adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Noyabr 2016 15:48
150682
RUBRİKA
A- A+

“Necə şəhid oldum?!” – DÖYÜŞ TARİXİ

Əsrlər boyu Azərbaycan kənar qüvvələrin maraqlarında olub. Farslardan tutmuş xristianlara qədər məmləkətimizə göz dikən, burada dini, siyasi və etnik məkan qurmaq niyyətini axtaran separatçılarla mübarizə aparıb. Xalqımızın milli təfəkkürü və ənənəvi gücü sayəsində özgürlüyümüzü yad əllərə vermədik. Torpağımızı bu günümüzə gətirib çıxardıq. Bunlar asan olmadı, vətənimiz havasını udmağa, suyunu içməyə torpağında başıuca gəzməyə layiq olan şəhidlər verdi. Qan bahasına da olsa müstəqilliyimizi qoruyub saxladıq. Bax budur milli mənəviyyat.

Adalet.az "Döyüş tarixi” rubrikasında bu dəfə tam fərqli və maraq dolu bir müsahibə təqdim edir.

Onun qoyub getdiyi tarixi ilə həmsöhbət olduq. İki əsrlik əsarətə, rus, fars və erməni istilalarına, repressiyalara, soyqırımlara baxmayaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, vətənin azadlığı və bölünməzliyi uğrunda qəhrəman Azərbaycan övladları daima vuruşub və mücadilə aparıblar. Belə igid oğlanlarımızdan biri də Qarabağ uğrunda gedən savaşda şərəfli döyüş yolu keçərək şəhid olan Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovdur.

O, 1959-cu il mayın 30-da Ağdam rayonunun Qiyaslı kəndində sadə bir ailədə anadan olub. Atası Nuşirəvan kişi el-oba arasında mərd, qorxmaz və qonaqpərvər biri kimi tanınardı. Cəbrayılın soyu Laçın rayonunun tanınmış nəsillərindən olan Hacısamlı camaatının Qasımuşağı nəslinin Əhmədoğlu tirəsindəndir. Qasımuşağı nəsli türk xalqının qəhrəman övladları Xosrov bəy Sultanov və Sultan bəy Sultanov qardaşlarının rəhbərliyi ilə Laçın rayonunun digər tanınmış nəsilləri ilə birgə, XX əsrin əvvəllərində ermənilərə qarşı mərdliklə vuruşmuş, erməni generalı Andranikin 30 minlik ordusunu Zabux dərəsində məhv edərək, Qarabağın işğalının qarşısını almışlar. Nuşirəvan kişi öz ata-baba yurdundan uzaqda yaşasa da, övladlarının Laçın rayonunda olan nəsilləri ilə bağlarının itməməsi üçün böyük oğluna atası Davudun, Cəbrayıla babasının, Cəbrayıldan kiçik qardaşına isə ulu babası Əhmədin adını vermişdi.

-Sizi müharibəyə nə apardı?

- Babam mənə qardaşıma və əmioğluma nümunə olub. O, ötən sərin əvvəllərində döyüş tarixi yazmış bir şəxsdir. Atamın da vətənpərvər ruhda böyüməsində babamın böyük təsiri olub. Və biz də atamın bizə bəxş etdiyi baba səlnaməsi ilə böyümüşük. Onun ruhu ilə qərar verirdik. Ruhumuzu müharibəyə təslim etmişdik beləliklə. SSRİ - tərkibində ordu sıralarında hərbi xidmət dövrümü başa vurandan sonra vətənə qayıtdım. Qarabağ savaşları mənim ruhumu oynatdı. Qardaşım Əhməd və əmi uşağı Əli Cəbrayılovla birlikdə düşmənə qarşı mübarizəyə qoşulduq. Can gedər, amma ruh qalar. O ruh ki, şəhid ruhu ola, bundan böyük xoşbəxtlik qanmıram. Ələlxüsus şəhid ruhu hər yerə siraət edir. Qələmin mürəkkəbinə qədər. Mən sağ olsaydım sizinlə həmsöhbət olub şifahi şəkildə öz emosiyalarımla "Döyüş tarixi”mi sizə nəql edərdim. Siz şəhidin yox, canlı qazinin gözlərindən oxuyursunuz hər şeyi. Bir təsəvvür edin!..

Həyat belədir, bəzən saatlaca, günlərcə, aylarca və ya bir ömür səninlə həmşöhbət olan, ünsiyyətdə olan, doğmalaşan biri haqq dünyasına qovuşanda fərqli olur hər şey, bunlar səni həm də böyük təəccüb və üzüntü təlatümləri ilə sarsıntıya salır. Lakin sabah itirdiyin yaxınınla yenidən həmsöhbət olursan. Müharibə görmüş və ya müharibədə həlak olmuşlar müharibəni eyni həyəcanla danışır. Elə Cəbrayılov haqqında bizə qalanlar onun emossiyalarını, vətən eşqini və müharibə dalğasını köçürdükcə boş vərəqdə film yaradır. Bu gerçəklikdir, mən onun ruhuyla danışırdım. Diktofonun yaddaşına yaza bilmədim, ancaq şəhidin dediyi sözləri kəlmə kəlmə eşidirdim...

-Bir az da "Döyüş tarixindən”

-"Döyüş tarixi”m 1992-ci ilin yanvar ayından başladı. Xidmətimi daha sonra "N” saylı hərbi hissənin tərkibində "Qatır Məmməd" ləqəbi ilə tanınan Yaqub Rzayevin komandirlik etdiyi könüllülərdən ibarət "Qarabağ şahinləri" batalyonunda bölük komandiri olaraq davam etdirmişdi. İlk döyüşlərim Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlər olur.1992-ci ilin fevralında Xocalı qətliamı zamanı Qaraqaya yüksəkliyi ermənilərin əlində idi. Yüksəklikdə özlərinə mövqe tutmuş erməni quldurları pulemyotla dinc sakinləri atəşə tutur, onların Xocalıdan Ağdam istiqamətinə hərəkət etməsinə mane olurdu. Fevralın 26-sı səhər saatlarında Yaqub Rzayevin komandirlik etdiyi dəstəmiz qızğın atışmalardan sonra yüksəkliyi ələ keçirdik.

-Xatirələriniz başqa nə deyir?

-Bu döyüşlərdə rəşadətlə vuruşaraq 3 nəfər qadını və 2 uşağı xilas etdim. 1992-ci il martın 6-sı gecə saatlarında təkbaşına Əsgəran ərazisinə keçərək erməni döyüşçülərinin mövqe tutduğu posta basqın etdim və 8 erməni əsgərini məhv edərək onlara məxsus 8 avtomat silahı və 1 ədəd qumbaraatanı hərbi hissəyə təhvil verdim.

Göstərdiyi bu şücaətdən sonra ermənilərin kabusuna çevrilən bu mərd və qorxmaz türk oğlu doğulub boya-başa çatdığı, uğrunda silaha sarılıb vuruşduğu doğma Ağdamında "Qurd Cəbrayıl" ləqəbi ilə ad-san qazanır. Mart ayının sonlarında Cəbrayıl bir daha Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. 1992-ci ilin aprel və may aylarında ölkədə baş verən siyasi hadisələr pərakəndə formada fəaliyyət göstərən silahlı qüvvələrə də öz mənfi təsirini göstərirdi. Vahid komandanlıq tərəfindən idarə olunmayan özünümüdafiə batalyonları və digər silahlı birləşmələr, cəbhə xəttində ağır məğlubiyyətlərə uğrayırdı.

Cəbrayılov deyirdi ki, mayın 8-də Azərbaycanın tarixi şəhəri Şuşanın, 18-i isə Cəbrayılın ata-baba yurdum olan Laçın rayonunun işğalı, minlərlə insanın öz yurd-yuvalarından didərgin düşməsi, faciələrin ard-arda gəlməsi, sadə xalqda olduğu kimi, silahlı qüvvələrdə də ruh düşkünlüyü yaratmışdı: "Belə bir zamanda müxtəlif özünümüdafiə batalyonlarının və digər hərbi birləşmələrin bir araya gəlib, vahid komandanlıq yaradaraq əlaqəli şəkildə fəaliyyət göstərmələri labüd idi”.

Belə ki, Cəbrayılın olduğu batalyon 1992-ci ilin mayında bir neçə özünümüdafiə batalyonları və digər hərbi birləşmələrin komandirləri bir araya gələrək "Hərbi birlik" yaratmağa nail olurlar. Elə bu birliyin nəticəsi idi ki, cəbhə xəttində gedən 7 aylıq ağır məğlubiyyətlərdən sonra, 1992-ci ilin iyun ayından başlayan I Ağdam Cəbhəsi və II Ağdərə cəbhəsi istiqamətində genişmiqyaslı hücum əməliyyatları keçirildi. Keçirilən əməliyyatlarda Azərbaycan silahlı qüvvələri hər iki cəbhədə böyük uğurlar qazanaraq bir çox yaşayış məntəqələrini işğaldan azad etdilər. 12-16 iyun tarixlərində Ağdam cəbhəsi boyunca genişmiqyaslı hücum planı hazırlanır. Əməliyyatın aparılmasından öncə Cəbrayılın komandirlik etdiyi kəşfiyyatçı dəstə Əsgəran rayonu ərazisinə girərək, Azərbaycan silahlı qüvvələrinin hücumuna mane ola biləcək bir gözətçi məntəqəsini zərərsizləşdirib, bir düşmən tankını ələ keçirirlər. Aparılan əməliyyatlardan sonra Mənikli, Xromort, Xanabad, bütövlükdə isə 12 kənd işğaldan azad edilir. Bu döyüşlərdə daim xalqımızın qəlbində yaşayacaq Milli qəhrəmanlarımız Allahverdi Bağırov, Şirin Mirzəyev, Çingiz Mustafayev də olmaqla bir çox vətən övladları şəhid olublar.

"Mən döyüşlərdə iştirak etməyi özümə vətən borcu bilirdim” deyir Qəhrəmanımız 1992-ci il avqustun 18-də Ağdərə rayonunun Gülyataq və Canyataq kəndləri uğrunda gedən şiddətli döyüşlərə qoşularaq silahdaşları ilə birgə 7 erməni əsgərini öldürüb, 7 ədəd avtomat silahını ələ keçirirlər. Sözügedən döyüşlərdə göstərdiyi şücaətə görə, 10.000 rubl mükafatla təltif olunur. Həmin dövrdə bir neçə qəzetdə bu igid Azərbaycan oğlu haqqında "Qurd Cəbrayıl" başlığı altında məqalələr yazılaraq onun igidlikləri işıqlandırılır.

-Necə şəhid oldunuz?

-Gülyataq və Canyataq kəndləri işğaldan azad olunduqdan sonra Ağdərə rayonunun Mehmanə kəndini düşməndən azad etmək üçün keçirilən əməliyyatlara qoşuldum. Çətin əməliyyat idi, amma mübarizliyimi sona qədər qoruyub saxladım. Qızğın atışmalar zamanı kürəyimdən və ayağımdan ağır güllə yarası alsam da döyüşdən geri çəkilmədim. Sona damla qanıma qədər savaşdım. Əzmimi düşmənə göstərməyə, düşməni qorxutmağa, gücümüzü sübut etməyə çalışdım (Aldığı ilk yaralardan sonra bir müddət Ağdam rayonunun Mahrızlı kəndində yerləşən hərbi hospitalda müalicə alsa da, yaraları tam sağalmamış, yenidən cəbhə xəttinə qayıdır). Xanabad kəndi uğrunda gedən döyüşlərə qoşuldum... Bu mənim son döyüşüm idi. 1992-ci il sentyabrın 24-də qızğın döyüşlər zamanı yağı gülləsi başıma tuş gəldi və mən gözlərimi əbədiyyətə yumdum.

Beləliklə, Azərbaycan xalqı Vətən uğrunda daha bir igid oğlunu itirir. Qarabağ müharibəsi zamanı Cəbrayıl kimi minlərlə vətən övladları son nəfəslərinədək vuruşaraq, canlarını sahibi olduğumuz vətən torpağına fəda etmişlər. O torpağa ki, işğalından 20 il keçir və hələ də düşmən tapdağı altındadı. Odur ki, dəyərlərimizin qədrini sahibi olarkən bilək. İgid Azərbaycan övladlarını daima yad edərək, şəhidlərimizi unutmayaq. Unutmayaq ki, itirdiklərimizə bir daha sahib olaq”.

"Qurd Cəbrayıl" doğulub boya-başa çatdığı Qiyaslı kəndində dəfn olunub. Qəhrəmanın məzunu olduğu Söyüdgöl kənd orta məktəbi bu gün onun adını daşımaqdadır. 1992-ci ildə Azərbaycan Milli Qəhrəmanı adı alması üçün döyüş yoldaşları, məzunu olduğu Söyüdgöl kənd orta məktəbinin kollektivi, Qiyaslı kənd sakinləri və doğmaları tərəfindən dəfələrlə müvafiq orqanlara müraciət olunmasına baxmayaraq, həmin dövrdə ölkədə baş verən özbaşınalığın nəticəsində, şərəfli döyüş yolu keçmiş belə bir igid Azərbaycan övladı diqqətdən kənar qalır. Lakin 1994-cü ilin oktyabr ayının 4 də mərhum prezident Heydər Əliyev Qarabağın "Qurd Cəbrayıl”ı, Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovu ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edir.

Rüfət Soltan