürlər. NATO PA-nın İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistan deputatlarının sualları onların dəyərlərini nümayiş etdirir.