adalet.az header logo
  • Bakı 16°C

Aqil ABBAS: MƏMMƏD BƏY CAVANŞİR ANASINI NİYƏ ÖLDÜRMÜŞDÜ?

AQİL ABBAS
88333 | 2016-11-02 14:32

Qadına qarşızorakılıq, təkcə zorakılıq yox, həm də öldürülməsi ilə bağlı həm saytlarda, həmdə sosial şəbəkələrdə geniş müzakirələr gedir. Təbii ki, ictimai qınaqla bunun qarşısını almaqmümkün deyil, çünki belələri ictimaiyyətə yad olduğundan ictimai qınaq da onların heç vecinədə deyil. Mənim fikrimcə, bu hallara qarşıqanun daha da sərtləşdirilməlidir.

Mövzum bu deyil.Həmin sosial şəbəkələrdəki müzakirələrdə Cahandar ağa və Məmməd bəy Cavanşir Batmanqılıncla bağlı fikirlərədə rast gəldim. Bildiyiniz kimi, əsərdə Cahandar ağa öz bacısını öldürür. Görkəmliyazıçımız İsmayıl Şıxlı Cahandar ağa kimi möhtəşəm bir Azərbaycan kişisi obrazıyaradıb. Və o qədər möhtəşəm ki, oxucu Cahandar ağanın başqasının arvadını qaçırmağını da, bacısını öldürməyinidə bağışlayır. Əslində Cahandar ağa tarixdəolmuş bir şəxsiyyətdi, İsmayıl Şıxlının da babasıdı və ruslarla döyüşdə həlak olub. Yəni ruslara boyun əyməyi şəxsiyyətinəsığışdırmayıb. Və Azərbaycanda da Cahandarağa artıq bir mifə çevrilib və onu tanımayanyoxdu. Bu da yazıçının dahiliyindən irəligəlir.

Bəs, Məmməd bəyCavanşir kimdi? Xalqımız Məmməd bəy Cavanşir haqqında bilgilərə o qədər də malikdeyil. Onu əsasən tarixçilər tanıyır və birdə tarixlə maraqlananlar. Adı «Qarabağnamə»lərdəçox çəkilir, bir-iki də bədii əsərdə. Molla Pənah Vaqif də ona şeir həsr edib. Hərçənd ki, Molla Pənah Vaqifində oğlunun başını sonralar Məmməd bəy Cavanşir kəsdirmişdi. Məmməd bəy Cavanşir də Qarabağdabir mifə çevrilib, özü də Batmanqılınc ləqəbi ilə.

Niyə Batmanqılınc?Əvvəla, Məmməd bəy Cavanşir Qarabağın ikinci xanı Mehralı xanın oğludu və Pənahxanın nəvəsidi. İbrahim xan zamanında Qarabağ qoşunlarının sərkərdəsi olub. Bugünki dillə desək, müdafiə naziri. Döyüşdə qalxan götürməzmiş, özü də iki qılınclavuruşarmış. Qılınclar da çox ağır olduğundanmənim kimilər o qılıncı götürə bilməzmiş, yəni hərəsi bir batman. Ona görə də xalq arasında onaBatmanqılınc deyirmişlər.

Onu da deyimki, Məmməd bəy Həmidə xanım Cavanşirin (Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı) ulu babasıdı.

Şahlar şahı Ağa Məhəmməd şah Qacarın Qarabağa hər iki yürüşündə Məmməd bəy öz qoşunu ilə Qacarla döyüşəçıxır və təbii ki, hər iki döyüşdə də Qacara məğlub olur. Çünki əvvəla Qacarla böyük-böyük dövlətlər döşləşəbilmirdi, onda ki hansısa bir Qarabağ xanlığı. Və həm də Məmməd bəyi nə qədər sevsəmdə, nə qədər onunla fəxr etsəm də, o, Qacarın önündə hər bir cəhətdən zəif idi. Təkcə döyüş qabiliyyətindənbaşqa.

Tarixçilər yekə-yekəyazırlar ki, Qacar Şuşanı 33 gün mühasirədəsaxladı, ala bilmədi. Mənasız Azərbaycan nağıllarından biri. Qacar öz xalqını qırmayacaqdı ki. Gəlmişdi ölkəni parçalayan, qoşun çəkib bir-birini qıran özündənrazıxanların, eləcə də İbrahim xanın qulağınıçəkməyə.

Pah atonnan,Şuşanı 33 gün mühasirədə saxladı, ala bilmədi! Amma səhər-səhər Tiflisə hücum elədi (Gürcüstan da Qacarın əyalətlərindənbiri idi və gürcü çarı da yekəbaşlıq edirdi), günorta namazını Şah Abbas məscidində qıldı, gürcü çarı, deyəsən adı İrakliydi, qaçıb meşələrdə gizləndi.Və ordan bir də qayıtdı Şuşa qalasına, dedi sizi Tiflisin gününə salaram, dərhalqapıları açdılar.

Mən Qarabağınhəmin dövrü ilə bağlı «Batmanqılınc» romanıyazmışam, əsərimin qəhrəmanları da iki Məhəmməddi: Məmməd bəy Cavanşir Batmanqılıncvə Ağa Məhəmməd şah Qacar. Əsərin əsas qəhrəmanı Məmməd bəy Cavanşir olsa da, üstünlüyü Qacaravermişəm. Səbəbini də yuxarıda qeyd elədim.

Mənim əsəriməqədər Qacarı həm tarixçilər, həm də yazarlar mənfi bir şəxsiyyət kimi təqdim edirdilər.Yalnız Əbdürrəhim bəy Haqverdiyev «Ağa Məhəmməd şah Qacar» pyesində Qacarımüsbət qəhrəman kimi təqdim eləmişdi.

Hətta Yusif VəzirÇəmənzəminli kimi bir əjdaha da «Qan içində» romanında Qacarı cılız, burnundan selikaxan, qarabağlıların dili ilə desək, bir dəmşalaq kimi təqdim edib. Çəmənzəminlini qınayabilmərəm, çünki elə bir zamanda romanı yazmışdı ki, ürəyindəkiləri deyə bilməzdi.Asardılar, necə ki sonra asdılar.

Qacar Şuşayadaxil olandan sonra cəmi altı adamın edamınahökm vermişdi, onun da biri Məmməd bəy Cavanşir idi. Onu da qeyd edim ki,gecə xaincəsinə Qacarı öldürənlər əvvəlcə Məmməd bəyin yanına gəlirlər ki, gedəkQacarı yatdığı yerdə öldürək. Amma Məmməd bəy onları qovmuşdu ki, mən kimisə xaincəsinəöldürə bilmərəm, bu mənim kişiliyimə yaraşmaz. Amma onların kişiliyinə yaraşdı,getdilər Qacarı öldürdülər, ölkəni virangünə qoydular, ondan sonra da Rusiyanın Azərbaycanı işğalı başladı. Düzdür, öldürənlər də layiqli cəzalarınıaldılar.

Mən bir balaca sizi həmin tarixə aparmaq istədim. Çalışacam ki, yaxın nömrələrdə«Batmanqılınc» romanını hissə-hissə qəzetimizdədərc edim və çəkdiyimiz müsibətlərlə bir dahayaxından tanış olasınız.

Və nəhayət, gələk Məmməd bəy Cavanşirinanasını öldürməsinə. Məmməd bəy anasını öldürəndə 14 yaşı vardı. Dəliqanlı bir xan nəvəsi idi.

Pənah xandan sonra Məmməd bəyin atası Mehralı xanı Qarabağa xan təyin etmişdilər.Lakin sonra Pənah xan Şaha deyir ki, Mehralı xanı İbrahim xanla əvəz etsin.Səbəb də o idi ki, Mehralı xan çox kövrək, ürəyiyumşaq bir şəxiyyət idi,idarəçiliyi də zəif idi. Amma İbrahim xan böyük qardaşından tamamilə fərqli idi.

Mehralı xan hakimiyyəti qardaşına təhvil verəndən sonra təbii ki, incik düşürvə yenir dədə-baba yurdları Bayata. Bu vaxt Şamaxı xanı onu qonaq çağırır və namərdcəsinəAğsuda yemək-içməkdən sonra öldürdür. Güngələcəkdi Məmməd bəy qoşununu Şamaxıya çəkəcəkdi, Şamaxı xanının beş oğlunu gözününqabağında edam etdirəcəkdi, özünün də gözləriniçıxaracaqdı ki: «Mən atasızlığın nə olduğunu çəkdiyim kimi, atamın dağını çəkdiyim kimi, səndə get oğul dağı çək».

Yuxarıda qeyd etdik ki, Mehralı xan öldürüləndə Məmməd bəyin 14 yaşı vardı. O vaxtın da, bəzən elə indinində murdar cəhətlərindən biri o idi ki, qardaş öləndə onun arvadınıqardaşı alırdı. Müsəlmanlığın ən böyük eyiblərindəndi.

İbrahim xan da qardaşının arvadınıalmaq istəyir, arvad da razılaşır.

Məmməd bəy evə gələndə görür ki, xanımlaryığışıb anasının başına, anası da güzgününqabağında sığallanır. Soruşur ki, nə məsələdi, anası da deyir ki, bəs əmin mənə elçi gəlib, əminə ərə gedirəm.

14 yaşlı bir dəliqanlı bunu sınıra bilmir və xəncərini çıxarıbanasını doğrayır və deyir:

- Mənim atamın yastığına başqa birkimsə baş qoya bilməz!

Nə isə…

Bununla da İbrahim xanla Məmməd bəy arasında bir düşmənçilik başlayır vəMəmməd bəy ölənədək bu düşmənçilik də davam edir. Amma bu düşmənçilik şəxsi münasibətdəolur, dövlətçilik məsələlərində yox. Yəni Məmməd bəy babası Pənah xanın üstündəŞahin quşu həkk olunmuş Qarabağ bayrağı uğrunda son damla qanınadək vuruşur. Dövlətçilikməsələsində əmisinə həmişə sədaqətlə qulluq göstərir.

Necə ki dövlətçilik baxımından Qacar da Kərəm xan Zəndin iqtidarına 19 il sədaqətlə qulluq eləmişdi.

Məmməd bəy də atası kimi xəyanətin qurban olur. 1797-ci ildə Şəki xanı Məmmədbəyi Şəkiyə dəvət edir və deyir ki, gəl qızımı verirəm sənə, həm də mən qocalmışam,bu xanlığı idarə elə. Məmməd bəy Şəkiyə gedir, orda da yeməyinə bihuşdar qatırlar,yatdığı çarpayıya sarıyırlar və aparırlar Şamaxı xanına hədiyyə.Şamaxı xanı da Məmməd bəyi qıyma-qıyma doğradır. Onda Məmməd bəyin 35 yaşı vardı.

Mən «Batmanqılınc»ı yazanda bu ikihadisəni yazmadım. 26-27 yaşım vardı,görünür, gücüm çatmayıb.


TƏQVİM / ARXİV