adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Noyabr 2016 14:26
96664
RUBRİKA
A- A+

“QARANLIQ İSTEDAD”

İstedad. Bu elə bir məfhumdur ki, hər kəsə qismət olmur. İstedad sahibi olan insanlara ətrafındakılar belə həsədlə baxır və eyni zamanda həmin insanın yaradanın sevimli bəndəsi olduğunu irəli sürürlər. Dünya alimlərinin apardığı araşdırmaya görə, istedadlı insanları digərlərindən fərqləndirən əsas xüsusiyyət onların dünya düzəninə fərqli yanaşması, beyin hüceyrələrinin digərlərinə nisbətən daha çox inkişaf etməsidir. Kimisi rəssamlıqla, heykəl və musiqi ilə, kimisi də söz sənəti və digər sahələrdə daxilində olan enerjini cəmiyyətə ötürə bilir. Ümumən istedad insan övladına bəxş edilən ən dəyərli varlıqlardan biridir. Bu dəyərli varlığı isə daim ucaldan azadlıqdır. Azadlığı olmayan istedad sahibi isə işıqsız evə bənzəyər.


"Ədalət" qəzeti və Adalet.az saytının "QARANLIQ İSTEDAD" layihəsinin qonaqları "işıqsız ev"in sahibləridir. Bilərəkdən və ya bilməyərəkdən törətdiyi cinayətlərə görə məhbusluq həyatı yaşayan rubrika qonaqlarımızın yaradıcılığı, onların məhbusluq həyatı ilə bağlı siz oxucularımıza geniş məlumat verəcəyik...

10 saylı cəzaçəkmə müəssisəsində 1 ilə yaxın məhbus həyatı yaşayan İsrafil Ağayev rəssamdır. Müəssisədə onun fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb. İş otağına daxil olanda isə yeni bir əsər üzərində çalışırdı. Dediyinə görə, çalışdığı yeni portretin qəhrəmanını görməyib. Sifarişlə çəkdiyi bu əsər barəsində ona kiçik məlumat verilib....

DOSYE

Ağayev İsrafil İmran oğlu 1960-cı ildə anadan olub. Orta təhsillidir. Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə 9 il azadlıqdan məhrum edilib. Özünün dediyinə görə, şirkət rəhbəri olub. Ağac üzərində müxtəlif oyma işlərini həyata keçiriblər. Əl işləri ölkədə ciddi tanınıb və hətta müştəriləri arasında yüksək çinli məmurlar da olub. Eyni zamanda İsrafil Ağayevin əl işləri ölkə hüdudlarından kənarda da, Çin, İspaniya, İtaliyada kifayət qədər müştəriləri olub.

İsrafil Ağayev deyir ki, həyatını bu sənətə həsr edib. Məhbusluq həyatında isə taxta üzərində oyma işləri ilə deyil, rəssamlığa üstünlük verir. Yaratdığı əsərləri isə satmaq fikrində deyil. O, bu əsərlərdən ilham aldığını, yaradıcılığını sönməməyə qoymadığını dedi. Məhbusluq yolçuluğu ilə bağlı qısa danışdı: "Mənim bura düşməyim sırf təsadüf olub. Şirkətlərim var idi. Biz eksklüziv ağac işləri ilə məşğul olurduq. Bu işə isə ciddi tələbat var idi. Mən də işlərin çoxluğundan bəzi hallarda ölkədə olmurdum. İşimi isə yaxın bildiyim birinə etibar etmişdim. Sonda həmin insan məni arxadan "vurdu". Şirkətlərim müflis oldu və mən də 9 il azadlıqdan məhrum edildim".

İsrafil onu da bildirdi ki, məhbusluq həyatına öyrəşmək çətin olub. Ancaq buna baxmayaraq onun üçün müəssisədə şərait yaradılıb. İş otağı və yaradıcılığı ilə məşğul olmaq üçün bütün imkanlar var: "Yaradıcılıq üçün nə tələb olunur? Kağız, boya və bir də mühit. Burda da bu şərait yaradılıb. Özümün iş otağım var. Orada səhər saat 9-dan axşam saat 5-ə qədər öz işlərimlə məşğul oluram. Bu müəssisədə təzəyəm. Heç bir il olmaz. O üzdən işlərimi hələ yaxşı tanıda bilməmişəm. Görüş olanda əl işlərimi ailə üzvlərimə verirəm".




Qonağımız ideya müəllifi ilə bağlı suallara isə belə cavab verir: "Mənim ideya müəllifim dahi Nizamidir (Nizami Gəncəvini nəzərdə tutur - Ə.Ə.). Nizaminin əsərlərinə çox müraciət edirəm. Onun "Yeddi gözəl" poemasında Bəhrəm Gur ilə bağlı toxunduğu məqamları mən rəsm əsəri üzərində canlandırmışam. Bundan əlavə şahmat və heyvanlarla bağlı yeni ideya ilə rəsmləri işləmişəm. Nizami ümman dəryadır. Burda boş vaxtım olanda da mütaliə edirəm. Müraciət etdiyim əsərlər isə Nizaminin əsərləri olur".

Həmsöhbətimin informasiya əldə etmək sarıdan heç bir problemi də yoxdur. Son bir həftə ərzində ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrin xronologiyasını elə ardıcıllıqla nəql etdi ki......

Sonda İ.Ağayev ən böyük arzusunun bu "qaranlıq” dünyadan çıxmaq olduğunu bildirdi.

Ədil Ədilzadə