adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Noyabr 2016 13:37
31679
ƏDƏBİYYAT
A- A+

Yazıçılar haqqında hekayə

Salam adım Ağasəlimdir (Ya da ki, nə bilim İsrafil). İdmanı 5 ildir buraxmışam. Dəfələrlə çempionatlara qatılanda tək arzum sadəcə meydanda at sürmək idi. Buna çox zaman nail olurdum. Lakin uşaqlıqdan bəri qurduğum karyera məni son Avropa çempionatında qalib etməklə idmandan uzaqlaşdırdı. Məşqçim və yuxarıda oturan bəzi adamlar razılaşmışdılar ki, sözügedən final oyunu mənim yox, rəqibin xeyrinə bitsin. Buna bilə-bilə imkan vermədim. Onlar isə birdəfəlik mənə dayaq olmaqdan çəkindilər.

Rəhmətlik babam deyərdi ki, sevdiyin peşə ola, ancaq qarşına heç bir maneə çıxmaya, bu sadəcə mümkün deyil. Hərdən əsəbiləşirəm, həftələrcə keçirdiyim stresdən və bir neçə gün dərin depressiyadan sonra qərara aldım ki, yazıçı olum. İlk hekayəm bir boksçunun həyatından danışırdı. Və ilk oxucularım da ”Niyə də yox”u məni zirvələrə daşıyacağına inandırmışdı. Zamanla zirvə deyil, sadəcə sənətə qalxdığımı anladım. Yazırdım, vaxt ötüşdükcə yeni tanışlarım peyda oldu, redaksiyalarda yazılar çap etdirdim. Jurnalist peşəsinə tamam bağlı deyildim, ancaq buradakı işin sırf yazı və təfəkkürlə bağlı olduğu platformada bir neçə həvəskar köşə yazılarıyla başlanğıcın heç də pis olmadığını anlamış oldum. Sonra sevgiyə qurşandım, ardından o da mənə bir yumruq və gicgahdan nakaut oldum. Yenə stress, depressiya və yazmaq…

Bu dəfə təsir amilləri qarışıq və daha ağır çəkili olduğundan anladım ki, yeni əsərimin məğzini bir hekayəyə sığdıra bilməyəcəm və roman alıncağı səbirli addımlarıya arzuları gerçəkləşdirdi. Bəli, ilk romanım çapa hazır olduğu günü gözləyirdi. Açığı o dönəmdə mənə tamamilə kommersiya anlayışı rabitə vermirdi. Necə deyərlər "yaz, amma cibini düşümə”, bilmirəm indi doğru deyirlər, ya yox… Hər halda yalançı da ola bilərlər.

Vədələr mənə bəzi yazıçıları tanıtmağa başladı, onlarla virtual və realda salamlaşdığımız, söhbətləşdiyimiz, kitab imzasını aldığım tədbirlər oldu. Çox gözəl hisslər idi, bəzən imzanın ardından yeni kitabı müəllifdən bir neçə metr aralıda dayanıb vərəqləyirdim. Gah yazıları oxumaq, gah da onları qələmə alan müəllifi izləmək başqa bir duyğudur. Bəli, beynini və ürəyini məcbur etsən bu təəssüratı dərk etmək olar.

Ölkəmizdə istər ənənəvi, istərsə də virtual şəklidə kitab oxuyanların sayı artıb. Hətta azalıb deyənləri başa düşə bilmirəm, daha nə gözləyirdiniz? Gözləyirdiniz ki, mahnılardan daha çox dinlənilsin, kliplərdən daha artıq baxılsın? Buna şükür, ay millət!

Sizi inandırmaq üçün özümü nümunə həndəvərinə qurban edirəm. Belə ki, demək olar, müasir ədəbiyyatımızın lazımi şəxslərinin hamısını tanıyıram. Bu şansı mənə yarmarkalardan, mövsümi kitab bayramlarından, sərgilərdən, tədbirlərdən əlavə başlıcası virtual məkan verib. Ən əsası isə sosial şəbəkələr və e-dərgilər. "Kreativ gənclərə yardım fondu”ndan danışmaq istəyirəm. Bu fond əslində mücərrəd xarakter daşımaqla bərabər, həm də belə desək, ələ keçməyən, içərisinə daxil olunmayan, əksinə onun beynimizdə, bilincimizin altında yer aldığı bir təfəkkür məhsuludur. Orada özlərini virtual olaraq tanıdığım bəzi müasir yazarlar oturmuşdu.

Yaz mövsümünün başlanğıcı idi. Yuxarıda bəhs etmiş olduğum həmin o romanı nəşriyyatdan gətirməyə getmişdim (Yazarlar bu hissin nə olduğunu daha yaxşı bilirlər). Artıq əlimdəki tirajlarla bəzi planlar qurmağa başlamışdım. İlk plan kitab mağazalarına yollanmaq və eyni zamanda reklamla məşğul olmaq idi. Yenə deyirəm, əziz qeyri-ədəbiyyatçılar, bu təşviqat qətiyyən kommersiya məqsədi daşımırdı. Sadəcə tanınmaq lazım idi. Reklam işində mənə əvvəllər əməkdaşlıq etdiyim ənənəvi və e-qəzetlər kömək olmuşdular. Başlıcası işlədiyim redaksiya sonra isə bir neçə virtual dostlarım. Beləliklə dostlarım, dostlarımın dostları məni tanımağa başladılar, hətta şəxsi tanışlığımın olmadığı oxucular da peyda olmuşdular. Bu sevindirici haldır. Artıq bir neçə kitabımın da satış qonorarını paytaxtımızın sayılıb seçilən ən böyük kitab mağazalar şəbəkəsinin ofisindən gedib götürmüşdüm. Təbii ki, sonrakı 3-4 ay müddətində boş dayanmadım. Bir neçə hekayə, esselər, hətta ikinci romanı yazmışdım (bu janr və həcm etibarilə əvvəlkindən çox fərqlənirdi). Beləcə iki ədəd roman müəllifi idim. Özümü göylə aparmıram, mənə gələn bəy tərifləri isə dərin ikrah və bəzən nifrət hissindən başqa heç nə vəd eləmir. Deyim, biləsiniz. Axı hansı axmaq tapılar ki, təriflərdən qaçsın. Mən isə tənqidə aşiq olmuşdum. Çünki həvəskar dönəmində mənə daha çox tənqid lazım idi. Hər zaman tənqid etməyi də sevmişəm. Zamanın gəldiyini hiss etdim və yollandım növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinə. Bu məkanda dəfələrlə olmuşam, əsasən də müxtəlif tədbirlərdə. Xalqımızın görkəmli ədəbiyyatçıları: Hörmətli Anar müəllimi, Fikrət Qocanı (Fikrət müəllimə ilk kitabımı hədiyyə etmişdim), detektiv yazıçımız Çingiz Abdullayevi, hətta vəzifəsinə və iş fərqliyyətinə, o cümlədən ədəbiyyat və mətbuat sahəsindəki nüfuzuna bələd olduğum Rəşad Məcidi görmək arzuma çevrilmişdi və bu tip silsilə tədbirlər imkan yaratdı ki, onlarla daha yaxından əyani ünsiyyətdə olum. Düzü fikrimdən AYB-yə üzv olmaq barədə ideya keçmirdi. Mən sadəcə oxucuların rəylərindən yorulmuşdum. İndi məni daha çox ədəbiyyatçıların, qələm adamlarının fikirləri maraqlı gəlirdi. İlk rəyi məhz Rəşad müəllimdən almaq istəyirdim. Ona görə yox ki, gənc yazarların AYB-yə üzvlüyü məsələsinə o baxır (Rəşad Məcidin gənclər üzrə katib vəzifəsində olduğunu bilirdim, sadəcə onun bu işdə daha yaxından kömək edə biləcək mövqe sahibi olduğunu düşünməmişdim), ona görə ki, gənclərə yardım etmək həm də onun rəsmi vəzifəsidir. Elə isə, çantamı yanıma alıb onun içərisinə bir sürü kitab yığdım, həmin vaxt "Əli və Nino” kitab mağazasına kitabları təhvil verəcəkdim. Amma öncə bir nüsxəsini Rəşad müəllimə hədiyyə etmək üçün AYB-yə yollandım. Kitabı verməmişdən öncə sosial şəbəkədə onunla əlaqə saxlamışdım. Yəni görüşəndə məni tanıya bildi. Təsadüfdən yazıçılar aləmində qalmaqallı və yenilikçi statusunu almış Əsəd Cahangir də katiblikdə Rəşad müəllimin qəbulunda idi. Adətən qəbul prosesi ardıcıl getməliydi, lakin mən elə də vacib adam olmadığım üçün məndən sonra gələn Əsəd müəllim də içəri daxil oldu. Əlqərəz! Qısa söhbətlərdən sonra kitabımı çantadan çıxarıb hörmətli katibə uzatdım. O kitabı açdıqdan sonra ilk vərəqlərini gözdən keçirib onu Əsəd müəllimə verdi və dedi ki, bu romana rəyi sənə Əsəd verəcək. Bir növ qeyri-rəsmi tapşırıq. Gizlətmirəm, buna görə Rəşad müəllimə heç bir irad belə tutmadım. Başa düşürdüm ki, onun işləri daha gərgindir. Həm katibliyin işləri, həm də tanınmış gündəlik "525-ci qəzet”in fəaliyyəti… Ancaq Rəşad müəllimi bir az da özlüyümdə gizlincəqınamağa başladım ki, nahaq yerə o kitabı Əsəd Cahangirə verdi. Onun kitabımı oxuyacağına şübhə edirdim. Çünki bundan bir neçə gün öncə yazdığım yeni hekayəyə fikir bildirmək xahiş etmişdim. Lakin hörmət etdiyim Əsəd müəllim buna biganə yanaşdı. Mən daha üstünə getmədim, heç kəsi mənim hekayələrimi, ya da kitablarımı oxumağa səbəbsiz yerə vadar edə bilmərəm. Sadəcə bu ilk və son müraciətim olur, bu qədər. Eləcə yarıümidli şəkildə Rəşad Məcidin ofisindən ayrıldım… Üzərindən bir neçə gün daha keçdi. Katibliyə yollananda çıxışdakı elana nəzər salmışdım, bir neçə gün sonra maraqlı bir tədbir olacaqdı: Fəlsəfənin anasını ağladan Əsəd Cahangirin gənc yazarlarla görüşü. Öz gənc həmkarlarımın və həmyaşıdlarımın o tədbirə getmə məqsədlərinin adını deyə bilmərəm, ancaq mənim amalım yalnız kitabım haqqında öyrənəcəyim tənqidi, yaxud tərifi rəylərə yönəlmişdi. Hesablamalarıma görə, Əsəd Cahangir həmin günə qədər özünün də SÖZ VERDİYİ kimi kitabımı oxuyub bitirməliydi. Açığı onun nə danışdığı, hansı mövzulara yoldaş olduğu məni maraqlandırmırdı. Bir ara bəstəkarlıq etdiyini öyrənmişdim. Bir də ki, o yaxınlarda özünün yeni kitabının çap olunduğunu duymuşdum. Daha savadına, təfəkkürünə bələd deyildim. Eləcə də məsuliyyətinə… Tək istədiyim və düşündüyüm şey kitabıma rəy öyrənmək idi. Tədbirin bitməsinə səbirsizlənirdim. Təxminən iki saatdan sonra Cahangirin gənc ədiblərlə görüşü başa çatdı. Qapıdan çıxarkən onu qabaqladım və ilk sualım kitabla bağlı oldu. Cavabı isə dədə-babaların əziz nəvələrinin alnından maçı eləməsi kimi bir epizodla yadda qaldı. Açığı buna çox təəccübləndim, hətta öz-özümə soruşdum ki, bəlkə Əsəd müəllim nəsə bir cavanlıq iksiri içir ki, səbəb onun yaşının zənnimizdən çox olmasındadır. Hər halda duyğusal tərzdə alından ahıl bir öpüş mənasız görünürdü. Ardından "məzlum” çöhrədən səs gəldi: Oxuyaram! Elə bu?!. Mən məgər o boyda yolu gəlmişəm ki, ad-sanına güvəndiyim (ən azından Rəşad Məcid bir kitabı bu adama etibar etmişdi) yazıçının biri mənə sadəcə oxuyaram desin!.. İçimdə ağır coşma prosesi getdi. Dünyamın zirvəsində, ilk ədib dayazlığa düşmüşdü. Görəsən sırada başqa hansı yazıçılar olacaq…

O gündən sonra Əsəd Cahangirlə heç birünsiyyət yaratmadım, artıq kitabı oxuyub hər hansı bir fikir bildirəsi olsa belə bu marağını itirmişdi. Dərədən zirvəyə səsmi çatar?..

Rüfət Soltan