adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Bu, Qulu Ağsəsdir...

VAQİF YUSİFLİ
36330 | 2016-11-05 09:25
Yaşamaq!
-Dünyanın ən zor işi!
Yaşamaq!
-İrəli qovaraq keçmişi
Fəqət
İstəyirəm əcəl gələndə
Qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
Sevgilim yuxudan oyanmasın...

Bu misralar Qulu Ağsəsindir. Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir Qulu. Şeirlərində o dünyadan, axirətdən söz açan Qulu yaşamağın bu dünyada zor iş olduğunu söyləyir. Yazır ki, "özümü hər an axirət anına hazırlayıram - başımı bulamaqla, çiynimi çəkməməklə məşq edirəm".
Qulu Ağsəs ədəbi prosesdə fəal iştirak etsə də, şeirlərini kitab halında çap etdirməyə o qədər həvəsli deyil. "Sənsən hər yer" kitabından sonra (2002) mətbuatda bir sıra silsilə şeirləri çap olunub. 47 yaşlı şairin vur-tut bircə şeir kitabının çap olunmağı indiki dövrdə təəccüblə qarşılana bilər. Amma Qulu özü həm az yazır, həm də o şeirə vicdan işi kimi baxır. Əslində, şairliyin "təsdiqi" üçün heç kitab çap elətdirmək də lazım deyil.
Tənqidçi Bayram Əvəzoğlu vardı, vaxtilə Qulu Ağsəs və onun şeirləri barədə belə yazmışdı: "Hazırkı məqamda onun şeir yaradıcılığı iki müxtəlif qaynağa söykənir: klassik - milli və modern - qeyri-milli. Gümana görə, gənc şairin əsl yaradıcılıq yolu məhz bu iki qaynağın (istiqamətin meylin) vəhdətindən yaranmalıdı, yəni klassik nəfəs modern - Ağ nəfəslə qaynayıb - qovuşmalı və bu möhkəm vəhdət ədəbiyyat tariximizə Qulu Ağsəs üslubunu gətirməlidi..."
Amma Qulunun şeirlərinə tamam başqa nöqtədən yanaşmaq lazımdır... Qulunun şeirləri müasir şeirlərdir, elə hesab edirəm, Azərbaycan şeirinin yaxşı mənada son durumunu ifadə edən məqamlardan biridir. Doğrudur, Qulunun şeirlərində klassik-milli örnəklərə bağlılıq güclüdür. Amma Qulu həm də modern şairdir. Bu təyinatlarsız da keçinmək olardı. Nazim Hikmət təxminən belə bir söz söyləyib: "İstər qışqır, istər pıçılda, istərsə də fəryad çək. İstər qırıq-qırıq yaz, istər hamar yaz... nədən yazırsa-yaz, təki yazacağın şeir olsun". Qulu Ağsəs də ortaya şeir qoymağı, ürək dililə danışmağı bacaran şairdir. Onun şeirini oxuyandan sonra nəsə istiqamətini də müəyyənləşdirmək olar. Axı, söhbət şairdən gedirsə, o, təkcə şeir yazmır, həm də dünya poeziyasını, klassik və müasir poeziyasını mütaliə edir, təbii ki, təsirlənir də. Amma hər halda, söhbət ilk növbədə, onun yazacağı şeirin bədii səviyyəsindən getməlidir.
Qulu o şairlərdəndir ki, özü ilə Dünya arasında harmoniya axtarır, daxilindəki dünya ilə böyük Dünya arasında vəhdətə can atır. Amma təbii ki, hələ bu vaxtacan heç bir şair bu harmoniya və vəhdətə nail ola bilməyib. Qulu da elə.

Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
allahsız, imansız,
Mən çəkən dərdlər.

Nə ət deyil,
nə siqaret
Deyəsən çəkildi, qurtardı.
...Dünya, Tale, Tanrı deyilən
Nə var hamısı günahkardı -
Mən çəkən dərdlərə...

Təbii ki, Qulu Ağsəsin dünyasında böyük Dünyanın yaratdığı təlatümlər, fırtınalar, kəskin izlər təsirsiz deyil. Amma bu böyük Dünya anlayışı mücərrəd deyil, o anlayışda adi bir koldan, nərgiz çiçəyindən tutmuş müharibələrə qədər, sevgidən tutmuş köksü şəhid qəbiristanlığa dönmüş Vətənə qədər hər şey var.
Qulu üçün dünyada nə varsa ya sirdi, möcüzədi, ya da adi nəsnələr. O, sirrin-möcüzənin adiliyinə, adiliyin sirrinə-möcüzəsinə can atır.

Yad şəhər...
Bir yanda
ağlar məhəlləsi:
Tanış balkonu
doğum evinə göndərməyə hazırlaşır
gecə serenadası.
Bir yanda
qaralar məhəlləsi:
Milli Qəhrəmanın
xatirə lövhəsi altında
dilənən qadın duası: -
...Yalandı!
Yalandı!
Dünyaya ən şirin şey
Vətən deyil,
Dünyada ən şirin şey
İnsandı...

Dünyada ən şirin şey Vətən deyilsə, dünyada ən şirin şey insandısa...
Qulu ideal insan modelini yaratmaqdan imtina edir. Belə bir insan yoxdur. İnsan aləmi çeşid-çeşiddir. Və Qulu bu mürəkkəb insan aləminin seyirçisi deyil, o, insan hisslərinin, duyğularının sözlə rəsmini çəkməyə can atır. Onun şeirlərinin hamısı bütövlükdə qırıq-qırıq, kəsik-kəsik cizgilərin sərgisidir. Hisslərin, duyğuların rəngi də çoxçalarlıdır.
Hər hansı bir şair bir az filosofluq etməyi sevir. Qulu da hakəza. Amma unudulur ki, poeziyada ifadə olunan gerçəklik fəlsəfədə izhar olunan gerçəklik qanunlarından daha səmimidir. Çünki fəlsəfə hissdən, duyğudan, ürək yaşantılarından məhrumdur, poeziya isə həyatı bütün gözəlliləri və naqislikləri ilə sənətə gətirir. Məncə, heç bir filosof deməz:

Quş quşla ötmür, balası,
Şair şairlə dilləşmir.
Quş budaqda oxuyur,
Şair varaqda.

Qadına yalan danışmazlar,
Həqiqət kişidi, səhv eləmirəmsə
Əlbəttə, kişi lazımdı qadına.

Kişiyə gerçəyi deməzlər,
Yalan qadına oxşar daha çox.
Ona görə hər kişinin ürəyindən
Baxmaq keçər yalanın dadına...

Bizcə, Qulu Ağsəs həyatı, içindəki dünyanı və böyük dünyanı cizgilər, ştrixlər və fraqmentlər kimi təsvir etməyi sevir. Bəzən bir görünüş, bir təbiət lövhəsi, içini yandıran və sərinlədən bir duyğu Qulunu həyəcana gətirir.

Çöldə istidi
Evə qaçırsan.
İçəri od tutub yanır
Pəncərəni açırsan;
Çölün istisi
içərinin istisini
soyudur.
Evli adamın sevgisi
Təxminən bu boydadır -
budur!

İstəməzdik ki, bu yazıda Qulu Ağsəsin şeirlərini klassik sovet tənqidinə olduğu kimi mövzulara bölək. Deyək ki, Qulu hansı mövzuda daha çox özünü təsdiq edir. Zənnimcə, Qulu heç bir şeirində həyatın, zamanın diktəsi və sifarişilə, ya hansı bir ideologiyanın təsirilə diqqəti cəlb etməyib. Şairin şeirlərində zaman və həyat, dünya və gerçəklik onun özündən asılı olmayaraq yaşayır. Qulu ənənəvi mövzulara tamam fərqli yanaşmağı bacarır. Tənqidçi Rüstəm Kamal yazır: "Son 10-15 ildə poeziyamızda ölüm mövzusunun bayağılaşması, ontoloji mənadan məhrum olması prosesi gedir. Ölüm fəlsəfi kateqoriya kimi deyil, mənasız, profan bir nəsnənin adı kimi poetik kontestə salınır, nəzmə çəkilir. Qulu Ağsəsdə ölüm intim hadisə kimi yaşanılır. Ölüm dərk olunan, yaşanılan yoxluqdur".

Bax, indi ölməyin əsil vaxtıdı,
Dediyin "sevirəm" sözündən ayna.
Gəldiyin yollara sonucu mənəm,
Keçib gedəmməzsən özündən ayna.

Sözlər də nazımnan oynayır daha,
Qələmin əlində yesir vaxtıdı.
-Tanrım, xoşbəxtliyə mənmi ürcaham?
Bax, indi ölməyin əsil vaxtıdı!

Qulu Ağsəsin "Yabran novellası" kitabında onun publisistik məqalələri və esseləri toplanıb. O, bu janrlarda da təzə söz deyə bilir. Qulunun bu yazıları əsasən ədəbiyyat, söz və yazıçılar haqqındadı. Anar, İsa Muğanna, Fikrət Qoca, Əkrəm Əylisli, Mövlud Süleymankı, Vaqif Bayatlı Odər, Vaqif Yusifli haqqında maraqlı fikirlər söyləyir. Bəzi misallar gətirək: "Fikrət Qocanın şeirləri səssiz şeirlərdi, hətta onun ən populyar və ən "ritorik" şeiri olan:

Biri qoçaq olub -
mərd olub,
biri qaçaq olub -
mərd olub...
Bəs bu namərdlər hardandı?
Bax, bu mənə dərd olub...

"Babalarım"ın da səs tembri uzaqbaşı dərindən köks ötürməkdən yuxarı qalxmır".
Yaxud: "Mövlud Süleymanlı "təmiz" kəndli deyil - o, suya, torpağa, zəmiyə, uraya, çəpərə, ota, maka, heyvana... bulaşıb. "Təmiz" kəndli torpağın üstündə yaşayıb torpağa əyilməyən adamdı".
Qulu Ağsəs gənclərin ədəbi meydanı - "Ulduz" dərgisinin baş redaktorudur. Gənc ədəbi qüvvələrin yetişməsində köməyini, qayğısını əsirgəmir...


TƏQVİM / ARXİV