adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Noyabr 2016 13:44
74755
MÜSAHİBƏ
A- A+

“Biz bu qəzeti yaradanda heç onun qəzet olacağını düşünməmişdik” - MÜSAHİBƏ

Rauf Arifoğlu: "Bir mərhələ var idi ki, ölkə mediasının taleyi mənim davranış, addım və qərarlarımdan asılı idi”. 

Bir noyabr klassikası... Olmazsa olmazı. Ayın ilk günlərindən ölkənin ən yaşlı, tirajlı qəzetlərindən olan "Yeni Müsavat”ın ad günü hazırlığı başlanır. Öncə həmkarlar döyür qapımızı. Müsahibələr, reportajlar. Daha bir il yaşlanmış qəzetin keçdiyi yolu təftiş edir, keçəcəyi yolla bağlı sual yağışına başlayırlar. Sayı azalmaqda olan televiziyalar, eləcə də internet portalları kameraları, mikrofonları ilə media tarixinin bu örnəyini təbrik etməyə gəlirlər.

Arada bir saat da qəzetin baş yazarı Rauf Arioğludan biz "oğurlayıb”, ötən bir ilə, ötən illərə nəzər salırıq. Bu dəfə də elə etdik və ortaya yenə də maraqlı bir ekskursiya çıxdı. Budur, "Yeni Müsavat”ın yeni konfrans zalında ilk müsahibəni də səbəbkarla, "27 yaşlı gənc”in yaradıcısı olan baş yazarla bu mövzuda etdik. 27 il öncə, bu günlərdə "Yeni Müsavat” adlı qəzet çapa hazırlanırdı...

- Rauf bəy, öncə "Yeni Müsavat”ı yeni yaşı münasibətilə təbrik edib, sualıma keçmək istəyirəm. "Yeni Müsavat” hekayəsi artıq 27-ci ilini geridə qoydu. Baxmayaraq ki, buna hekayə demək haqsızlıq olar...

- Azərbaycanda Azərbaycanın ikinci istiqlalından daha yaşlı olan bir qəzet var. Bu, Azərbaycan xalqının demokratiya, mətbuat, söz azadlığı uğrunda mübarizəsinin göstəricisi, o mübarizəni təsdiq edən faktlardan biridir. "Yeni Müsavat” milli azadlıq hərəkatının axarında, dalğasında yaranmış bir media quruluşudur. Kommunizmə qarşı 27 il əvvəl oktyabrın sonlarında qurulmuş Yeni Müsavat adlı bir partiyanın yayım orqanı idi, kommunizmə qarşı mübarizə üçün qurulmuşdu. Allahın şansı budur ki, mübarizənin də içərisində mən vardım.


Mənə həvalə olunmuşdu bu qəzeti qurmaq. Dəfələrlə "Yeni Müsavat”ın qurulması, tarixi ilə bağlı danışmışıq, müsahibə vermişik. Bunları bütövləsək, gerçək bir aksion filmlərinə ssenari süjet ola biləcək kitab ortaya çıxa bilər. Çünki 27 illik bu tarix bir qəzetin, qəzet məmurlarının divarlar arasındakı fəaliyyəti demək deyil. Bu, savaşlardan, müharibələrdən, ölüm-itimlərdən, böyük siyasi teatr və səhnələrdən ibarət olan həyat, möhtəşəm Azərbaycan hekayəsidir. "Yeni Müsavat” Azərbaycanın ictimai-siyasi, söz tarixinin bir parçasıdır. Bu baxımdan da mənim borcumdur ki, bu tarixi Azərbaycan, Azərbaycan demokratiyası üçün qələmə alıb, pərdəarxası detallarla birlikdə, yazam.

Bu gün həm də mənim üçün ona görə əlamətdardır ki, qəzetimizin ilk sayının çıxdığı bir gündür.

Əlim qabar olana qədər şriftləri makinada döydüyüm, döyəclədiyim, hazır səhifələri surətçıxarma üsulu ilə cildlədərək, 10 min nüsxədən çox, "Azadlıq” Meydanındakı, 1989-cu ildəki 10 noyabr tarixli mitinqə çatdırdığım bir gündür.

Onun bütün mərhələləri olmasa da, ümumi, genəl olaraq mən bu tarixi xatırlayıram. O tarixdə mənimlə bərabər olmuş, əmək vermiş, indi haqq dünyasında, bu dünyada olan hər kəsi minnət, hörmət, sevgi ilə anıram. Allah ölənlərə rəhmət eləsin, qalanlara isə can sağlığı versin.

-Osmanlı türklərinin maraqlı bir ifadəsi var. Adətən keçmişdə baş verən bir hadisəni indiki ilə müqayisə edəndə "nereden nereye” deyirlər. Mən də soruşum: "Yeni Müsavat” haradan haraya? Olduğunuz yerdən, bulunduğunuz nöqtədən məmnunsuzmu?


- Ümumi götürəndə məmnunam. Azərbaycan şərtləri daxilində biz mümkün olan hər şeyi etdik. Allahımızın, millətimizin yardımı, özümüzün zəhmətimiz hesabına müəyyən bir yerə qədər gəldik. Biz bu qəzeti yaradanda heç onun qəzet olacağını düşünməmişdik. Biz partiya qurmuşduq və partiyanın yayım orqanının öz sözünü, mesajını cəmiyyətə çatdırmağa ehtiyac var idi. Onun nə qədər davam edəcəyini heç bilmirdik. Əsasən AMDP Yeni Müsavat adlı partiyanı düşünürdük. Uzun müddət bərabər yürüdük, könüllü batalyonların qurulma prosesini belə, Yeni Müsavat partiyası, həm də qəzeti Gəncə, Gəncə ətrafı, Tovuz, Qazax bölgələrində paralel aparıb. Bütün bunları etdik. Zaman keçdikcə, Azərbaycanın milli azadlıq hərəkatının təşkilatları iqtidar olunca, siyasətin, mübarizənin şərtləri dəyişincə qəzetin önəmi partiyanınkından daha da qabağa keçdi. Həmin vaxt 22-23 yaşında idim. Gördüm ki, döyüşçü, könüllü batalyonları quran bir siyasi komissar, AMDP Yeni Müsavat partiyasının beş katibindən biri olmaqdan daha çox qəzetçi, yaradıcı, yazıçı kimliyinə məxsusam. Ona görə də "nereden nereyə” deyilən prosesdə indiki günə doğru yolu, qəzetə yönümünə ağırlıq verməklə irəlilədim.

Qərardan daha çox proses, hadisələrin axını təsir etdi. Necə deyərlər, sənin planın nə olursa olsun, Allahın korrektələri o qədər ciddi olur ki, sən zaman keçdikcə olmaq istədiyin yox, Allahın harda görmək istədiyi olursan. Bu baxımdan da məmnunam... Azərbaycan uzun müddətdir ki, böyük neft yataqları sayəsində zəngin bir ölkəyə çevrilib. Bu ölkənin də mediasının imkanları indiki kimi olmamalıydı. Qlobal mənada Azərbaycan son 15-20 ildə daha böyük, güclü, qüdrətli media quruluşlarına malik ola bilərdi. Buna nail ola bilmədik... Halbuki böyük media quruluşları dövlətin, millətin gücü deməkdir. Məsələn, Türkiyədəki son 15 iyul 2016-cı il hadisələrini götürək. Türkiyəni böyük, güclü media xilas etdi. Bütün auditoriyanı, böyük Türkiyəni, onun kənarlarını əhatə edən media quruluşları olmasaydı, Türkiyə o vəziyyətdən çıxa bilməzdi. Sabah Azərbaycanın başına bir iş gəlsə, ölkənin bütün auditoriyasını əhatə etmək imkanları olan media quruluşlarına ehtiyac olacaq. Ölkəmizdə müəyyən televiziya quruluşları var. Lakin onların mexanizmi, sxemi, orda işləyən kadrların professionallığı və xəbərə münasibəti yerində deyil.

O baxımdan, biz gəldiyimiz bu nöqtədə mövcudluğumuzu qorumaq düsturuna riayət etməklə yanaşı, gələcəyi də düşünürük. Ki, biz necə edək, auditoriyanı artıraq, uca millətimizi daha çox əhatə edək. Bu baxımdan da yubileyini hər il müsahibələrlə qeyd etdiyimiz "Yeni Müsavat”ın fərqli məzmunda transformasiyasını etməyə məcburuq. Məsələn, onun veb, internet variantını yaratmışıq. Özü də bir deyil, bir neçə internet versiyasını. Ana məkan "Yeni Müsavat”dır, onun üzərində rus dilində minval.az saytı, musavat.com kimi nəhəng media portalları var. Musavatın rus dilində yayım yapan versiyası var... Biz o nöqtəyə gəlmişik ki, artıq böyümə problem deyil. Yayım, əvvəlki kimi, primitiv texnoloji imkanlarla həyata keçirilmir. Məhdud, dəyişilməz standartlar artıq arxada qalıb. Hər an yenilənə bilən xəbər istehsalı prosesinə keçid etmişik. Bu da Azərbaycan, onun haqq davası, Azərbaycan xəbər məkanı, hətta Azərbaycan insanının əylənməsi, öyrənməsi, maariflənməsi, düşünməsi, reklam alıb verməsi üçün böyük imkan yaradır.


- Bu illər ərzində "Yeni Müsavat” azadlıq adına xeyli addımlar atdı. Təsisçi yükündən qurtuldu, partiya qəzeti şinelindən çıxdı, müstəqil ofisə köçdü... Bütün bunlar azadlıq adına bir qəzetçi üçün nələr verir?


- Mənim müstəqillik adına atdığım addımlar var ha, bunu Azərbaycan müxalifəti də , iqtidarı da bir yerdə bizə işgəncə kimi yaşatdılar. Bu, o qədər ağrılı oldu ki. Tamamilə normal transformasiya prosesini mən həyata keçirə bilərdim. Amma az qala mənim hər addımım, manevrim üçün hesabat tələb olunurdu. Bir qəzet düşərgə, partiya qəzeti olma faktından - baxmayaraq ki, bu qəzeti, hər zaman faktiki olaraq mən idarə etmişəm, hər zaman da onun başında təsisçi olaraq demokrat İsa Qəmbər olub – bunu modernləşdirmək, yeniləmək, Azərbaycanın iqtidara da, müxalifətə də bağlı olmayan bir qəzetini yaratmaq çox çətin proses oldu. Çoxlu itkilərimiz oldu.

- Hansı mənada?

-Dəstək olası dostların bəziləri köstək oldular. Amma itki deyəndə qətiyyən qəzetin əməkdaşlarından ,oxucular arasından olan itkiləri nəzərdə tutmuram. Qəzetin, mənim dost çevrəmizdən, siyasətdə olan dostlar arasındakı itkiləri nəzərdə tuturam. Bunlar ağrılı şeylərdir. Amma çox şükürlər olsun ki, hər şey yerindədir. Kollektiv yerində, oxucu kütləsinin özünün də transformasiyası prosesi gedir. Biz əvvəl siyasətə, eləcə də bir düşərgənin başqasını tənqid və təhqirinə alışmış oxucu kütləsini xəbər, yenilik istəyən, dünyadan məlumat almaq istəyən oxucu kütləsi ilə əvəzləmişik.

-Yəni, oxucunun da tələbləri dəyişib artıq...

-Bəli, biz həm də auditoriyanı böyütdük. Bizi indi həm narazı, həm də iqtidar elektoratı oxuyur. Eyni zamanda Azərbaycanın daxilində, xaricində informasiya almaq imkanı olan hər kəs oxuyur. Hazırda dünyaya səpələnmiş azərbaycanlılar gündə bir neçə dəfə mobil telefonları ilə musavat.com saytını yeniləyirlər. Mən bunun şahidi olmuşam. Bu, böyük nəticədir. O cümlədən də bizim zəhmətimiz sayəsində rusdilli auditoriyaya da öz sözümüzü, səsimizi çatdırmaq üçün qurduğumuz minval.az saytı böyük uğurlara imza atıb. Onlar da 4 ildir ki, "Yeni Müsavat” və musavat.com-la irəliləyirlər.

-Oxuculardan danışaq. Onların tələbləri dəyişib dediz. Siz oxucularla daim aktiv ünsiyyətdəsiz. Onların dəyişən tələb və zövqlərini təqib edə bilirsiz. Bəziləri sevə-sevə oxuyur, bəziləri...

-(gülür) Söyə-söyə oxuyanlar da var. Azərbaycan oxucusunu təsnifləndirsək, onları tələblərinə görə qruplaşdırmaq mümkündür. Siyasi düşərgədən olan, öz partiyasından, həyatından, 20 ildən artıq bir müddətdə nəticəsizlikdən narazı bir kəsim hesab edir ki, "Yeni Müsavat”ı oxuyub, bütün dərdlərini unutmalıdır. Onun düşündüyü, amma dilinə gətirməyə qorxduğu sözləri yaşı 30-a yaxın olan müxbirlər yazmalı, söyləməli, onun da ürəyindən tikan çıxmalıdır. Bunu etmədiyimizi, etməyəcəyimizi bəyan edəndən sonra mesajımızı verdik ki, biz güzgüyük. Bunu sən edəcəksən, cənab müxalifətçi, bizsə xəbərini verəcəyik. İkinci qrup isə daha çox xəbər alan kəsimdir. Onlar anlayırlar ki, "Yeni Müsavat” yalan xəbərlər yaymır. Vicdanlı yanılma bütün qəzetçilərin fəaliyyətində ola bilər, amma yalan olma ehtimalı minimumdur. Başqa bir kateqoriya isə məmurlar ordusudur, 5-6 min minimal İP-dən saytımıza giriş edirlər. Elmlər Akademiyasındakı işçilərdən tutmuş, bütün nazirliklərdəki, dövlət orqanlarındakı, büdcə təşkilatlarındakı işçilərə qədər. 1-5-ci günlər saytlarımızda tiraj maksimum olur. Bir saniyə ərzində 4-5 min adam saytda olur. Onların da əksəriyyəti məmurlar, büdcə təşkilatlarında çalışanlardır. Bu şəxslər sadəcə nə baş verdiyini, tənqidi rakursu olan media orqanından xəbərləri almaq istəyirlər. Ölkəsinin, özünün, işlədiyi yerin, məmləkətinin taleyinə dair şərhləri görmək istəyənlər də bu kateqoriyadandır. Mühacirətdə olan oxucularımız da bir kateqoriyadandır. Azərbaycandan sonra ikinci yerdə Moskva, üçüncü yerdə Almaniya, sonra Türkiyə, ardınca isə Amerika və Avropa ölkələrindəki oxucularımız gəlir. Onların hamısını toparlayanda məlum olur ki, sevənlər də, sadəcə sakitcə oxuyanlar da, söyə-söyə oxuyanlar da bizi sevir, bizə bağlıdır, yaxşı mənada asılılıq yaranıb.

-Amma son bir neçə ildə dünyada çap mediasının bəzi nümunələri öz fəaliyyətini dayandırıb. Ölkədə də bu burulğana qoşulanlar var və hətta çoxları sizə də qəzeti qapatmaq təklifi verirlər. Sizin onlarla qəzeti yaşatmaq adına necə mübahisələrə girişdiyinizi görmüşəm deyə soruşuram – nədir bu "Yeni Müsavat” sevdasını bitirməmənizin səbəbi? Hər halda, sayt versiyasının uğurlarından, qət etdiyi məsafələrdən danışdız. O halda...?

- Bu 27 illik zaman böyük kapital qoyuluşudur. O 27 ilin bir hissəsi də sizdədir, bir hissəsi başqa əməkdaşlarda. Biz bu imzalarla bir yerdə qəzet çıxarmışıq. Dörd divar arasında, rahat şəkildə qəzetçiliklə məşğul olmamışıq. Mübarizədə, mücadilədə, az qala müharibə şəraitində vuruşaraq bir yerlərə gəlmişik. Bundan imtina olduqca çətindir. Üstəgəl, imtina lazım da deyil. Azərbaycan hökumətinin bir pozitiv məqamını söyləyim. Çap mediasına Azərbaycan prezidenti tərəfindən ciddi yardım edilir. Bəlkə də onlar da mənim kimi düşünürlər ki, bu, Azərbaycanın bu günü, tarixi, gələcəyi baxımdan çox mühümdür. Bəlkə də yox, sadəcə dəstək verirlər. Hər nədirsə, bu, çap mediasının Azərbaycanda qorunması baxımdan çox önəmli bir faktordur. Bir menecer olaraq hazırda "Yeni Müsavat” qəzeti mənə mənfi saldo gətirir, xərc aparır. Dövlətin, KİVDF-nin dəstəyi olmasaydı, biz yola davam etsək də, çox əziyyət çəkərdik. Amma dünyada bu tendensiya var. Çap mediası zəifləyir. Elektron mediasının o qədər üstünlükləri var ki, müqayisədə heç sıraya belə dayanmırlar. Amma buna baxmayaraq, bu ənənəni qırmaq istəmirik, bir yolunu tapmaq istəyirik. Sinerji olaraq. Həm çap mediası paralel davam etsin, həm də elektron versiyası. Amma necə edək ki, onlar paralel şəkildə inkişaf etsinlər və bir-birinə mane olmasınlar....


-Qızıl ortanı, düsturu tapmısız deyəsən...

-Tapmışam deyə davam edirəm. Amma bu müvəqqəti tapıntıdır, çox davam edə bilməz. Mən bunun qalıcı bir yolunu bulacam. "Yeni Müsavat” qəzetinin öz fəaliyyətini davam etməsi, eyni zamanda saytlara mane olmaması baxımdan yeni bir üsul tapmalıyıq.

-Necə düşünürsüz, "Yeni Müsavat” Azərbaycanda yox, inkişaf etmiş bir Avropa ölkəsində olsaydı, indi hansı mərtəbədə, hansı yerdə olardı? Siz son illər inkişaf adına etdiyiniz çabalardan, getdiyiniz yoldan danışanda ağlıma gəldi... Bütün bunlar, uğur qazanmaq adına atılan addımlar öncül bir ölkədə olsaydı...?

-Bu sualın mahiyyətini iki yerə ayırıb, cavab vermək istərdim. Gerçəkçi olsaq, Amerikada olsaydı, köydən gəlmiş, 22 yaşlı bir oğlan və onun başında olan 5-6 könüllü döyüşçü qəzet yarada bilməzdi. Çünki orada oturuşmuş qəzetlər var. Bazar da tuta bilməzdi. Çünki orda bazar çoxdan tutulub. O baxımdan məhz Azərbaycan kimi ölkədə bu həyəcanı, aksionu yaşamaq, sıfırdan nəsə yaratmaq mümkün idi. Lakin sualın mahiyyətinin üst mərtəbəsi başqadır. Amerika, Avropa, Türkiyə kimi ölkələrdə birinci sırada olan qəzetlərin durumu necədir, Azərbaycanın ilk sırasında olan qəzetin durumu nə yerdədir? Məsələn, Türkiyənin bir nömrəli qəzeti "Hüriyyet” qəzetinin bizim Prezident Aparatından daha böyük binası var, üzərində də vertolyot meydançası. Təcili olanda, çəkilişlərə vertolyotla gedirlər. Onların milyardlıq büdcələri, televiziyaları və sairləri var.

Amerikada da "Vaşinqton Post”un veb versiyasının 930 əməkdaşı var. Mən orda olmuşam, o heyrəti yaşamışam. Biz də o standartlarla, öz ölkəsinin birincisi olmaqla çalışırıq. Amma öz ölkəsinin birincisi olan digər dünya ölkələri ilə müqayisədə biz çox kasıbıq. Ona görə yox ki, biz çox fərasətsizik. Əksinə, çox fərasətliyik. Heç nədən bir şey yaradıb, bu mərtəbəyə gətirdik. Sadəcə olaraq, bizim qazanmaq imkanlarımız məhduddur. Bu, Azərbaycan iqtidarının da, müxalifətinin də mediaya qısqanc, sahiblənmə münasibətindən doğur. Mən indiki anda da Azərbaycanda da ən böyük paraları qazana bilən media quruluşunun rəhbəri ola bilərəm. Bir az azadlıq, bir qədər iqtisadi islahatlar, "Reklam haqqında” qanunun dəyişikliyi və "Yeni Müsavat” brendinin gətirdiyi antibiznes əhvalının dəyişməsi imkan verər ki, mən burda əməkdaşlarıma böyük paralar verim. Siz elə bilirsiz ki, Amerikadakı jurnalistlər böyük para alırlar? Ən yaxşı halda, ayda 5 min dollar maaş alırlar. Sadəcə orda vergi və kredit sistemi o qədər mükəmməldir ki, 5 min dollar maaşı olan jurnalist bizdəki 5 milyon dolları olan insandan daha yaxşı yaşayır. Mən burdakı şərtlər dəyişərsə, öz əməkdaşlarıma 5 min dollar verə bilərəm.


- Bəy, hesab edək ki, "Yeni Müsavat” 27 yaşlı çılğın bir gəncdir. Bu gəncə hansı səhvini bağışlamaq, hansı uğurunu isə yaşından böyük uğur hesab etmək olar?

-Bir az fəlsəfi sualdır. "Yeni Müsavat” mənəm. Rauf Arifoğlu+27. Bu isə o qədər də gənc yaş sayılmaz. 27 yaş qəzetlər üçün o qədər də gənc yaş deyil. 3 yaşa qədər qəzetlərin yaşı gənc hesab olunur. 3 yaşdan sonra oturuşmuş, olğunlaşmış yaş sayılır. Bizim kimi ölkələrdə qəzetlərin çox nadirən ömürləri uzun olur. Dünya çapında olan media qurumlarının 100-150 il ömürləri olur. Azərbaycan şərtlərində də bir qəzetin ömrünün 27 olması rastlanmayan bir hadisədir. Ona görə də "Yeni Müsavat”ın yaşından böyük uğuru onun bu qədər yaşamasıdır. Azərbaycan şərtlərində bir neçə prezident, kabinet dəyişib, ölkənin bir hissəsi işğal olunub. Bu kataklizmlərdən çıxmış media orqanını da təbrik etmək lazımdır ki, bu qədər yaşınız var. Eyni zamanda da onun da səhvləri var. O da vicdanlı yanılma statusundadır. Biz bəzən bilməyərəkdən, bəzən təcrübəsizlikdən, xəbərdə də, onun yayımında da siyasi səhvlərə yol vermişik. Başımızdan böyük addımlar atmışıq. Qərb ölkələrindəki heç bir media meneceri bunu etməməlidir, etməzdi.

-Bu, çılğınlıqdır?

-Çılğınlıq deyil, qəzeti və media quruluşunu siyasətə və siyasi təlatümə daha çox atmaq, bu böyüklükdə media quruluşu ilə risk etmə cəhdidir. Bu, olmamalıdı, bunun əksi olmalıdır. Qəzetlər siyasi təlatümlərdən, siyasi gedişlərdən, iqtidarlardan üst qurumdur. Onun üstündə əsmək lazımdır. Siyasi azadlıqlar çox sonra gəlir. Fundamental azadlığın əsas göstəricisi olan söz azadlığı varsa, digər azadlıqlar da olacaq. O baxımdan o səhvləri mən bilirəm. Zamanı gəlincə, onu kitabda qeyd edəcəm. Hansı məqamlarda hansı strateji səhvlərə yol verildi... Nələri etsəydim, Azərbaycan mediası indikindən daha yaxşı vəziyyətdə olardı. Bunu iddia ilə deyirəm, bir mərhələ var idi ki, ölkə mediasının taleyi mənim davranış, addım və qərarlarımdan asılı idi.

-Bəs, nə oldu o məqamda?

- Onu kitabda açıqlayacam. Ya da gələn il, 28 yaşımızın tamamında. İllər davam edir, Allah ömür versin, qəzetimizə də davam edək. Bir daha qəzeti sevən, onu oxuyan hər kəsi təbrik edirəm. Qəzet oxumaq gözəl şeydir, şriftlə məlumat almaq da həmçinin. Bu üsulla məlumat almaq qulaqla məlumat almaqdan daha intellektual üsuldur. Buna malik olan insanlar xoşbəxtdirlər.