O YAZ YAĞIŞI...

FAİQ QİSMƏTOĞLU
67951 | 2016-11-05 09:10
...Çiçəklərin üstünə yağan yaz yağışından sanki çiçəklər üşüyürdü. Ürəyimdən keçirdi ki, bir şey olaydı, o çiçəklərin üstünə ataydım və çiçəklər üşüməyəydi. Amma Allah hər şeyi yoluna qoydu. Yağış kəsdi, gün çıxdı. Və çiçəklər yavaş-yavaş isinməyə başladı. Bir də yağış yağdı və bir də gün çıxdı. İstədim ləçəklərində su olan o çiçəkləri bağrıma basıb öpüm. Elə öpdüm də. Yadıma istedadlı şair Vahid Əzizin bu misraları düşdü:

Çiçəkləri öpdüyümü küləklər
Qaçıb yara bildirməsə yaxşıdı...

... Şeirin arxası yadımda deyil. Ancaq yadımda olan odur ki, 1982-ci ilin aprelin 1-i mən Radiozavoda çoxtirajlı "İmpuls" qəzetində işə çıxmaqla bağlı əmr almışdım. Həmin əmri də zavodun partiya komitəsinin katibi Telman müəllimin köməkliyi nəticəsində əldə eləyə bilmişdim. Çünki Telman müəllim olmasaydı, çətin ki, Kamal Ramazanoviç əmrimi verəydi. O vaxtlar "İmpuls" qəzetinin redaktoru İdris Hacızadə başqa işə keçdiyinə görə, orda yer boşalmışdı. Məni də həmin xəbəri yaxın dostlarım, istedadlı şairlər Vaqif Bəhmənli və Ağacəfər Həsənli çatdırmışdılar. Elə onların xeyir-duası ilə həmin qəzetdə işə başladım...
Qəzetin redaktoru Elmira Salmanovaydı. Rus dilində çıxan nəşrin redaktoru isə Vialetta Strekalovaydı. Onun bir erməni müxbiri də vardı. Heç kimlə yola getmirdi. Mən işə başlayanda bir neçə dəfə söz atdı, sataşmaq istədi. Ancaq fikir vermədim. Hətta radio verilişlərinin redaktoru, quzu kimi yazıq Valentin Çaplıqinə də bu erməni qızı gün verib işıq vermirdi. Bir neçə ildən sonra o çıxıb getdi və bundan sonra biz rahat nəfəs aldıq...
Zavod hərbi müəssisə olduğuna görə, iş rejimi çox ciddi idi. Yəni biz vaxtından tez harasa getmək istəyəndə mütləq direktor müavinindən "uvalnitelni" almalıydıq. İş saat 8-də başlayıb saat 4-də bitirdi. Bir dəqiqə geciksəydin içəri keçə bilməzdin. Bax, belə ciddi rejimli bir müəssisədə qəzet çıxarırdıq. Bir-iki dəfə də partkoma dedik ki, bu rejimin bizə nə dəxli var? Biz ki, dəzgah, konveyer arxasında çalışmırıq ki. qəzet buraxırıq, qəzetçilərə də azadlıq və sərbəstlik lazımdır.
Partkomumuz Azad Manaflı dedi ki, belə işləri yada salıb özünüzü dolaşığa salmayın. Bura hərbi zavoddur və bir rejimə də qulluq eləyir. Zavodun direktoru Kamal Ramazanoviç də parkomla yola getmirdi. Çünki partiya komitəsinin katibi Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri işləmirdi. Onu işdən "vurub" zavoda göndərmişdilər. Haqsızlığa da dözmürdü. Kamal Ramazanoviç də ümumiyyətlə bizim milləti çox sevmirdi. Onun oturub-durduğu adamların əksəriyyəti ermənilər və qeyri-millətlər idi. Bizi görəndə onu sanki allergiya tuturdu.
... Günlərin bir günü rus redaksiyasına bir oğlan gəldi: boylu-buxunlu, hündür və son dərəcə enerjili. Tanışlıqdan sonra məlum oldu ki, bu Emin Eminbəylidir. O bir müddət əvvəl hansısa mehmanxanada (onun diliylə demiş olsaq bibxanada) adminstrator işləmişdi. Hiss olunurdu ki, qəzet işindən xəbərsizdi. Rus dilini bilməyə-bilməyə rus bölməsində müxbir işləyirdi. Çox səmimi, zarafatcıl və şən oğlan idi Emin. Belələrinə qarabağlılar "itoynadan" deyirlər. Mən həddindən artıq ciddi, o isə duzlu, məzəli, zarafatcıl bir oğlan. Bir müddət keçdi, başqa bir oğlan da gəldi. O da Azərbaycan şöbəsində işləməyə başladı. Oğlanın da adı Yaqub Babayev idi. Kürdəmir Rayon Partiya Komitəsində işləmişdi. Bakıya gəlmişdi ki, özünə karyera qursun...
Bizə radiozavoda çoxları "üç müşkatyor" deyirdilər. Çünki hara gedirdik bir yerdə olurduq. Emin həddindən artıq məsuliyyətsiz adam idi. Amma buna baxmayaraq, riski çox sevirdi və istənilən işə qol qoyurdu və bu iş də həmişə alınırdı. Günlərin bir günü Vika məzuniyyətə çıxdı. Emin də onu əvəz eləməli oldu. O da gözünü yümub ağ kağıza qol çəkirdi. Deyirdi ki, onsuz da rus dilini yaxşı bilmirəm. Guya oxusam nə olacaq? Vika gedəndən üç gün sonra qəzeti Yaqub Babayevə tapşırıb özü də harasa ongünlüyə gəzməyə getdi...
Eminin yazılarının hamısını xalası oğlu Adilin rəhmətlik həyat yoldaşı yazardı. Ona görə də o məqalədə adı çəkilən əmək qabaqcıllarının əksəriyyətinin adını və soyadını Adil müəllim indi də əzbər bilir: Boris Qodunov, Viktor Babinkov, Anatoli Fralov, Mehdi Əliquliyev, İsa Musayev, Suqra Əzimova... Eşitdiyimizə görə, 85 yaşlı Anatoli Fralov bu gün də həmin müəssisədə işləyir...
Axı dedim Emin çox maraqlı oğlan idi və indi də maraqlı oğlandı. Bizdə çox işləmədi. Deyirdi ki, Paşanın köməkliyi ilə müəssisələrdən birində Komsomol komitəsinin katibi olacam. Bu iş alınmadı, amma bir də eşitdim ki, Emin "Bakı" və "Baku" axşam qəzetlərində müxbir vəzifəsinə işə düzəlib. Ümumiyyətlə, o hara getsəydi, üzünə qapılar həmişə taybatay açılardı. O mən idim ki, dənizə də getsəm, dəniz quruyardı. Yaqub Babayev də ondan bir il sonra "Sovet kəndi"nə işə düzəldi...
Bircə mən qaldım radio zavodda. Bir gün Emin üçüncü mərtəbədə otağımızda olarkən peşə məktəbinin 75 yaşlı müəllimi Qüdrət Həbiboviç redaksiyamıza gəldi. Başladı o ki, var bizi yıxıb-sürüməyə. Hətta Eminin redaktoru Vikanın da ünvanına nalayiq söz dedi. Emin də buna dözməyib ona hücum çəkdi. Əgər mən olmasaydım bəlkə də Emin əsəblərini cilovlaya bilməyib Qüdrət Həbiboviçi vurub öldürmüşdü. İndi də o vaxtları yada salanda Emin deyir ki, tüklərim biz-biz olur. Əgər sən olmasaydın, mən Qüdrət müəllimi öldürmüşdüm, özümü də tutmuşdular. Nə yaxşı ki, o vaxt araya girdin.
... Bir dəfə də möhkəm yağış yağırdı. Emin, mən və Yaqub yeni binanın 6-cı mərtəbəsində pəncərədən yağan yağışa baxırdıq. Dedik ki, birimiz gedib "uvalnitelni" alaq, bu yağışda burda oturmaqdansa çıxıb gedək şəhərə. Nə Emin tərpəndi, nə də mən. Yaqub da dedi ki, onda bir şey verin, mən gedim "uvalnitelni" alım. Biz də nəsə ona verdik, o da gedib "uvalnitelni" aldı və biz şəhərə getdik. Həmin günü dənizkənarı bulvarda yağışı vecimizə almadan gəzdik, dincəldik və ürəyimiz istədiyi kefi çəkdik...
Bayaq dedim axı, işimiz səhər saat 8-də başlayırdı. Amma Eminlə Yaqub saat 7-də gələr, zavodun idman zalında Kamal Ramazanoviç və digərləri ilə futbol oynayar, sonra da işə başlayırdılar. Mən də onlara baxıb qibtə eləyərdim. Ancaq bir dəfə mən də səhər-səhər onlarla futbol oynadım. Gördüm ki, adama ləzzət eləyir...
Elə anlar, elə dəqiqələr, elə saatlar və elə günlər var ki, o insan ömrünə qızıl hərflərlə yazılır. Bu anlar da mənim ömrümə qızıl hərflərlə yazılıb. Bir gün zavod qəzetlərinin əməkdaşlarını raykoma çağırdılar. Dedilər ki, Qureyviçev sizinlə söhbət eləmək istəyir. Bu xəbəri eşidən digər çoxtirajlı qəzetdə çalışan rəhmətlik şair Arif Qəlbi bərk əsəbləşdi və dedi ki, Qureyviç çağırmır, lap onun dədəsi çağırsın, mən ora gedib-eləyən deyiləm...
... O illərdən bizi uzun zaman məsafəsi ayırır. İndi Yaqub Babayev Almaniyanın Nürünberq şəhərində yaşayır. Düz 16 ildir ailəsi ilə, balaları ilə orda özünə həyat qurub. Emin Eminbəyli isə böyük bizneslə məşğuldur. Elə içərilərində ən acizi və zəifi mən çıxdım. Çünki ömrümü qəzetə bağladım və burda da hələ ki, bir şey əldə eləyə bilməmişəm. Mən naşükür adam deyiləm ha, buna da şükür. Öz sənətimdən, peşəmdən ləzzət alıram. Kimsə deyəndə ki, sənin filan yazını oxumuşam, mənə zövq verib, bax, bu mənim üçün ən böyük mükafatdır. Sanki bir gün yazı yazdırmayanda elə bil dünya uçur və mən də o dünyanın altında qalıram. Hər halda, indi dünyanın işığının içindəyəm və bu dünyanın işığı inanıram ki, nə vaxtsa mənim öz istəyimə, arzuma və məqsədimə qovuşduracaq...

TƏQVİM / ARXİV